Ötən əsrin sonlarında Azərbaycanın tarixi müstəqilliyinə qovuşması ilə ölkədə milli-mənəvi dəyərlərimizə qayıdışın təmin olunması, azad, demokratik cəmiyyətin formalaşdırılması üçün əlverişli imkanlar yarandı.
Demokratik cəmiyyətin formalaşdırdığı dəyərələr isə öz növbəsində fikir və
düşüncə azadlığına, plüralizmə geniş meydan verdi. Ölkədə çoxsaylı qəzet və
jurnallar təsis olundu, yeni radio və televiziya kanalları yaradıldı. Zaman keçdikcə
isə qloballaşan dünyamızda yaradılan müasir informasiya-kommunikasiya
texnologiyaları, bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətin
sosiallaşmasına, sosial şəbəkələrin sürətlə həyatımıza nüfuz etməsinə gətirib
çıxardı.
Hazırda ölkəmizin çoxsaylı çap mediası arasında öz dəst-xətti, səsi, sorağı ilə
seçilən mətbu orqanlarından biri də "Azərbaycanım” beynəlxalq jurnalıdır.
Fəaliyyətə başladığı 12 il mətbuat üçün o qədər də uzun dövr sayılmasa da,
jurnalın kollektivi milli mətbuatımızın inkişafına, söz və fikir azadlığının
qorunmasına, ən başlıcası isə Azərbaycanın haqq səsinin dünya oxucusuna
çatdırılmasına mühüm töhfələr verməyə çalışıb.
Emil Nəsirlinin baş redaktorluğu ilə nəfis şəkildə hazırlanaraq dərc olunan
"Azərbaycanım” beynəlxalq jurnalı öz fakturasını, təhkiyə strategiyasını,
tərtibatını müasirləşdirərək, diaspor təşkilatları ilə və beynəlxalq qurumlarla
əməkdaşlığın davam etməsinə səy göstərib, müxtəlif mövzuları əhatə edən
məqalələrin, xəbər və müsahibələrin məzmunluluğu, onları təqdimetmə
formalarının orijinallığı, materialların janr tələblərinə uyğunluğu daim
oxucuların diqqətini cəlb edib. Yeri gəlmişkən, hazırda Azərbaycanı beynəlxalq
arenada layiqincə təmsil edən, öz fəaliyyəti ilə ölkəmizin təbliğatını yüksək
səviyyədə, heç bir təmənna ummadan həyata keçirən peşəkar jurnalistlərə ehtiyac
olduqca böyükdür. Emil Nəsirli çağdaş jurnalistikamızda azsaylı media qurumu
rəhbərlərindəndir ki, redaktoru olduğu jurnal vasitəsilə bu ehtiyacın
ödənməsində müstəsna xidmətlər göstərir. O, dünyanın 10-dan çox ölkəsinin
dövlət və hökumət rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimləri ilə görüşüb
onlarla Azərbaycan həqiqətləri, xalqımızın tarixi, mədəniyyəti, ölkəmizin
iştirakçısı olduğu beynəlxalq layihələrlə bağlı fikir mübadiləsi edən,
müsahibələr aparan jurnalistlərdəndir.
Qısa arayış: Emil Rüfət oğlu Nəsirli 1974-cü il iyulun 12-də Bakı şəhərində
anadan olub. 1981-1991-ci illərdə Bakı şəhəri M.Ə.Sabir adına 174 saylı orta
məktəbdə təhsil alıb. 1991-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetini
əmtəəşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Azərbaycan Sənaye
İnvestisiya Bankının "Təchizat” filialında kredit mütəxəssisi kimi
başlayan E.Nəsirli 1997-2000-ci illərdə burada mühasib və baş mühasib
vəzifələrində çalışıb. O, 2000-2005-ci illərdə Birləşmiş Universal Səhmdar
Bankında (BUS Bank) baş mütəxəssis, kredit şöbəsinin müdiri vəzifələrində
fəaliyyətini davam etdirib. 2005-2008-ci illərdə isə "Kapital Bank” ASC-də
kredit mütəxəssisi və bankın Sabunçu filialının müdir müavini vəzifəsində
işləyib. Respublikanın bank sferasında fəaliyyət göstərdiyi dövrlərdə dəfələrlə
uzun müddət fasiləsiz peşəkar xidmətinə görə rəhbərliyin təbrik məktubu, xüsusi
döş nişanları və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Emil Nəsirli
"Sərhədsiz Elm” Dünya Elmi Əməkdaşlıq Təşkilatının Mətbuat Xidmətinin
rəhbərinin müavini (Almaniya, Münhen), Ümumdünya Bioqrafiyalar Assambleyasının
(ABŞ, Nyu-York) birinci vitse-prezidenti və həmçinin Assambleyanın Azərbaycan
Nümayəndəliyinin prezidentidir.
2007-ci ildən etibarən öz fəaliyyətini jurnalistika sahəsində davam etdirməyi
qərara alan E. Nəsirli "Azərbaycanım” beynəlxalq jurnalını təsis edərək
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirib. Nəşrə
başladığı ilk günlərdən etibarən jurnal dünyada və ölkəmizdə baş verən
hadisələri obyektiv və dolğun işıqlandırmaqla yanaşı, Azərbaycan mətbuatının
inkişafına və təbliğinə mühüm töhfələr verməyi qarşısına məqsəd qoyub. Təsisiçi
və baş redaktor Emil Nəsirlinin, eləcə də yaradıcı kollektivin səmərəli fəaliyyəti
nəticəsində "Azərbaycanım” beynəlxalq jurnalı aylıq nəşr kimi nəinki
respublika ərazisində, eləcə də dünyanın müxtəlif ölkələrində yayılaraq özünə
geniş oxucu auditoriyası qazanıb.
Müraciət etdiyi mövzuların aktuallığı, özünəməxsus tərzi, müasir dizayn və
materialların təqdimatı jurnalın uğurlarında əsas rol oynayır. Qədim və zəngin
Azərbaycan mədəniyyəti, incəsənəti, multikulturalizm, dini tolerantlıq, qədim
adət-ənənələrdən bəhs edən məqalələr, ölkədə gedən hərtərəfli inkişaf,
adbadlıq-quruculuq işlərini əks etdirən materiallar jurnalı daha da maraqlı və
oxunaqlı edir. "Azərbaycanım” beynəlxaq jurnalı ölkəmizi, onun görkəmli
insanlarını, Azərbaycan diasporunun fəal nümayəndələrini, məşhur
həmyerlilərimizi oxuculara aydın və parlaq şəkildə tanıdır. Bununla yanaşı,
jurnal respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni
proseslər, dünyanın nüfuzlu şəxsiyyətləri, tanınmış iş adamları, siyasətçilər,
Azərbaycanın dostları və digər sahələrdə çalışan insanlar haqqında mütəmadi
məlumatlar verir. Son illərdə "Azərbaycanım” beynəlxalq jurnalı öz
fakturasını, təhkiyə strategiyasını, tərtibatını dəyişib, jurnal nömrələrinin
səhifə sayı artıb.
Müstəqil Azərbaycanı işıqlı gələcəyə aparan strateji istiqamətləri
müəyyənləşdirən ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideyasını dönmədən
həyata keçirməsi nəticəsində respublikamız bir dövlət kimi zamanın sərt və ağır
sınaqlarından çıxmış, çiçəklənən, müasir Azərbaycan bütün dünya
azərbaycanlılarının inam, ümid və pənah yerinə çevrilmişdir. Ümummilli
liderimiz dünyanın müxtəlif guşələrinə səpələnmiş soydaşlarımızı
Azərbaycançılıq məfkurəsi ətrafında bir yerə topladı, bir bayraq, bir amal
uğrunda birləşdirdi. Ümummilli lider Heydər Əliyevin soydaşlarımızın bir amal
uğrunda, azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsi istiqamətində
müəyyənləşdirdiyi strateji xətt öz bəhrəsini verməkdədir. İndi dünyanın hər
yerində yaşayan soydaşlarımız ölkəmizdə gedən inkişaf prosesi ilə maraqlanır,
Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında yaxından iştirak
edirlər. Artıq nəinki dünyanın hər bir ölkəsində, eləcə də ayrı-ayrı
şəhərlərdə, vilayətlərdə Azərbaycanın diaspor təşkilatları, cəmiyyətləri
yaranıb, Azərbaycan əleyhinə olan qüvvələrə qarşı mübarizə aparılır.
"Azərbaycanım” beynəlxalq jurnalı da ölkəmizin milli mənafe və
maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılması,
xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və dünya azərbaycan-lılarının
bir-birinə daha yaxından tanıtdırılması istiqamətində çoxşaxəli işlər görür.
Bu gün Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən möhtərəm
Prezidentimiz cənab İlham Əliyev diaspor quruculuğunu Azərbaycanın dövlət
siyasətinin tərkib hissəsinə çevirib. Dövlətimizin başçısı dünya
azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu kimi mühüm məsələləri
daim diqqət mərkəzində saxlayır. Ötən müddətdə Azərbaycan Prezidentinin
sərəncamları ilə Bakı şəhərində keçirilən dünya azərbaycanlılarının
qurultaylarında soydaşlarımızın Vətən, xalq naminə bir yumruq şəklində
birləşməsi üçün bir sıra vacib qərarlar qəbul olunub.
Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələrdən biri Dağlıq Qarabağ
probleminin həlli üçün dünya ictimaiyyətini, beynəlхalq təşkilatları,
Azərbaycanla maraqlanan qurumları daha çoх məlumatlandırmaqdır. Son illər
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq
imicinin formalaşması və diasporumuzun hərtərəfli inkişafında Heydər Əliyev
Fondunun dəstəyi ilə çoxsaylı tədbirlər, mühüm layihələr həyata keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyadakı Azərbaycanlı Gənclər
Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın əksər
ölkələrində həyata keçirilən "Xocalıya ədalət” kampaniyası çərçivəsində
Xocalı soyqırımının acı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində görülən işlər təqdirəlayiqdir. "Azərbaycanım” beynəlxalq
jurnalı da bu vacib təşəbbüslərə, mühüm layihələrə dəstək olaraq öz
səhifələrində bir sıra zəruri materiallar dərc edib oxucularına çatdırır.
Yeri gəlmişkən, hazırda Azərbaycan mətbuatının üzərinə düşən mühüm vəzifələrdən
biri də torpaqları işğal altında olan Vətənin haqq səsini dünyaya çatdırmaq,
Ermənistanın təcavüzkar siyasətinin əsl mahiyyətini dünyaya çatdırmaq, düşmən
dövlətin beynəlxalq ictimaiyyəti aldatmağa çalışan riyakar, yalançı təbliğatı
vaxtında ifşa etməkdən ibarətdir. Bu mənada "Azərbaycanım” beynəlxalq
jurnalı da təqdirəlayiq işlər görür, öz səhifələrində Azərbaycan həqiqətlərindən,
xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
faktlardan və təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin dünya
ictimaiyyətinə çatdırılmasından bəhs edən yazılara geniş yer ayırır. Digər
tərəfdən, jurnalın baş redaktoru Emil Nəsirli "Azərbaycanın dostu”
ordeninin təqdimolunma mərasimində görüşdüyü dövlət və hökumət başçıları,
nüfuzlu siyasət adamları ilə söhbətləri zamanı bu məsələni xüsusi vurğulayır,
Ermənistanın təcavüzkar siyasətinin acı nəticələri barədə dönə-dönə söhbət
açır.
Son illər dünyaya özünün sosial-iqtisadi inkişafın modelini təqdim etməyi
bacaran Azərbaycan, həm də multikulturalizm və tolerantlıq məkanı kimi tanınır.
Bu da ölkəmizin müsbət imicini formalaşdırır, beynəlxalq nüfuzumuzu daha da
artırır. Tarixən Azərbaycanda yaşayan etnik qruplar, müxtəlif dini məzhəblərin
nümayəndələri, azsaylı xalqlar sülh və əmin-amanlıq, dostluq və qardaşlıq
şəraitində fəaliyyət göstərmişdir. Bu da onu deməyə əsas verir ki, ölkəmiz
dünyada təkcə "qara qızıl” ixracatçısı deyil, həm də Azərbaycan
multikulturalizm və tolerantlıq modelinin dünyada aparıcı ixracatçısına
çevrilməkdədir. Son illər Azərbaycan mediası multikultural dəyərlərin təbliği,
multikulturalizmin Azərbaycanın özünəməxsus cəmiyyət quruluşu modeli kimi
təqdim olunması istiqamətində siyasi aspektləri qədərincə işıqlandıra bilir.
"Azərbaycanım” beynəlxalq jurnalı da gündəlik fəaliyyətində bu kimi
məsələlərə yüksək həssaslıqla yanaşır.
Təsadüfi deyil ki, 2010-cu ildə peşəkar yaradıcılıq fəaliyyətinə görə və
Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində yorulmaz
fəaliyyətinə görə "Azərbaycanım” beynəlxalq jurnalının redaktoru Emil
Nəsirli "Qızıl Qələm” media mükafatına layiq görülüb.
E. Nəsirli 2016-cı ildə "Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının kütləvi
informasiya vasitələrinin ən yaxşı nümayəndələrinin "İlin jurnalisti”
mükafatına layiq görülməsi ilə bağlı təşkil etdiyi müsabiqənin də qalibi olub.
Baş redaktor bu barədə belə deyir: "Azərbaycan diasporu bu gün özünün
inkişaf mərhələsini yaşayır. Artıq elə diaspor təşkilatlarımız formalaşıb ki,
onların fəaliyyəti nəticəsində ölkəmizin imici yüksəlib. Azərbaycan-Ukrayna
Beynəlxalq Alyansı da belə təşkilatlarımızdandır. Ötən müddətdə alyans
üzvlərinin səmərəli fəaliyyəti nəticəsində Azərbaycan-Ukrayna Beynəlxalq
Alyansı ölkələrimiz arasında iqtisadi, siyasi, elmi, mədəni, idman və turizm
əlaqələrinin inkişafına dəstək verilməsi istiqamətində uğurlu addımlar atıb.
Təşkilat Ukraynada yaşayan soydaşlarımıza hüquqi yardım göstərməklə yanaşı,
xalqımızın qədim adət-ənənələrini, zəngin mədəniyyətini özündə əks etdirən
silsilə tədbirlər həyata keçirməklə nüfuz qazanıb. Digər tərəfdən, onu da qeyd
edim ki, fəaliyyət göstərdiyi 12 il ərzində "Azərbaycanım” beynəlxalq
jurnalı geniş oxucu kütləsinin rəğbətini qazanan nüfuzlu nəşrə çevrilməyi
bacarıb. Jurnalımızda yalnız xəbərlər dərc edilmir, həm də Azərbaycan
diasporunun fəaliyyəti və nailiyyətləri işıqlandırır. "İlin
jurnalisti–2016” müsabiqəsi parlaq yaradıcılıq işlərini, KİV redaksiyaları
tərəfindən təşkil edilən ictimai aksiyaları və sosial əhəmiyyətli layihələri
müəyyən etmək, KİV işçilərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə
keçirilir və qaliblər barədə qərar ictimai rəy sorğusu və ekspert sorğusunun
nəticələri nəzərə alınmaqla müsabiqə komissiyası üzvlərinin səs çoxluğu ilə
qəbul edilir. Açığı, "İlin jurnalisti–2016” müsabiqəsinin qalibi
seçilməyim mənim üçün bir qədər gözlənilməz oldu. Mən bunu "Azərbaycanım”
beynəlxalq jurnalının kollektivinin uğuru kimi dəyərləndirirəm və hesab edirəm
ki, fəaliyyət göstərdiyimiz ötən illər ərzində biz KİV olaraq qarşımıza
qoyduğumuz məqsədlərə nail oluruq, MDB məkanında yaşayan soydaşlarımız, orada
fəaliyyət göstərən diaspor təşkilatlarımız və həmin təşkilatlarımızla əlaqələri
olan beynəlxalq qurumların nümayəndələri tərəfindən oxunuruq və izlənilirik.
Məhz bu tendensiya da "Azərbaycanım” beynəlxalq jurnalının əsas məqsədi və
amalıdır...
"Azərbaycanım” beynəlxalq jurnalı ölkəmizdə gedən inkişaf və tərəqqi
prosesləri, günün ictimai-siyasi mənzərəsi, sosial-iqtisadi və mədəni həyatda
baş verən yenilikləri müntəzəm işıqlandırmaqla yanaşı, bir sıra diqqətəlayiq
layihələr də gerçəkləşdirir. Bu baxımdan redaksiya şurasının qərarı ilə
"Azərbaycanın qüruru” və "Azərbaycanın dostu” ordenlərinin təsis
edilməsi diqqəti xüsusilə cəlb edir. Ötən müddətdə Azərbaycanın tərəqqisinin,
əzəmətinin və şöhrətinin artırılmasına töhfə verən müstəsna xidmətlərinə,
dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə, Azərbaycanla
digər ölkələr arasında ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni
əlaqələrin inkişafında müstəsna xidmətlərinə görə ölkəmizin bir sıra tanınmış
simaları "Azərbaycanın qüruru” ordeni ilə təltif olunub. Eyni zamanda,
Azərbaycan Respublikası qarşısında mühüm xidmətlərinə, azərbaycançılıq
ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin
möhkəmləndirilməsində xüsusi xidmətlərinə, Azərbaycanla digər dövlətlər
arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmaslında və inkişaf
etdirilməsində xüsusi xidmətlərinə görə bir sıra əcnəbi vətəndaşlar da jurnal
kollektivinin yekdil qərarına əsasən, bu yüksək mükafata layiq görülüblər.
Redaksiya şurasının qərarı ilə "Azərbaycanın qüruru” ordeninə layiq
görülənlərin siyahısında Azərbaycan Kitab Cəmiyyətinin sədri, Miniatür Kitab
Muzeyinin təsisçisi və direktoru Zərifə Salahova, Azərbaycan xarici işlər
nazirinin sabiq müavini, "ADA” Universitetinin rektoru Hafiz Paşayev,
Azərbaycan Respublikası Milli Məclisinin vitse spikeri Bahar Muradova, akademik
Sudeyf İmamverdiyev, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin
prezidenti, akademik Elçin Xəlilov, Azərbaycan Respublikasının Gürcüstan və
Moldovada sabiq fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru,
professor Namiq Əliyev, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti, Rusiya
Elmlər Akademiyasının akademiki Məmməd Əliyev, məşhur modelyer Fəxriyyə
Xələfova, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli
səfiri Polad Bülbüloğlu, Rusiyada fəaliyyət göstərən diasporumuzun
nümayəndələri olan iş adamları - "Kiyev Meydanı” şirkətinin Direktorlar
Şurasının sədri, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Qod
Nisanov, "Palmali” Şrirkətlər Qrupunun prezidenti, tanınmış iş adamı
Mübariz Mənsimov, Ümumrusiyа Аzərbаycаnlıları Kоnqrеsinin vitse-prezidenti, konqresin
Ural Federal Dairəsi üzrə regional bölməsinin sədri Şahin Şıxlinski və digər
nüfuzlu şəxslər yer alır.
Jurnalın Redaksiya Şurasının təsis etdiyi "Azərbaycanın dostu” Qızıl
Ordeni isə ölkəmizə və xalqımıza xüsusi rəğbəti ilə seçilən dövlət və hökumət
başçıları, nüfuzlu əcnəbi siyasət və mədəniyyət xadimləri üçün nəzərdə tutulub.
Ötən illər ərzində jurnalın redaksiya şurasının qərarı ilə Albaniya Prezidenti
İlir Meta, Şahzadə Don Torbyorn Paterno Kastello, Makedoniya Prezidenti George
ivanov, Türkiyənin sabiq prezidenti Abdulla Gül, Qaqauziya Başqanı xanım İrina
Vlax, Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq
Qrupunun rəhbəri Dmitri Savelyev, sabiq Ukrayna prezidenti Viktor Yuşşenko,
Ukrayna Yazıçılar İttifaqının sədri Mixail Sidorjevski ölkələrimiz arasında
dostluq əlaqələrinin qurulmasında, inkişafında və möhkəmləndirilməsində,
həmçinin elmi, mədəni, iqtisadi və siyasi sahələrdə qarşılıqlı səmərəli
fəaliyyətlərinə görə "Azərbaycanın dostu” qızıl ordeni ilə təltif ediliblər.
Bununla yanaşı, "Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurası
Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriunu dünya ictimaiyyəti
qarşısında Azərbaycanın ərazi bütövlüyünü təkidlə dəstəkləyərək və birbaşa
Ermənistan parlamentində çıxışı zamanı ermənilərin azərbaycanlılara qarşı
törətdikləri vəhşilikləri bütün dünyaya bəyan etdiyinə görə "Azərbaycanın
dostu” qızıl ordeni ilə təltif edib.
Göründüyü kimi, "Azərbaycanım” beynəlxalq jurnalı ölkəmizin haqq səsinin
və uğurlarımızın dünya arenasında tanınması, həmçinin Azərbaycanın
demokratikləşdirilməsi, söz və fikir azadlığının möhkəmləndirilməsi
istiqamətində üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlməyə çalışır.
Jurnal ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi
fəallığı ilə seçilən şəxslərə, habelə Azərbaycanın xaricdəki dostlarına daim
diqqət və həssaslıqla yanaşır.
Dövlət və millətlə bağlı məsələlərin çatdırılmasında mətbuatdan daha kəsərli
vasitə yoxdur. Ona görə də media dövlət və cəmiyyət üçün böyük dayaqdır. Bu
şərəfli yolun yolçuları olan jurnalın rəhbərliyinə və kollektivinə uğurlar
arzulayırıq.
S. Ağazadə, İqtisad üzrə fəlsəfə doktoru
![]()
![]()
![]()
![]()
![]()