Moskvadan Bakıya erməni hücumu
İrəvan Azərbaycana hücum taktikasını dəyişib
Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsində üçüncü qüvvələrin əli var.
İstiPress-ə müsahibə verən politoloq Fikrət Sadıqov bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin başçısı Mariya Zaxarovanın ÜAK-ın bağlanması barədə verdiyi açıqlamanı şərh edərkən bildirib.
"Rusiyada bizə hörmət edən qüvvələrin olduğuna şübhəm yoxdur. Həmin qüvvələr Azərbaycanla Rusiya arasında dost münasibətlərin olmasına çalışırlar. Amma Rusiyada bizə düşmən münasibət bəsləyən ermənipərəst qüvvələr də var. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsində ermənipərəst qüvvələrin əlinin olmasına heç bir şübhəm yoxdur. ÜAK Rusiya - Azərbaycan münasibətlərin yaxşılaşdırılması məsələsində çox iş görürdü, bu da ermənipərəst qüvvələri narahat edirdi”, - deyə Fikrət Sadıqov vurğulayıb.
Rusiya Federasiyası Ali Məhkəməsi mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiasını təmin edib. Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğunu iddia edirdi. Rusiya Ədliyyə Nazirliyi "İctimai təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq etdiyini iddia edir. Bu müddət ərzində ÜAK-da rəhbərlik dəyişib və 2016-cı ilin dekabr ayında tibb elmləri doktoru, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Fazil Qurbanov ÜAK-ın prezidenti seçilib. Lakin bu da Rusiya Ədliyyə Nazirliyini razı salmayıb və qurum ÜAK-ın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib və nəticədə ÜAK-ın bağlanmasına nail olub.
Əksər Azərbaycan ekspertləri bunu erməni diaspor təşkilatlarının iş sayır. Onların dediyinə görə, bir xeyli qabaq erməni diaspor təşkilatları Rusiya hüquq-mühafizə qurumlarına müraciət edərək, Ümumrusiya Azərbaycan Konqresinin casusluqla məşğul olduğunu iddia etmişdilər. Amma onda Rusiya kəşfiyyatı araşdırma apararaq bu iddiaların yanlış olduğunu bildirmişdi. Bu ekspertlərin fikrincə, bundan sonra, görünür, erməni diasporu ÜAK-ın fəaliyyətini dayandırmaq üçün Ədliyyə Nazirliyinin əli ilə iş görüb.
Bəzi ekspertlər isə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsini Rusiyanın Azərbaycana təzyiqi kimi dəyərləndirirlər. Bu çərçivədə Ermənistan və Rusiya qoşunları birləşdirilməsi və ona rəhbər erməni qoyulması, Rusiyanın Ermənistana "İsgəndər” raketləri verməsini, bir il ərzində Rusiyanın Ermənistana 3 milyard dollarlıq silah verməsi və s. göstərilir. Bu, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistanın Qarabağ münaqişəsinin həllində status-kvonu qorumaq cəhdi kimi qiymətləndirilir. Bu isə Ermənistanın işğal etdiyi torpaqlardan çıxmayacağı deməkdir.
Lakin Mariya Zaxarova ÜAK-ın bağlanmasında heç bir "erməni izinin” olmadığını sübut etməyə çalışır. Rusiya XİN-də çıxış edən Mariya Zaxarova ÜAK-ın əslən azərbaycanlı olan Rusiya vətəndaşlarının maraqlarını təmsil edən 260 qeyri-kommersiya təşkilatından biri olduğunu deyib:
"Federal səviyyədə Rusiya Azərbaycanlıları Gənclər Birliyi (AMOR), Rusiya Azərbaycanlı Təşkilatlarının İttifaqı, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti, Ümumdünya Azərbaycan Mədəniyyət Fondu uğurla işləyir”.
Lakin Fikrət Sadıqov İstiPress-ə müsahibəsində Mariya Zaxarovanın bu iddiası ilə razılaşmır: "Zaxarovanın sadaladıqları regional və ya spesifik təşkilatlardır, ÜAK isə Rusiyada yaşayan bütün azərbaycanlıların maraqlarını təmin edirdi. Bu təşkilat 2001-ci ildə ümumimilli lider Heydər Əliyevin dəstəyi ilə yaradılıb. Ona görə, bu təşkilatın bağlanması bütünlükdə Azərbaycanın Rusiyadakı mövqelərinə təsir edir”.
Buna görə, Fikrət Sadıqov bu təşkilatın fəaliyyətinin tezliklə bərpasını vacib sayır: "Biz Rusiyada maraqlarımızı daima təmin etməliyik. Bu, bizim balanslaşdırılmış siyasətimizin bir hissəsidir. Biz həm Qərbdə, həm də Rusiyada maraqlarımızı qorumalıyıq. Buna görə də, ÜAK fəaliyyətini bərpa eləməsə, tezliklə başqa ad altında buna oxşar bir təşkilat yaradılmalıdır”.
Miq.az