Niyə Sərkisyan bu 10 ildə 5 rayonu azad etməyib?-Politoloq
"Moskvada Azərbaycana simpatiyası olan və Dağlıq Qarabağ məsələsində bizim haqlı mövqeyimizi müdafiə edən bir neçə siyasi ekspert və jurnalist var, ara-sıra Bakıya da gəlirlər. Dəstəyə görə sağ olsunlar, ancaq başımızın altına yastıq qoymağa da ehtiyac toxdur. Açıqlama verirlər ki, guya Moskva Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə razı salıbmış, sadəcə Nikol Paşinyanın qəfil hakimiyyətə gəlişi bu planları pozub. Bu iddia yumşaq desək nağıla oxşayır, Serj Sərkisyan 10 ilə yaxın hakimiyyətdə idi, bəs Moskva bu illərdə nəyi gözləyib və niyə Sərkisyan bu 10 ildə 5 rayonu azad etməyib?"
Miq.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq Elxan Şahinoğlunun fikrincə, nə Sərkisyan 5 rayonu azad etmək istəyirdi, nə də Moskvanın bu məsələdə Ermənistanın keçmiş prezidentinə hər hansı təzyiqi olub. Sadəcə, Oleq Kuznetsov, Aleksandr Duqin və digərləri Ermənistanı tənqid etməklə yanaşı Azərbaycanda Rusiyanın müsbət imicini formalaşdırmağa çalışırlar. Yəqin tapşırıq elədir. Bu onların işidirsə, mənim də vəzifəm heç nəyə əsaslanmayan açıqlamalara inanmaq yox, Rusiyanın atdığı addımları analiz etməkdir. Ancaq mən onların hər həftə verdikləri açıqlamaları şərh etmək istəmirəm. Siyasətçinin sözlərini şərh etmək olar, ancaq siyasi ekspertin bir başqa ekspertin sözlərini hər dəfə şərh etməsini doğru saymıram. Ona görə jurnalist dostlarımdan xahiş edirəm mənə "Kuznetsov belə deyir, buna münasibətiniz necədir” və ya "Duqinin sözlərinə nə şərh verərdiniz” suallarıyla müraciət etməyin. Belə çıxır ki, onlar hər dəfə nəsə deyəcək, mən də bunu şərh etmək məcburiyyətində qalacam.
Miq.Az