Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısı keçirilir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısı keçirilir
Bolqarıstanın paytaxtı Sofiyada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” konfransı başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bolqarıstan prezidenti Rosen Plevnelievin himayəsi ilə keçirilən konfransda Avropanın qarşılaşdığı iqtisadi, siyasi və mənəvi problemlər, o cümlədən qaçqın böhranı ilə bağlı məsələlər müzakirə edilir.

 Konfransda miqrasiya dalğasının birbaşa təsir göstərdiyi Avropa İttifaqı ölkələrinin rəhbərləri – Bolqarıstan prezidenti Rosen Plevneliev, Makedoniya prezidenti George İvanov, Bosniya və Herseqovina prezidenti Mladen İvaniç, həmçinin Latviya, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Moldova, Polşa, Slovakiya, Ukrayna, Belarusun sabiq dövlət və hökumət başçıları iştirak edirlər.

Konfransı giriş sözü ilə açan R. Plevneliev Avropanın İkinci dünya müharibəsindən bəri çox dərin siyasi, iqtisadi və humanitar böhran yaşadığını bildirib: "Biz çox çətin dövrdə yaşayırıq, böhran səviyyəsi rekord həddə çatıb.
"Dövlətlərin süqutu, dondurulmuş münaqişələr, müharibə, terror Avropanın təhlükəsizliyini təhdid altına alır"

Dövlətlərin süqutu, dondurulmuş münaqişələr, müharibə, terror Avropanın təhlükəsizliyini təhdid altına alır. Bu təhlükəni hiss edən insanlar siyasətçilərdən böhranın həllinə yönəlmiş konkret fəaliyyət gözləyir”.

 R. Plevneliev milyonlarla insanın münaqişə bölgəsini tərk etməyə məcbur qaldığını, yüz minlərlə qaçqının Avropaya pənah gətirdiyini və yaşamaq uğrunda mübarizə apardığını vurğulayıb. Prezident yaranmış vəziyyətin qlobal miqyasda həlledici fəaliyyət tələb etdiyini deyib.
 Daha sonra çıxış edən Makedoniya prezidenti G. İvanov isə bildirib ki, Yaxın Şərqdən qaçqınların axını ilə əlaqədar ölkəsi çox ciddi humanitar fəlakətlə üz-üzədir: "Bu gün minlərlə qaçqın Makedoniyadan Avropaya daxil olmağa cəhd göstərir. Amma Avropa ölkələri bu qaçqınları qəbul etməkdə maraqlı olmadığından Makedoniya problemin ağırlığını tək daşımalı olur. Biz yaranmış vəziyyətdən çıxış yolu tapılmasında Avropadan daha çox yardım gözləyirik".
 Konfransda Polşanın eks-prezidenti Bronislav Komorovski, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, Belarus Ali Sovetinin keçmiş sədri Stanislav Şuşkeviç çıxış edərək konfransın təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər. Mərkəzin indiyədək gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayan siyasətçilər bildiriblər ki, hazırkı çətin geosiyasi vəziyyətdə Mərkəzin gördüyü işlər çox vacibdir.  

Daha sonra konfrans panel iclaslarla işini davam etdirib. İclaslrada Yaxın Şərqdəki qaçqın böhranı ilə əlaqədar Avropada yaranmış hüquqi, humanitar problemlərin, eləcə də Yunanıstan və digər Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərin həll yolları barədə geniş fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
Konfrans bu gün işini yekunlaşdıracaq.
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, eyni zamanda mərkəzin Qəyyumlar Şurasının sədri, AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az