Obama İlham Əliyevi təbrik edib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan
Prezidenti İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Amerika və dünya müsəlmanlarının Qurban bayramını
qeyd etdiyi bir vaxtda Mişel və mən Sizə ən səmimi təbriklərimizi
yetiririk. Biz vacib əməl olan Həcc ziyarətini uğurla başa vurmuş üç
milyon müsəlman zəvvarla birgə minlərlə ABŞ vətəndaşını da təbrik
edirik.
Həcc ziyarəti müxtəlif mənşə və ənənələrə malik
insanların ortaq bəşəri dəyərləri bölüşmək üçün bir araya gəlməsini
nümayiş etdirir.
Qurban bayramı həm sevinc və şənlik, həm də
xeyriyyəçilik və mərhəmət, dua və dərin düşüncə bayramıdır. Birləşmiş
Ştatlardan və dünyanın hər yerindən milyonlarla müsəlmanın İbrahim
peyğəmbərin oğlunu qurban verməyə hazır olmasını yad etməklə ehtiyacı
olanlara humanitar yardım göstərmələri məni ruhlandırır.
Dünyada iztirabların heç biri Birma, Nigeriya, İraq və Suriyada
münaqişədən qaçan, ağlasığmaz qəddarlıq və məhrumiyyətlərə düçar olan
günahsız kişi, qadın və uşaqların üzləşdikləri qədər açıq-aşkar deyil.
Biz bu durumda olan qonşularına qayğı göstərmək üçün əlindən gələni əsirgəməyən xalqları təqdir etməliyik.
Bu cür mərhəmət əməlləri bütün məzhəblərdən olan insanların ortaq
mənşə və dəyərlərini önə çəkir. Bu, mənim Prezident kimi tanış olduğum
və dəyərləndirdiyim dünya ictimaiyyətinin əsl simasını – mərhəməti,
müxtəlifliyi və əməkdaşlığı təcəssüm etdirir.
Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarına Qurban bayramı təbriklərimizi çatdırırıq.
Qurban bayramınız mübarək və Həcc ziyarətləriniz qəbul olsun".