Olimpiya çempionu prezidentin idman siyasətindən yazdı

Olimpiya çempionu prezidentin idman siyasətindən yazdı

Fərid Mansurov

 

Olimpiya çempionu 

 

“Gələcəyə Baxış” Gənclər Hərəkatı idarə heyətinin üzvü

 

İLHAM ƏLİYEVİN  GƏNCLƏR VƏ İDMAN  SİYASƏTİ AZƏRBAYCANIN MÜASIR TARIXININ ÇOX ŞƏRƏFLI BIR SƏHİFƏSİDİR

Biz hamımız, bütün Azərbaycan xalqı idmançılara yalnız uğurlar arzulayırıq və onların qələbələrini gözləyirik

Prezident İlham Əliyev

İqtisadi inkişaf  tempinə görə regionun lider dövlətinə, nüfuzlu söz sahibinə çevrilən Azərbaycan artıq sürətlə qloballaşan dünyada idman ölkəsi kimi də tanınır. Son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, paytaxt Bakının, eləcə də digər şəhər və rayonlarımızın çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etməsi, yeniyetmə və gənclərimizin qazandıqları saysız-hesabsız medallar bunun bariz nümunəsidir. Bütün uğurları beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilən Azərbaycan dövləti bu nüfuza sahib çıxmaq üçün qısa bir zaman kəsiyində sürətli və şərəfli inkişaf yolu keçib.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ölkənin idman həyatında da məqsədyönlü, düşünülmüş addımlar atdı. Məhz bu sahədə yüksəlişin əsası idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməklə qoyuldu. "Əgər biz hamımız idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini mütləq onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki sağlamlığını, mənəvi sağlamlığını təmin edəcəyik". Ümummilli liderin tövsiyə və qarşıya qoyduğu tarixi vəzifələri özünün çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi kimi qəbul edən Prezident İlham Əliyev idmanın kütləviliyini təmin etmək, Azərbaycanın idman şöhrətini yüksəltmək istiqamətində ardıcıl və çevik siyasət yürüdür.

Sir deyil ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı dünyanın aparıcı dövlətlərindən birinə çevirib. Siyasi və iqtisadi cəhətdən güclü dövlətə çevrilən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə nə qədər güclü beynəlxalq nüfuza malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Təbii ki, Azərbaycanın digər sahələri kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Bu gün ölkəmiz böyük quruculuq işlərinin həyata keçirildiyi məkana çevrilib. 

Paytaxtla yanaşı, hər bir bölgədə bu quruculuq işlərini müşahidə etmək mümkündür. Həmin tikinti-quruculuq işlərinin tərkib hissəsi kimi, Azərbaycanda güclü və müasir idman infrastrukturu formalaşdırılıb. 30-dan çox Olimpiya İdman Kompleksinin bölgələrdə inşa edilərək idmançıların ixtiyarına verilməsi dünya miqyasında görünməmiş hadisədir. Məlum olduğu kimi, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev idmanı inkişaf etdirmək üçün ilk növbədə idman infrastrukturunun yaradılmasının vacib olduğunu vurğulayaraq bu sahəyə xüsusi diqqət ayırdı. 

Bu siyasətdə xüsusi məqam isə ondan ibarət oldu ki, dövlət başçısı bu inkişafın paytaxtla məhdudlaşmasını istəməyərək onun bütün ölkəyə yayılmasını, idmanın kütləviləşdirilməsini təmin etdi. Nəticədə isə güclü idman bazası həm paytaxtda, həm də bölgələrdə yaradıldı və bu proses davam etməkdədir. Azərbaycan gəncləri müasir Olimpiya İdman komplekslərində idmanla məşğul olaraq sağlam nəsil kimi formalaşırlar. Əldə edilən nəticələr, yaradılan infrastruktur, idmançılarımızın qazandıqları medallar, Bakının dünyanın idman mərkəzlərindən birinə çevrilməsi dövlət siyasətinin nə qədər doğru olduğunu göstərir.

Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyinin diqqətindən yayınmamışdır. BOK-un prezidenti Jak Roqq Azərbaycan Milli Olimpiya Komitəsini digər ölkələrin milli olimpiya komitələrinə nümunə göstərmişdir. Məhz beynəlxalq idman təşkilatlarının arzusu və istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. 

Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir. Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi tanınır. MOK-un xəttilə uşaq və gənclərin problemlərinin ardıcıl olaraq həll edilməsi, onların imkan və bacarıqlarınının üzə çıxarılması, inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin fəaliyyətinin ən mühüm istiqamətlərindən birinə çevrilmişdir.

Yeri gəlmişkən, əksər beynəlxalq eskpertlər tərəfindən Azərbaycan idmançılarının favorit göstərilməsinin arxasında məhz həyata keçirilən böyükmiqyaslı iş dayanır. Məsələ ondadır ki, ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Məhz bu kontekstdə Olimpiya hərəkatı geniş vüsət alıb. Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycanda idmanın inkişafında böyük rol oynayır. Xüsusilə, dövlət başçısı İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi idman sahəsinə göstərdiyi özəl diqqət Azərbaycanı dünya Olimpiya hərəkatının ən fəal və lider üzvlərindən birinə çevirib. Yeri gəlmişkən, qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyi beynəlxalq konqreslərdə dəfələrlə Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini digər analoji qurumlar üçün nümunə göstərib. Heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında idmanın inkişaf etdirilməsini, Olimpiya hərəkatının geniş vüsət almasını ölkənin ümumi inkişafı fonunda dəyərləndirmək lazımdır. Çünki ölkə iqtisadi cəhətdən inkişaf etməsə, ayrıca hansısa bir sahənin, o cümlədən, idmanın inkişafından danışmaq mümkün deyil. Ona görə də, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib. Yuxarıda da qeyd etdiyimiz kimi, bu inkişafdan idmana da pay düşüb.

Tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbulu ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Bu, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından xəbər verir. Dövlətimiz öz tarixində ilk dəfə olaraq 2015-ci ildə Avropa Olimpiya Oyunlarını keçirməklə Azərbaycanın müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaqdır

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Məhz bu amilləri nəzərə alan Avropa Olimpiya Komitəsi 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Şübhəsiz, Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurdur. Prezident İlham Əliyev də xalqa təbrikində bu qərarı tarixi uğur kimi dəyərləndirib: “Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları  keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur”

Dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, idman həyatımızın ayrılmaz hissəsidir: “İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Bu sahədə əldə edilən uğurlar, əlbəttə ki, bizi gələcək uğurlara sövq edir. Biz əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Yalnız və yalnız gələcəyə baxmalıyıq ki, daha da böyük qələbələr əldə edək”.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az