Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu
rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş
hazırlığını yoxlayıb.
Müdafiə naziri yüksək dağlıq şəraitdə,
ağır və çətin relyefə malik bölgələrdə düşmənlə bilavasitə təmas
xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların döyüş
hazırlığı, təminatı, sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyəti
ilə maraqlanıb.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki,
şəxsi heyətlə keçirilən görüşlərdə müdafiə naziri Ali Baş Komandanın
Silahlı Qüvvələrimiz qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə
çatdıraraq bildirib:
"Bayram günlərində ön xətdə, səngərlərdə
yerləşən bölmələrin ziyarət olunması, şəxsi heyətlə görüşlərimiz artıq
Müdafiə Nazirliyinin rəhbər heyətinin ən əsas vəzifələrindən birinə
çevrilib. Biz bu günlərdə yüksək, sıldırım dağ zirvələrində keşik çəkən
qəhrəman övladlarımızla görşüdük. Azərbaycan əsgərinin düşmən
ərazilərini, mövqelərini, yaşayış məntəqələrini daim nəzarətdə
saxlamaqla istənilən anda qarşıya qoyulan döyüş tapşırığını yerinə
yetirməyə hazır olmasının şahidi olduq.
Ön xətdə olarkən xidmət
müddəti başa çatan, Silahlı Qüvvələrdən tərxis edilməyə hazırlaşan
təcrübəli həqiqi hərbi xidmət hərbi qulluqçularının necə israrla xahiş
edib səngərlərdə qalaraq xidmətlərini davam etdirmələri və düşməni işğal
altındakı torpaqlardan qovmaq əmrinə hazır olduqlarını gördük. Bu,
gənclərimizin, ümumilikdə xalqımızın döyüş ruhunun yüksək səviyyədə
olmasının bariz nümunəsidir.
Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına həsr
olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən
yüksək qiymət bizi ruhlandırır. Prezidentin "bir həftə ərzində
Ermənistanda daş daş üstündə qalmaz” fikri ən müasir silah-sursat,
maddi-texniki təminata malik ordumuzun qarşıya qoyulan istənilən döyüş
tapşırığını yerinə yetirmək qüdrətində olan Azərbaycan əsgərinin
dünyanın güclü ordularının hərbçiləri sırasında olduğunu sübut edir.
Xalqımız bilməlidir ki, düşmənə müxtəlif istiqamətlərdə zərbə
endirərək böyük itkilərə məruz qoyan, əməliyyat şəraitində təşəbbüsə
yiyələnən Azərbaycan əsgəri sübut etdi ki, düşməndən hər cəhətdən
üstündür. Silahlı Qüvvələrimiz hərbi güc tətbiq etməklə ən əsas və
müqəddəs borcunu - işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad
etməyə hazırdır. Silahlı Qüvvələrimiz gecə-gündüz təlim mərkəzlərində,
səhra çıxışlarında döyüş vərdişlərini təkmilləşdirməklə bu müqəddəs
günün yaxınlaşması üçün inamla çalışır. Ordumuz qısa bir müddətdə
şəhidlərimizin qisasını almağa tam hazırdır.
Sizi Ramazan bayramı
münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm. Hər birinizə möhkəm
cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar
arzulayıram”.
Müdafiə Nazirliyinin rəhbərliyi
yüksəkliklərdəki postların müdafiə qurğuları, silah-sursat, döyüş
texnikasının vəziyyəti, əsgər yataqxanası, xidməti otaqlar, səhra
hamamı, saxlanclar və digər obyektlərə baxıb, hərbi qulluqçularla
birlikdə nahar edib, onların istək və arzularını dinləyiblər.
Müdafiə naziri şəxsi heyəti bayram münasibətilə təbrik edərək dağlıq
ərazilərdəki ön səngərlərdə yerləşən hərbi qulluqçulara bayram
sovqatları təqdim edib, xidmətdə fərqlənənləri qiymətli hədiyyələrlə
mükafatlandırıb və şəxsi heyətlə xatirə şəkli çəkdirib.
Müdafiə naziri ərazinin relyefi, spesifikası nəzərə alınmaqla yüksək
dağlıq şəraitində xidmət keçən şəxsi heyətin xüsusi hazırlığına diqqətin
daha da artırılması, onların döyüş tapşırıqlarını istənilən anda dəqiq
və vaxtında yerinə yetirmələrinə dair müxtəlif məşq və hazırlıqlarının
davam etdirilməsi ilə bağlı komandir heyətinə müvafiq tapşırıqlar verib.