Peşəkarlar arasında beynəlxalq mini futbol turniri

Peşəkarlar arasında beynəlxalq mini futbol turniri

Turnirin qalibi “Heydər Əliyev Kuboku”nu əldə edib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Odlar Yurdu Təşkilatının birgə təşkilatçılığı ilə Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futzal turniri keçirilib. Turnirdə "Araz", "Neftçi" İSM, "Ekol" və İngiltərənin "Baku United" (London) klubları iştirak edib. Turnirin təşkilatçıları və iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyublar.

İlk oyun günü "Araz" 4:2 hesabı ilə "Ekol" komandasını, "Neftçi" İSM isə 2:1 hesabı ilə "Baku Yunayted" komandasını məğlub edərək finala yüksəlib. "Neftçi" ilə "Baku Yunayted"in oyunu xüsusi gərginlik şəraitində keçib. Azərbaycanın peşəkar futzal komandalarından olan “Neftçi” sürətli və kəskin oyun nümayiş etdirib. “Baku United” oyununu müxtəlif kombinasiyalar üzərində qurarar həyata keçirsə də, “Neftçi”nin kəskin hücumlarına tab gətirməyib və 1 xal fərqi ilə uduzub. Xatırladaq ki, İngiltərədə futzal liqası yarıpeşəkar formadadır və “Baku United” da bu liqanın favorit komandalarından biridir.  

Növbəti gün komandalar üçüncü, ikinci və birinci yerlər uğrunda mübarizə aparıblar. III yer uğrunda qarşılaşmada  "Baku Yunayted" 7:6 hesabı ilə "Ekol"a qalib gəlib. Final oyununda "Neftçi" İSM komandasını 4:2 hesabı ilə məğlub edən "Araz" turnirin qalibi adını qazanıb. Tamaşaçılar oyunları qizğın alqışlarla izləyiblər. Onların arasında olan hökumət rəsmiləri, deputatlar, idman federasiyalarının rəhbərləri də həvəslə komandaların oyununa reaksiyalarını bildiriblər.

Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. Odlar Yurdu Təşkilatının sədri İlham Nağıyev turnir iştirakçılarını təbrik edib. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan bu turnir qeyri-adiliyi ilə seçilir. Turnirin bütün iştirakçı komandaları Azərbaycanla bağlıdır. “Araz”, ”Neftçl” və ”Ekol”  Azərbaycanın şərəfini qoruyur, İngiltərə liqasında çıxış edən “Baku United” isə paytaxtımızın adını daşıyır. İlham Nağıyev əcnəbi komandanın Bakıda çıxışını idmansevərlər üçün də maraqli olduğuna əminliyini vurğulayıb.  

Bundan sonra komandalar təltif olunub. Münsiflərin qərarı ilə “ən yaxşı oyunçu”, “ən çox qol vuran oyunçu” və “ən yaxşı qapıçı” diplomları, eləcə də medallar və kubok verilib. Mükafatları komandalara Odlar Yurdu Təşkilatının sədri İlham Nağıyev, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov və millət vəkili Ceyhun Osmanlı təqdim edib.  AFFA iştirakçıları xüsusi hədiyyələrlə də sevindirib. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az