Qanunun geriyə qüvvəsi yoxdur, qanunsuzluğun ədalətli həlli isə gələcəyin borcudur!

Qanunun geriyə qüvvəsi yoxdur, qanunsuzluğun ədalətli həlli isə gələcəyin borcudur!
Qanunun geriyə qüvvəsi yoxdur,
qanunsuzluğun ədalətli həlli isə gələcəyin borcudur!


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mheriban xanım Əliyevaya açıq məktub əvəzi

Əlimdə üç səhifədən ibarət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatası hakimlərinin qərardadı və bu Məhkəməyə müraciət etmiş 15 saylı Hüquq Məsləhətxanasının vəkili Abdul Bağırova ünvanlanan cavab var.
Əlimdə üç səhifədən ibarət 15 saylı Hüquq Məsləhətxanasının vəkili Abdul Bağırovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayeva müraciəti var.
Ümid etmək olardı ki, professional hüquqşünasa, hazırda isə vəkilliklə məşğul olan birinə Konstitusiya Məhkəməsinin hakimləri rəsmən qanunu görməzlikdən gəlmələrini ifadə edən cavab yazmağa cəsarət etməzlər. Amma və lakin... ediblər!
Bu, qanunun bitdiyi yerdir!
Bu, vətəndaşın müdafiəsinin də bitdiyi andır!
Bu, vətəndaşın Konstitusiyadan, hüquq-mühafizə orqanlarından, ən sonda ən ali ədliyyə orqanından əlini çəkməyə məcbur olduğu andır!
Burada həm də vəkillik institutu bitir!
Burada həm də vətəndaş artıq aidiyyəti olmayan ünvana üz tutmağa, göydə Allahdan, yerdə... Mehriban Əliyevadan imdad diləməyə məcbur olur!
Allah Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləmir. Bunun üçün Konstitusiya, müvafiq qanunlar məcəlləsi var - amma və lakin, neyləyək ki, birinci instansiya məhkəməsindən ta sonuncuya qədər səlahiyyət sahibləri müvafiq qanunları tapdalamaqla, üstəlik də Konstitusiyanı vecinə almamaqla, sıravi bir serjantın icraçılığı ilə startı verilmiş qisasçılığı axıradək müdafiə etmişlər!
Mehriban xanım Əliyeva ədliyyə naziri, Konstitusiya Məhkəməsinin sədri, Baş prokuror, daxili işlər naziri deyil - bilirik!
Amma Mehriban xanım Əliyevaya bu müraciəti ünvanlamaqda hətta Birinci vitse-prezident təyin olunmasaydı da belə, israrlı olacaqdıq.
Çünki... biz bilirik ki, məmurların, eləcə də ədliyyə orqanlarının təmsilçiləri içində nəinki xalqa, dövlətə, qanunlara, hətta əməlləri ilə Prezidentə xəyanət etməyə cəsarət sərgiləyənlər var, gözləri çıxarılmış qardaşlarından ibrət götürməsələr də. Ancaq Mehriban xanım Əliyeva həm Birinci Ledi, eyni zamanda həm millət vəkili, həm Heydər Əliyev Fondunun rəhbəri, həm beynəlxalq nüfuzlu təşkilatların xoşməramlı səfiri olaraq, Ona çatdırılan bütün problemlərin və ədalətsizliklərin həmən aradan qaldırılmasında göstərdiyi operativliklə Ədalət Mücəssəməsi misalı ölkəmizin və cənab Prezidentin imicini yüksək səviyyədə qoruyur!
Düşünmək belə dəhşətlidir ki, ölkədə hamının bərabər olduğunu xüsusi vurğulayan, hər zaman məmurlara obyektiv olmağı, qanunlara ciddi riayət etməyi kəsinliklə tapşıran cənab Prezidentin avtoşluqla bağlı məlum müşavirədəki çıxışını dərhal da qisas mənbəyinə, vəsiləyə çevirən naxələflər var!
Və mən tam səmimiyyətlə, həm də əminliklə Mehriban xanım Əliyevanın nəzərinə məhz bu faktı çatdırmaq istəyirəm. Kimin kimdən xoşu gəlmirsə, İlham Əliyevin çıxışını dəstavuz edib cəza, axtarış müddəti bitmiş və hətta ictimai təhlükəlilik dərəcəsi sıfırdan da aşağı olan əməldən yapışaraq, cinayət məcəlləsinə əlləri çatmadığından inzibati xətalar məcəlləsindən yapışaraq-yararlanaraq, belə cəsarətdə bulunurlar!

Əslində isə, mən hüquqları pozulmuş Tural Əliməmməd oğlu Həsənova, gözgörəti professional hüquqşünas, vəkil Abdul Bağırova saymazyana "gedin o yanda oynayın" münasibəti göstərən məhkəmə hakimlərinə jurnalist kimi sual vermək səlahiyyətimdən sui-istifadə edirəm: doğrudanmı, siz nütfəsində qisas duran bu prosesə polis serjantını cəlb etməklə start verilməsini özünüz üçün yəqin edə bilmədiniz? Doğrudanmı, sizlər Tural Həsənovu ittiham etdiyiniz əməldə birbaşa iştirakı sübut olunmadığı halda belə təqdim olunan sübut və dəlilləri görməzlikdən gələndə fərqinə varmadınız ki, bu münasibətiniz ölkə Prezidenti cənab İlham Əliyevin nəzərinə çatdırıla bilər? Doğrudanmı, sizlər Möhtərəmin hüzurunda da yalan danışmağa cəsarət edəcəksiniz və deyəcəksiniz ki, siz müşavirədə dediniz, biz də Sizin çıxışınızdan iki il əvvəl törədilmiş əmələ görə inzibati xətalar məcəlləsindən yararlanıb həm Tural Həsənovun özünü Daxili İşlər Nazirliyindən, həm də atasını gömrük komitəsindən işdən çıxartdırdıq? Doğrudandamı, məmurlara qudurğanlıq etmələrini, onların balalarının özbaşınalığını bağışlamayacağını deyən cənab İlham Əliyevə deyəcəksiniz ki, sizin çıxışınıza istinad edib qurama bir ittihamla ata-balaya qarşı olan qisas əməliyyatına start verdik və ANS-lə bunu reklam elədik - nə avtoşluq edənin üzü görünür, nə maşının nömrəsi? Doğrudandamı, sizlər - Suraxanı rayon məhkəməsinin hakimi Samir Məmmədov (indi Nərimanov rayonuna transfer olunub) və Bakı Şəhər Apellyasiya Məhkəməsinin hakimi (Sahibxan Mirzəyev), - cənab Prezidentə yalan danışa biləcəksiniz ki, İnzibati Xətalar Məcəlləsinin cəriməsi 250 manat olan 151-1.4 maddəsi ilə ittiham etmək əvəzinə, həmin məcəllənin 296-1.1 maddəsiylə ittiham etdik ki, 1 il sürücülük hüququndan və 1 ay da azadlıqdan məhrum edək, qoy xalq görsün ki, sizin dedikləriniz həyata keçiririk, bununla da oğulu DİN-dən, atanı Gömrük Komitəsindən qovdururuq?
Gömrükdə 23 il fasiləsiz ən azından rəis işləmiş bir adamın xarakteristikasını dəqiqləşdirməyə nə var ki? Belə çıxır ki, Kəmaləddin Heydərov "qudurğan" birinə rəislik, vəzifə etibar edirmiş? Yainki Aydın Əliyev? Axı hər ikisindən soruşmaq olardı və yaxud da tərcümeyi-halına baxmaq olardı? Axı Əliməmməd Həsənov cənab İlham Əliyevin fərmanı ilə "Dövlət qulluğunda xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. Üstəlik də mən uzun illərin müşahidəsindən sonra dəqiq o qənaətdəyəm ki, istər Kəmaləddin Heydərov, istərsə də Aydın Əliyev komandaya sadiq olmayan, punktuallığı ilə seçilməyən, professionallığı ilə başqalarından fərqlənməyən birinə heç vaxt nəinki rəislik, hətta gömrük sistemində hamballıq işini də etibar etməz!
Hər zaman belə "festival-qətllərin kinoteatrı" ANS isə öz xidmətini göstərməkdən çəkinməyib bu prosesdə!
Doğrudanmı, sizlərdə bu cəsarət var?
Doğrudanmı, Azərbaycan Respublikası adından hökm vermək şərəfi etibar olunmuş adamlar kimlər üçünsə qisas missiyasını da yerinə yetirməyi özlərinə rəva görürlər?
Mən hüquqşünas deyiləm, amma həyat məni məcbur edib ki, hər zaman hüquqi savadımı artırım. Bu baxımdan deyirəm ki, etirazda bulunacaq hakimlər bilsin ki, "əşşi, jurnalistdi də yazır" replikası mənim ünvanım üçün səslənə bilməz!
Keçək konkretliyə.
Birinci instansiya məhkəməsində keşirilmiş məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı Şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Polisi Xidməti Alayının yol patrul xidməti inspektoru, polis baş serjantı  Qarayev Habil Mirzəağa oğlu bildirmişdir ki,  Həsənov Tural Əliməmməd oğlu 09 yanvar 2014-cü il tarixdə Bakı şəhər Zığ yolunun 11-ci kilometrində "BMW X-6M" markalı 10 BC 109 dövlət qeydiyyat nişanlı minik avtomaşınını yüksək sürətlə idarə etmiş, başqa bir avtomaşınla yarışaraq ziqzaq trayektoriyalarla davamlı hərəkətlər etmiş, bununla da digər hərəkət iştirakçılarının hərəkəti, həyat və sağlamlıqları üçün təhlükə yaratmış, avtomaşına quraşdırdığı çoxavazlı siqnallarla cəmiyyətin diqqətini özünə cəlb etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmişdir və... bu protokolla, protokolun belə tərtibiylə Tural Həsənovun və atasının ləkələnməsinə verilən sifariş start götürmüşdür.
Niyə sifariş olduğu başından bəllidir?

İzah edirik: Tural Həsənovun, - hərçənd həmin gün sükan arxasında maşın ustası olan dostu olsa da və maşının texniki imkanlarına bələdlik üçün sürəti artırsa da, bütün sübut-dəlilləri nəzərə alınmayaraq, məhz onu ittihama girişsələr də yenə də "qara köynəyi ağ sapla" tikmişlər , - İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə mühakimə olunması absurddur. Qanunlara tüpürməkdir! Çünki... Bakı şəhər Suraxanı rayon İH-dən verilən arayış da sübut edir ki, Tural Həsənov istəsə belə, cəmiyyətə açıqca hörmətsizlik edə bilməz, cəmiyyətin diqqətini özünə çəkə bilməz, ictimai qayda və əhalinin dincliyini nümayişkaranə şəkildə poza bilməz!
11-ci kilometrdə yaşayış sahəsi yoxdur! Yolun 7,5 kilometrliyində "Bahar bağları" yaşayış massivi bitir, 11,9 kilometliyində Hövsan yaşayış massivi başlayır! İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə ittihama başlamaq Cinayət Prosessual Məcəlləsindən bixəbərlik, Konstitusiyanı isə vecinə almamaqdır bu halda...
Nə qədər düşmənçilik olsa da, uzaqbaşı, uzaqbaşı Tural Həsənovu sürəti artırmaqda ittiham etmək olardı, üstünə də çoxavazlı siqnallardan istifadəni gəlib, 250 manat cərimə edib, qınaqla məsələni çözmək olardı.
Suraxanı məhkəməsinin hakimləri buna göz yumub!
Bakı Apellyasiya Məhkəməsinin hakimləri buna göz yumub!
Konstitusiya Məhkəməsi isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə sayğıyla yanaşmaqdansa, "Konstitusiya Məhkəməsi haqqında Qanun"la manipulyasiya etmişdir, halbuki mübahisəli məqamda daha üstün qanuna istinad məqsədəuyğundur!
Hörmətli Mehriban xanım Əliyeva!
Mən anlayıram ki, adlarını sadaladığım cavabdehlərin bizlərə yalan deməyi, bizləri aldatmağı, bizləri nəzərə almayıb, qanunla manipulyasiya etmələri mümkündü, buna istər öz həyatımda, istərsə də vətəndaşlarımızın taleyində dəfələrlə rast gəlmişəm 30 illik jurnalistlik fəaliyyətimdə, amma və lakin... mən bunu həzm edə bilmirəm və dəhşətə gəlirəm: doğrudandamı bu tip insanlar İlham Əliyevin imicinə kölgə salacaq qədər cəsarətli, hansısa səlahiyyətlinin sifarişi qarşılığında qanunların ağası ola bilirlər?
Mən əminəm ki, qanunun geriyə qüvvəsi yoxdur, amma qanunsuzluğun ədalətli həlli gələcəyin borcudur!
Siz bu an həm qanunların, həm də sifariş qurbanı olmuş ata-oğulun xilas ünvanısınız!
Söhbət həm qanunlarla, həm vətəndaşların taleyi ilə, həm də ölkə Prezientinin vətəndaşların əmin-amanlığı üçün söylədiyi fikirlərin üstündə yapılan manipulyasiyadan gedir! Yoxsa ki kimsə işdən çıxarıldı, ya da hansısa cəza təyin edilərkən humanizm nəzərə alınmadı qəsdində deyilik!

Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az