Qarabağ üçün son yay ola bilər
Ermənistanda baş qaldıran etirazların yaxın vaxtlarda azalacağı
gözlənilmir. Bu dəfə suyun qiyməti ilə bağlı müzakirələrin gündəmə
gəlməsi hökumətə qarşı nifrəti daha da artırıb.
Ermənistanda cərəyan edən hadisələri millət vəkili, politoloq Rasim Musabəyov şərh edib.
- Ermənistandakı hadisələrin inkişafını necə qiymətləndirirsiniz?
- Mənə elə gəlir ki, Ermənistanda mövcud gərginlik getdikcə artacaq.
Bunu aradan qaldırmaq üçün isə Ermənistan hökümətinin heç bir imkanı
yoxdur. Hazırda Rusiyadan pul köçürmələrinin həcmi 40 faiz azalıb. Eyni
zamanda Ermənistanın ixracat potensialı da təxminən bərabər miqdarda
aşağı düşüb, büdcə boşalıb. Sabah dövlət insanların təqaüdlərini və
hərbiçilərin əmək haqlarını ödəyə bilməyəcək. Təbii ki, belə olan halda
ölkədə gərginlik artacaq. Vaxt ötdükcə Ermənistanda sosial gərginlik
sonda siyasi gərginliyə yol açacaq.
- Həftənin ilk günlərində polisin aksiyanı dağıtmasından sonra
etirazların yatırıldığını zənn etmək olardı. Amma bir neçə saatdan sonra
isə müxalif düşərgənin liderləri siyasi təşkilatlanmanın həyata
keçiriləcəyini elan etdilər. Bunun sonu sizcə nə ilə nəticələnəcək?
- İrəvanda havalar isti keçir. 30 dərəcə isti var. Dövlət elektirik
enerjisi tariflərinin qiymətini 6 ay ərzində təxirə salındığını nəzərə
alsaq, onda görərik ki, aksiyada iştirak edənlərin böyük bir hissəsi
meydandan çəkilib. Ancaq aksiya təşkilatçılarının məhz müxalif siyasi
partiyalarla birləşməsinə gəlincə isə onu demək olar ki, Ermənistanı çox
gərgin, isti payız gözləyir.
ANS
- Xarici dövlətlərin, yəni Rusiyanın təsiri burada özünü göstərirmi?
- Rusiya az da olsa, etdiyi yardımla hökümətin vəziyyətini bir qədər
yaxşılaşdırmağa çalışdı. Rusiya vəd verib ki, qazın qiymətini 30 dollar
azaldacaq. Eləcə də Rusiya hərbi sahənin inkişafı məqsədilə Ermənistana
200 milyon dollar məbləğində kredit ayırıb. Bundan başqa Rusiya
Ermənistandakı "Metsamor” Atom Elektrik Stansiyasının yenidən qurulması
üçün kredit ayıracağını bildirib. Amma nəzərə alsaq ki, bütün bunlar
hamısı sadəcə olaraq vəddir və onların həyata keçirməsi ilə bağlı dəqiq
bir tarix göstərilməyib. Bununla yanaşı Ermənistanın dövlət büdcəsi də
boşdur. Belə olan halda hər hansı bir dövlət Ermənistana nağd şəklində
pul verəsi deyil. Qərb Ermənistana müəyyən məbləğdə kredit verib.
Kreditlər konkret olaraq nəzərdə tutulmuş layihələrin həyata
keçirilməsinə ayrılıb. Digər bir yandan da Ermənistan bundan öncədən
götürdüyü kreditləri geri qaytarmalıdır. Onların belə bir vəziyyətdən
çıxmaları üçün yolları yoxdur.
- Sanki Ermənistanda baş verənlər, 20 il əvvəl Azərbaycanda baş verən
vəziyyəti, yəni daxildəki gərginliyi xatırladır. Sizcə Ermənistandakı
mövcüd siyasi gərginlik, vəziyyətin nəzarətdən çıxması bizdəki kimi
torpaqların itirilməsi ilə nəticələnə bilərmi?
- Ermənilər hər zaman daxildə baş verən belə vəziyyətlərdən çıxmaq üçün
xarici faktordan istifadə edirlər. Gərginlik baş verən zaman
Ermənistanın Müdafiə Nazirliyi və digərləri bəyan edirlər ki, daxildə
gərginlik artacağı bir vaxtda Qarabağı itirə bilərik. İstisna etmirəm
ki, iqtidar təxribatlara əl atcaq. Ola bilsin ki, yayın sonu, payızın
əvvəlində cəbhə xəttində ermənilərin təxribatı nəticəsində gərginlik
artacaq.