Qaysaqlanmayan faciənin ağrısı

Qaysaqlanmayan faciənin ağrısı
 
Günlər var ki,fəlakət və hüznlə doludur,ürək ağrısı ilə xatırlanır və unudulmur.31 Mart-Dünya Azərbaycanlıların Soyqırımı Günü belə günlərdəndir.Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.Azərbaycanlıların kütləvi surətdə qırğını,repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilib və didərgin salınması XX əsr tarixinin ən dəhşətli və faciəli səhifələrindəndir.

Fikrimizcə,Azərbaycan-Türkiyə torpaqları hesabına "Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün ermənilərin türklərə,azərbaycanlılara qarşı törətdikləri cinayətləri,soyqırımını 5 mərhələyə bölmək olar:

Birinci mərhələ - XVII əsrdən -1905-ci ilə kimi olan dövr;
         
İkinci mərhələ - 1905-ci ildən -1914-cü ilə kimi olan dövr;
        
Üçüncü mərhələ - 1914-cü ildən -1920-ci ilə kimi olan dövr;

Dördüncü mərhələ - 1948-ci ildən -1953-cü ilə kimi olan dövr;

Beşinci mərhələ - 1988-ci ildən sonrakı dövrlər.

"Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir.Həmin vaxt Bakıda,Naxçıvanda,Zəngəzurda,İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. ​​​​​​​​​​​1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar.1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edilib,Bakıya göndərildi.Həmin vaxtdan "Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq,daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur planı həyata keçirməyə başlamışdır.​1918-ci ilin martında Bakıda vəziyyət son dərəcədə gərgin idi.Qeyd etmək lazımdır ki,Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman Korpusunun komandiri general Talışinskinin həbs edilməsi şəhərin türk-müsəlman əhalisinin ciddi narazılığına səbəb olmuşdu.Erməni daşnaqlarının isə şəhərin müsəlman əhalisi ilə bolşeviklər arasında silahlı toqquşma törətmək planları o vaxt baş tutmamışdı.Azərbaycanın siyasi xadimləri və ziyalılarının səyi ilə bu toqquşmanın qarşısı alınmışdı.Mart ayının 15-də Bakı Sovetinin iclasında Şaumyanın "Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir" göstərişi əslində azərbaycanlılara qarşı soyqırımına başlamaq üçün çağırış rolunu oynadı.Milli qırğına başlamaq üçün bəhanə isə martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət "Evelina" gəmisinin tərk-silah edilməsi oldu. Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən İnqilabi Müdafiə Komitəsi yaradılır.​​​​​​​​​​Erməni daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik,eser,kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi,daha doğrusu,Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər.Erməni millətçiləri və onların cəmləşdiyi Daşnaksütyun partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı.Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda Daşnaksütyun partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları Kərpiçxana, Məmmədli, Zibilli Dərə və başqa məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.Qırğına  azərbaycanlıların İçərişəhərdə rusları qırmaları barədə erməni təbliğatına uyan matroslar da qoşulmuşlar. Onlar havadan təyyarələr, dənizdən isə hərbi gəmilərdən müsəlman məhəllələrini bombalamağa başladılar.Lakin matroslar bunun təxribat olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, bu top atəşləri nəticəsində şəhərin tikililərinə və əhalisinə böyük ziyan dəymişdi.Müsəlmanların soyqırımı aprelin 2-si gecədən xeyli keçənədək davam etdi və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalmışdır.Bolşevik-daşnaq birləşmələri "Kaspi"mətbəəsini,”Açıq söz","Baku" qəzetləri redaksiyalarını dağıtmış,dünya memarlığının nadir incilərindən sayılan İsmailiyyə binasını yandırmış,Təzəpir məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.Mart soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox türk-müsəlman qətlə yetirilmişdir.​​​​​​​​ Mart soyqırımı və ya Mart hadisələri-1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində,eləcə Qarabağ,Naxçıvan,Şamaxı,Quba,Göyçay,Kürdəmir,Xaçmaz,Hacıqabul,Lənkə-ran,Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının  və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.​​​​​​​​​S.Şaumyan başda olmaqla bolşevik-daşnaq birləşmələrinin törətdikləri 1918-ci il mart soyqırımı Azərbaycanın müstəqilliyi ideyalarına,milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədilə təşkil olunmuşdur.Bu faciə Bakı Sovetinin anti-Azərbaycan siyasətini xalqa nümayiş etdirdi.Azərbaycan milli demokratiyasının muxtariyyətə olan ümidlərini qırdı.Azərbaycanda sovetləşmə ideyasına  güclü zərbə vuruldu.Azərbaycan xalqı arasında milli birlik və müstəqil dövlətçilik ideyasını gücləndirdi. ​​​Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib.Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb.

1918-ci ilin mart hadisələri zamanı qədim Şamaxı şəhəri də dəhşətli talanlara və vəhşiliklərə məruz qalıb. Ermənilərin bu şəhərdə və ümumən Şamaxı qəzasında törətdikləri vəhşiliklər haqqında 7 cilddən ibarət təhqiqat materialları toplanıb. 1919-cu il martın 30-da "Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının "Çağırış”ı dərc olunub.Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki,Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla 1 milyon manatdan çox olub.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən,azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər.Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir.Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış,Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş,3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür.Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür.İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir.Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş,1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.​​1919-cu və 1920- ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb.Yalnız 80 il sonra-1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə-1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir.Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.​

Ümummilli lider Heydər Əliyev 31 mart-"Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.​​​​​​​​​Qeyd edək ki, bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir.

Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Bildirilib ki, hələ 2012-ci ildə ABŞ-ın Nyu-York ştatının senatı, ötən ilin martında isə Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart-azərbaycanlıların soyqırımını tanıyan qətnamələr qəbul edib.​​​​​​​Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb.Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib.Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib.2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb.2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli ElmlərAkademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib.Onlardan 50-dən çoxu uşaqlara,100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib:"Sovet dövründə təbii ki,tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi.Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar,-onların da mənfur adları orada göstərilir,- Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi.Hesab edirəm ki, bu, böyük faciədir.Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı.Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar,o cümlədən Sahil parkı yaradılıbdır.Yəni,tarix,ədalət zəfər çaldı.Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik,bilməliyik.Gənc nəsil də bilməlidir ki,xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.​​​​​​​​
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
         
Hazırladı: Gülanə SƏDA, tarixçi


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az