İyulun 7-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcəkdir.
Keçiriləcək imtahanlar Bakı şəhərində 2 , Naxçıvan şəhərində isə 1 binada saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq. Namizədlərə iyunun 30-dan etibarən internet vasitəsi ilə “Namizədin imtahana buraxılış vərəqəsi” təqdim olunmaqdadır.
İmtahan üçün lazım olan sənədlər isə aşağıdakılardır:
1)namizədin imtahana buraxılış vərəqəsi
2)şəxsiyyəti təsdiq edən sənədin əsli
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Qeyd edək ki, rezidentura səviyyəsinə ərizə qəbulu internet vasitəsilə 2015-ci il fevralın 16-dan 23-dək aparılıb və 1245 namizəd elektron ərizə doldurub təsdiq etmişdi. Onlardan 1001 nəfər imtahanın I mərhələsində (15 mart 2015-cü il) 30 və daha yüksək bal toplayaraq imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İştirakçılardan 494 nəfəri cari ilin, 507 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 748 nəfəri qız, 253 nəfəri isə oğlanlardır. 852 namizəd Azərbaycan bölməsi, 149 namizəd isə rus bölməsi üzrə imtahan verəcəkdir. Namizədlərin 11 nəfəri xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 976, Naxçıvan şəhərində isə 25 namizədin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 16 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılıb. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 10-dan 14-dək aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili istiqamətinə uyğun (bitirdiyi fakültəyə müvafiq) ixtisasları seçib təsdiq etməlidirlər. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsi iyulun 6-da, II mərhələsi isə iyulun 7-də keçiriləcəkdir. SİA