"GünAz TV Güney Azərbaycanla bağlı ümummilli tribunaya çevrilib"

"GünAz TV Güney Azərbaycanla bağlı ümummilli tribunaya çevrilib"

BMT-nin nəzarəti altında referendum keçirilməsi təklifi irəli sürülüb

Güney Azərbaycan məsələsi tədricən beynəlxalq xarakter və mahiyyət daşımaqdadır. Bu yöndə hətta bir sıra siyasi və ictimai təşkilatlar Güney Azərbaycanın müdafiəsinə qalxıblar. Tehran rejiminin dünya birliyi tərəfindən tamamilə blokadaya alınması, Orta Şərqin strateji mərkəzi olan bu ölkədəki diktator rejiminin çöküşünü sürətləndirməyə başlayıb. Azərbaycan türkü ötən iki yüzillik tarixi və ictimai, siyasi və sosial mənada yenidən özünün hüquq və azadlıqlarını necə bərpa edəcək və bu yöndə hansı mərhələləri aşmalı olacağı indi həm Quzey, həm də Güney Azərbaycanda, eləcə də bütün Türk Dünyasında hər kəsin maraq dairəsindədir. Edinburq Universitetinin professoru, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sədri Qulamrza Səbri Təbrizi ilə söhbət etdik və sözügedən məsələlərlə bağlı onun fikirlərini öyrənməyə çalışdıq.

- Professor, eşitdiyimizə görə, Güney Azərbaycanın bölgələrində milli fəalları ettelaat və digər təhlükəsizlik orqanlarına çağıraraq, onlarla “profilaktik” danışıqlar aprılır. Bu, rejimin yaranmış narahatlığının səbəblərindən olması demək deyilmi?

- Bir ay öncə Tehranda Təbrizin “Traktor” futbol takımı yerli futbol takımı ilə ölkə çempionatında qələbə çaldı. Elə həmin stadionda on minlərlə Azərbaycan türkü Qaradağ mahalında beş ay öncə baş vermiş zəlzələnin acı nəticələrinin hələ də davam etməsi, on minlərlə insanın dağlıq ərazilərdə çadırlarda heç bir şəraiti olmayan bir durumda qalması, şaxtadan donub ölən körpələrin ah- naləsinə və digər problemlərə etiraz əlaməti olaraq yarıçılpaq soyunaraq öz iradələrini bildirdilər. Bu oyunda “Traktor” takımı Tehran üzərində qələbə çaldı. Oyun bitən kimi on minlərlə türk insanı Tehranın mərkəzi küçələrində yürüşlər keçirdilər. Rejimin xüsusi cəza dəstələri belə, bu etiraz dalğasına qarşı zor tətbiq etməkdə aciz qalmışdı. Bu insanlar adi futbol fanatları deyildilər. Onlar Güney Azərbaycanın kəndlərində ağır məşəqqətlərə, işsizliyə və digər problemlərə görə köçüb gələn ailələrin övladlarıdırlar. Onların farslara məxsus ərazilərə köçərək zaman-zaman farslaşmasına ümid edən Tehran rejimi yanılmışdır. Bu insanlar Güney Azərbaycan Milli Davasına birbaşa Tehran, Yəzd, İsfəhan, Şiraz, Kirman, Əhvaz və digər iri şəhərlərdə dəstək verən ən güclü dayaqlardırlar. Digər yandan, ölkənin milli gəlirlərinin sürətlə enməsi mərhələsi başlamışdır. İndi elə bir durum yaranıb ki, rəsmi Tehrana nə Rusiya, nə də Çin kimi nəhəng dövlətlər belə, arxa olmaqda çətinlik çəkirlər. Çünki diktator rejimlərini müdafiə etmək artıq qeyri-mümkün prosesə çevrilməkdədir. Çin üzdə Tehran rejimini müdaifə etsə də, digər yandan İran neftini daha ucuz qiymətə almaqla əslində mollakratiya hakimiyyətinin daha da sürətlə çökməsinə səbəb olmuşdur. İran neftinin ən çox alıcısı olan Çinlə geniş iqtisadi əlaqələrin sayəsində İranda son bir ildə yüzlərlə iri və ağır sənaye, on minlərlə orta və kiçik istehsal vasitələri tamamilə iflasa uğramışlar. Buna görə də kütləvi şəkildə işsizlik halları durmadan artır. İndi rejimdən narazıların sırasına, sadəcə, kasıb əhali deyil, orta və yuxarı təbəqələr də qoşulmuşlar. Rejim özünün sonunun çatdığını dərk etdiyi üçün daha çox inqilablar beşiyi olan Güney Azərbaycandan qorxur. Bölgələrdə rejimə qarşı alov püskürən insanları qorxu altında saxlamaq üçün hərəkətə keçmişdir. Qorxu, hədə, işgəncələr yolu ilə rejim bu insanlara qarşı müvəqqəti də olsa, təhdid yolunu tutmuşdur. Elə buna görə də milli fəallara qarşı xüsusilə amansızcasına davranırlar.

- Qulamrza müəllim, demək olar ki, Güney Azərbaycanla bağlı çoxsaylı sosial şəbəkələr və ya ictimai təşkilatların yaranması halları son illərin ən çox diqqət çəkən məqamlarından biridir. Bəzən bu qurumlar arasında təzadlı və antoqonist hallar da müşahidə olunur. Sizcə, belə bir durum təhlükə yaratmır ki?

- Əsla. Cəmiyyətdə müxtəlif görüşlü insanların olması əslində xalqımızın demokratik görüşlərinin əlamətlərindən biridir. Cəmiyyətdə mənəvi, ideoloji baxımdan arınmaların prosesi başlanmışdır. Bəzilərinin fikrincə, Güney Azərbaycan ancaq öz müstəqilliyinə qovuşmaqla xoşbəxt ola bilər, digərləri qeyd edirlər ki, İran dövlətinin daxilində federal statusa uyğun hüquqların olması daha məntiqlidir, digərləri isə qeyd edirlər ki, milli hüquqların tanınması və bütün İran üzrə türk dilinə rəsmi statusun verilməsi bir şərt olaraq görülür. Bizim fikrimizcə, indiki mərhələdə Güney Azərbaycanda ana dilində təhsil, türk dilində məktəblərin, qəzet və jurnalların, mədəni mərkəzlərin, televiziya və radio kanallarının, kitab nəşrlərinin fəaliyyət göstərməsi hüquqlarının tanınması rəsmi xarakter almalıdır. Bu yolla milli fəallarımızı asanlıqla qoruya, onların sıralarının daha da artmasına nail ola bilərik. Axı bir insanın milli kadr kimi yetişməsi üçün illər lazımdır. Bu gün həmin milli fəallarımızı qorumasaq, onların sıralarının artmasına nail olmasaq, milli davamızı aparmaq qeyri-mümkün olacaq. İndi xaricdə, həm də Güney Azərbaycanın özündə xalqımızın müxtəlif təbəqələri arasında milli təşkilatlanma prosesi başlanmışdır. Biz bu prosesi ilk gündən alqışlamışıq. İllərlə millətimizin içində yığılıb qalmış, gərilmiş düşüncələr və duyğular üzə çıxsın. Bir millət olaraq hansı yolla getməli olduğumuzun dartışmalarını aparaq. Sonda ən doğru olan yolu elə xalqımız müdafiə edəcək. Mən şəxsən bir alim kimi, GAMAC-ın rəhbəri olaraq baş verən proseslərdən narahat deyiləm.

- Son vaxtlar GünAz TV kanalına qarşı Tehran rejimi daha da azğın şəkildə təbliğatlar aparmağa başlamışdır. Demək olar ki, hər gün Tehranda dərc olunan çoxsaylı mətbu orqanlarda GünAz TV-yə qarşı təbliğat aparmaqla yanaşı, həm də əhali arasında bu TV kanalına qarşı dərin nifrətin yaradılmasına çalışılır.

- Tamamilə haqlı yanaşmadır. Bizi təəccübləndirən tamamilə ayrı məqamdır. Dünyanın müxtəlif ölkələrində fars dilində yayınlanan və mollakratiya rejiminə qarşı kəskin mövqe nümayiş etdirən 345 televiziya və radio kanalının, minlərlə internet saytlarının haqqında Tehran rejimi niyə susur? Ərəblərin hüquqları ilə bağlı 12, bəlucların 3, lor və giləklərin 7, kürdlərin 14 TV kanalı İrandakı rejimə qarşı hətta əhalini hər gün üsyan etməyə səsləyirlər. Fars mərkəzli siyasəti aparan rejim heç nə olmamış kimi hər şeyi görməzdən gəlir. Güney Azərbaycanla bağlı beynəlxalq səviyyədə bizim bircə TV kanalımız var, o da GünAz TV-dir. Tehran rejimi bütün imkanlarını səfərbər edərək məhz bu TV kanalının qapadılmasına, peyklə yayınlanmasına qarşı problemlər yaratmaq üçün külli miqdarda vəsait xərcləməyə başlamışdır. Bu yöndə dostlarımızla birlikdə  təhlillər apardıq. Bəlli oldu ki, xaricdən fars dilində yayınlanan və hətta əxlaqsızlığı təbliğ edən TV və radio kanalları, internet resursları Tehran rejimi üçün heç də qorxulu və təhlükəli hesab olunmur. Hətta onların İranda ən çox izləyiciləri elə mollaların özləridir. Ancaq GünAz TV kanalının adı çəkiləndə oturduqları yerdə belə əndişələnirlər. GAMAC və digər Güney Azərbaycan milli təşkilatları bir araya gələrək Tehran rejiminin GünAz TV əleyhinə apardığı təbliğatı və digər fəaliyyətləri çox kəskin şəkildə tənqid etmişik. Və onu da qeyd etmişik ki, Güney Azərbaycan Türklərinin ana dilində təhsil almaq və milli mədəni hüquqlarını tanımamaq siyasətinə Tehran rejimi son qoymayınca bizlər sərt şəkildə mübarizəmizi davam etdirəcəyik. Tehran rejiminin siyasi zopası rolunda çıxış edən “Jahannews”, “Mashreghnews”, “Khabar-name”, “Tabnak”, “Təhri No”, “Kalame”, “Parsnews”, “Jamnews”, “Iranazar”, “Mersad67”, “Khabarfarsi”, “Hadi TV3”, “Səhər2”, o cümlədən fars şovinizminə xidmət edən Baybək və s. kimi saytlar aramsız olaraq GünAz TV barəsində böhtan dolu məlumatlar yaymaqda davam edirlər.

- Bəs bunun əsas səbəbləri kimi başqa nələri qeyd etmək olar?

- İndi GünAz TV kanalı hansısa bir firqənin, qurumun deyil, Güney Azərbaycanla bağlı ümummilli tribunaya çevrilmişdir. Digər yandan Tehran rejimi qorxur ki, GünAz TV kanalı yenidən Türkiyənin dəstəyi ilə TÜRKSAT peykinin xidmətindən istifadə edə. Bu hal baş verərsə, GünAz TV-nin bütün Güney Azərbaycan boyunca daha çevik və geniş şəkildə yayımı da sürətlənəcək. Təsəvvür edirsinizmi, Güney Azərbaycan türklərinə məxsus adi bir TV kanalının yayımından fasr şovinizmi siyasətini aparanlar nə qədər qorxurlar. Digər yandan Türkiyə, Azərbaycan Respublikası və Türkmənistan mətbuatı İran adlı ərazidə yaşayan türklərin milli-mədəni, insani hüquqları ilə bağlı hər gün onlarca sayda informasiyalar və təhlilləri gündəmə gətirməyə başlamışdır. Bu dövlətlərdə çoxlu sayda internet resursları yaranmışdır. Güney Azərbaycanda və Türkmən Səhra bölgəsi  (Xorasan vilayəti) də daxil olmaqla İrandakı 40 milyonluq türkün vahid cəbhədə iştirak etməsi nəinki Tehran rejimini, bölgədəki ənənəvi strateji maraqları olan böyük gücləri belə qorxuya salmışdır. Bu bir həqiqətdir. Ona görə də GAMAC bir təşkilat kimi beynəlxalq birliyi bu həqiqəti görməyə və onu qiymətləndirməyə çalışır. Keçmişdə baş verən yalnış siyasətlərə bütün bunların redaktə olunmasına onları da sövq edmək istəyirik. Antitürk ideologiyaların nə qədər fəsadlara səbəb olacağını indi bəzi ölkələr dərk etməyə başlamışlar. Beynəlxalq təşkilatlarla görüşlərimizdə biz bunun səbəblərini də açıb göstəririk. NATO-nun Əfqanıstan və Pakistandakı uğurları birbaşa Türkiyə ilə bağlı deyilmi? Suriya, Livan, İraq və digər Orta Şərq məsələsində Türkiyənin siyasi iradəsi son nöqtəni qoymadımı? Qırğızıstan, Özbəkistan, Azərbaycan, Qazaxıstan Xəzər dənizi və Yaxın Şərq strategiyasında mühüm rol oynayırlar. Bütün bunlar imkan verir ki, dünya siyasətində qlobal səviyyədə xüsusi çəkiyə malik olan güc dedikdə türk dövlətlərinin və türk xalqlarının yerini bilmək çox vacibdir. Bu gün dünya siyasətində qlobal miqyasda erməni, fars, tacik, kürd və digər azsaylı xalqlardan vasitə kimi istifadə etmək strategiyasından əl çəkmək lazımdır. Çünki dünya siyasətində müstəqil türk dövlətləri var. Onların hər biri ən strateji coğrafi regionlara malikdirlər. Bunsuz dünyanın yeni düzənini qurmaq və idarə etmək də qeyri-mümkündür. Biz GAMAC olaraq bu ali dəyərləri nəzərə alaraq hərəkət edirik. Güney Azərbaycanda milli hüquqların tanınması da məhz bu qlobal amilləri nəzərə alaraq müdafiə olunmalıdır. Bu proses dünyada baş verən dəyişikliklərə görə heç bir əngəl törətmir. Əksinə, tarixi ədalətsiz siyasətlərin etiraf olunaraq öz yerini tapması kimi xarakterizə olunmalıdır. Biz mövcud prolemləri nəzərə alaraq vəziyyətdən çıxış nöqtəsi kimi Güney Azərbaycanda birbaşa BMT-nin nəzarəti altında referendum keçirilərək ana dilində təhsilin rəsmiləşdirilməsi, digər milli-mədəni təsisatların rəsmi xarakter almasını bir şərt olaraq irəli sürmüşük. Artıq bizim təkliflərimiz bütün milli təşkilatlar tərəfindən fəal şəkildə müdafiə olunmaqdadır. Güney Azərbaycan siyasətini və bölgədəki mövcud olan bütün problemləri daha asan yolla həll etmək mümkündür. Biz BMT-yə rəsmi müraciətimizi təqdim etmişik. Yaxın günlərdə BMT rəhbərliyi səviyyəsində görüşlərimiz olacaq. Sonra isə, xüsusi komissiyalarla birlikdə hərəkətə keçəcəyik. Həbsdəki milli fəalların azad edilməsi, ana dilində təhsil hüququnun tanınması və milli-mədəni təsisatların fəaliyyət göstərməsi kimi şərtləri komissiyaların vasitəsilə həyata keçirəcəyik.

Ənvər Yusifoğlu  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az