Azərbaycanda sığorta bazarında vasitəçilərin fəaliyyətinin tənzimlənməsi üçün daha sərt qayda və üsullar yaradılacaq.
Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, bunu bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, əksər hallarda sığorta şirkətlərinin yaxşı fəaliyyəti sığorta vasitəçilərinin fəaliyyəti ilə korlanır və nüfuzdan salınır.
O qeyd edib ki, sığorta şirkətləri müştəriləri ilə işə və onların hüquqlarının qorunmasına daha çox diqqət ayırmalıdır: “Müştərilərinə aşağı keyfiyyətli xidmət göstərmək hesabına gəlirlərini artırmağa çalışmamalıdırlar. Bununla əlaqədar Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə müştərilərin hüquqlarının müdafiəsi sahəsində vəziyyətin optimallaşdırılması üzrə tədbirlər planının yaradılması üçün sorğu göndərib. Sığorta vasitəçilərinin fəaliyyətinin tənzimlənməsini yaxşılaşdırmaq üçün bir sıra addımları təsdiq etmişik. Şirkətlər müştəriləri ilə münasibətlərini ən yüksək səviyyədə qurmalıdır və vasitəçilərin göstərdiyi aşağı keyfiyyətli xidmətə görə bu əlaqələr pozulmamalıdır”.
S.Şərifov bildirib ki, bu məsələlər hazırda həll olunur.
* * *
Bu gün Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu öz işinə başlayıb.
Oxu.az xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.
Qeyd edək ki, forumun rəsmi açılış mərasimində maliyyə naziri Samir Şərifov iştirak edir.
Konfransın 1-ci hissəsi "Cari reallıqlar çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri” mövzusuna həsr olunub.
Onu da əlavə edək ki, forumun ilk günündə həmçinin ikitərəfli görüşlərin və rəsmi qəbulun keçirilməsi nəzərdə tutulub.