Ramil Usubovdan Bakı-2015 proqnozu (VİDEO)

Ramil Usubovdan Bakı-2015 proqnozu (VİDEO)

Daxili işlər naziri: "Bir azərbaycanlı kimi istəyərəm ki, bütün idman növlərində Azərbaycan idmançıları qalib gəlsin"

Daxili İşlər Naziri Ramil Usubovla söhbət isə oyunlar zamanı daxili arxayınlığımız barədədədir. Nazir Mir Şahinin "Hesabat"ının suallarını cavablandırıb.
- Düz 16 gün Azərbaycan Avropanın idman paytaxtı olacaq. Bütün diqqət, nəzər, gözlər ölkəmizə yönələcək. Bu müddət ərzində həm bizim qonaqlarımız, həm də Azərbaycan vətəndaşları, bu oyunlardan ləzzət almaq istəyən insanlar özlərini necə hiss edə bilərlər. Təhlükəsizliklərinə nə qədər əmin ola bilərlər? Bunun üçün hansı işləri görmüşük, ümumiyyətlə, görülən bu işlərdən siz tam razısınızmı?

- Bildirmək istəyirəm ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim xalqımız və dövlətimiz üçün fəxredici bir haldır ki, məhz belə bir idman yarışı bizim ölkəmizə nəsib olub. Bu günlər Azərbaycanın daxili işlər orqanının şəxsi heyəti ölkəmizdə keçiriləcək Avropa Oyunlarına hazır vəziyyətdədir. Bura gələcək qonaqların və Azərbaycan vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə qorunacaq. Avropa Oyunları zamanı təhlükəsizliyin və asayişin qorunması ilə bağlı qurumun 25 mindən artıq şəxsi heyəti bu işlərə cəlb olunub. Özəlliklə də şəxsi heyətin hər biri konkret olaraq hansı sahədə xidmət aparacaqlarsa, o sahənin peşakarlarıdır. İnanıram ki, bu oyunlar Azərbaycanda təhlükəsizlik və əmin-amanlıq şəraitində keçəcək. Bizim bütün istəyimiz, arzumuz ondan ibarətdir ki, bu oyunlar təhlükəsiz bir şəraitdə keçsin. Bunun üçün nə lazımdırsa edirik.

Biz burada üzərimizə düşən xidməti vəzifədən əlavə onu nəzərə alırıq ki, bu oyunlarda xalqımızın üzünü göstərmək imkanı yaranıb. Polis də bu xalqın ayrılmaz bir hissəsi olaraq çalışacaq ki, həm asayişi qorusun, həm də elə bir xidmət göstərsin ki, xaricdən gələn insanlar da Azərbaycan haqqında, vətənimiz və onun polisi haqqında yaxşı fikirlərlə, düşüncələrlə buradan ayrılsınlar.

- Təbii ki, Avropa Oyunları özü-özlüyündə artıq çox böyük miqyasa malik bir tədbirdir. Bu, öz yerində. Amma oyunların içində də xüsusi günlər olacaq ki, onda, yəqin ki, polisdən ictimai asayişin qorunmasına bilavasitə cavabdeh olan şəxslərdən xüsusi məsuliyyət tələb olunacaq. Mənə əsasən burada oyunların açılış və bağlanış gününü, yəni harada insanlar, tədbirlər daha çox olacaq. Onun üçün xüsusi tədbirlər planı nəzərdə tutulub, yoxsa elə eyni qaydada, hansı güclə başlayırıqsa, onunla davam edəcəyik?

- Bilirsiz, orada xüsusi tədbirlər nəzərdə tutulub. Konkret olaraq polis və daxili qoşunlarla bərabər orada həm xüsusi Dövlət Mühafizə Xidməti, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının, yəni bizim birgə işlədiyimiz qurumlarla xüsusi plan əsasında tədbirlərin təhlükəsizliyi təmin olunacaq. Qaydalar var. Mən vaxtın azlığını nəzərə alaraq bunları sadalamaq istəmirəm. Bununla bağlı müvafiq qurumların rəhbərləri televiziya vasitəsi ilə kifayət qədər ətraflı məlumat veriblər. Yəni bütün tədbirlər görüləcək. Bura əməliyyat-axtarış tədbirlərindən tutmuş, digər tədbirlərin görülməsi nəzərdə tutulub. İnanıram ki, əməkdaşlarımız həm öz vəzifə, həm də vətənpərvərlik borclarını ən yüksək səviyyədə yerinə yetirəcəklər.

- Təbii ki, Avropa Oyunlarına tamaşa edəcəksiniz. Konkret hansı idman növü var ki, siz ona azarkeşlik edəcəksiz? Hansı idman növləri üzrə mükafat gözləyirsiz? Ramil Usubov - bir tamaşaçı olaraq.

- Tamaşaçı olaraq mən güləşdən, boksdan gözləyirəm. Belə düşünürəm ki, bu idman növlərində bizim idmançılar əvvəllər də olduğu kimi fərqlənə bilərlər. Təbii ki, bir azərbaycanlı, bir Ramil Usubov kimi istəyərəm ki, bütün idman növlərində Azərbaycan idmançıları qalib gəlsin. Hər bir halda Azərbaycanda birinci Avropa Oyunları keçirilməsi hər birimiz üçün sevindirici haldır. Həqiqətən də fəxr edirik ki, məhz bizim ölkəmiz belə bir şərəfə nail olub.

Xalqımız da ölkəmizə gələn qonaqlara ən yüksək Azərbaycanlı qonaqpərvərliyini göstərəcəklər. Asayişin qorunmasında, əmin-amanlığa riayət edilməsində daxili işlər və digər hüquq-mühafizə orqanlarına yaxından köməklik göstərəcəklər. Mən artıq bunun şahidiyəm. Hazırda bizdə çoxlu könüllülər var ki, asayişin qorunmasında iştirak edirlər. Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün köməkliklərini əsirgəmirlər. Xüsusilə də minlərlə gənc bu işə qoşulub. Bu, təqdirəlayiq bir haldır. Bu, bir daha Azərbaycan gənclərinin öz vətəninə, xalqına olan sevgisini, məhəbətini əks etdirən amildir.

-Və belə də olmalıdır.

Təşəkkür edirəm, cənab nazir. Biz avropalıdan daha artıq Avropalı olduğumuzu sübut edəcəyik.

- İnşallah, mən də buna inanıram.

-Çox sağ olun!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az