"Terrorçular təhlükəsizlik kamerasının olmamasından faydalanıb"
Yeni il gecəsi Türkiyəni qana boyayan, 39 nəfərin, o cümlədən bir azərbaycanlı qadının ölümünə səbəb olan "Reina" terrorçusu bu gecə İstanbulda həyata keçirilən əməliyyatla sağ yaxalandı. "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulqadir Maşaripovun yaxalanmasına şahid olan bina sakinləri əməliyyatdan danışıblar.
Sakinlərin sözlərinə görə, binanın yeganə çatışmazlığı təhlükəsizlik kameralarının olmaması olub. Terrorçular da məhz bundan faydalanıblar. "Diqqətimizi çəkən yeganə şey son 10 gündə çox sayda qaradərilinin tez-tez gəlib-getməsi olub".
Binada yaşayanlar gecə saatlarında qəfildən səs-küy gəldiyini deyiblər. "Evdə oturmuşduq, gurultu gəldi. Polis sürətlə yuxarı mərtəbəyə çıxırdı. Daha sonra "yat, yat" deyə səslər eşitdik. "Reina" terrorçusunun olduğunu deyib, apardılar".
Qətliamı həyata keçirən şəxsin qaldığı evin də görüntüləri yayılıb. Məlumata görə, polis evə girərkən terrorçu yatağın altında gizlənməyə çalışıb.
Terrorçunun klubda insanları güllələdikdən sonra evinə gələrək özü ilə apardığı 4 yaşlı oğlu da onunla birlikdə olub. Ümumulikdə isə polis gecə saatlarında keçirdiyi əməliyyatla 3-ü qadın olmaqla 5 nəfəri saxlayıb.
İstanbul Valisi Vasip Şahin və Polis İdarəsinin bu gün əməliyyatla bağlı açıqlama verəcəyi gözlənilir.
A.Maşaripov yanvar ayının 1-də onlarla insanın əylədiyi gecə klubuna daxil olaraq qarşına çıxanları güllələyib. Daha sonra isə qarışıqlıqdan istifadə edərək hadisə yerindən qaçıb.
Özbək əsilli terrorçunun Türkiyəyə ailəsi ilə birlikdə ötən ilin əvəllərində gəldiyi müəyyən edilib. Bir neçə ay Konyada yaşayan ailə dekabrda İstanbula köçüb.