Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən xəbərdarlıq
"Son vaxtlarda Bakıdan və eyni zamanda respublikanın ayrı-ayrı
rayonlarının ərazsindən götürdüyümüz içməli su nümunələrində
apardığımız tədqiqatlar nəticəsində standartdan kənar faktlar
aşkarlanmayıb".
Vətəninfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında
Səhiyyə Nazirliyinin Respublika
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov
deyib. Onun sözlərinə görə, suda bakteroloji çirklənmə olmasa da,
bulanıqlıq problemi olur: "Götürdüyümüz sularda bulanıqlıq problemini
aşkarlayırıq. Problem su idarələrinin təmir işləri apardıqları zaman
həmin əraziyə sahə həkimlərini cəlb etməmələri səbəbindən yaranır.
Təmir-təftiş işlərindən sonra təkrar su verilərkən həmin ərazidən su
nümunəsi götürülüb müayinə olunmalıdır. Bu proses yerinə
yetirilmədiyindən, baş vermiş qəzalar aradan qaldırıldıqdan sonra su
birbaşa mənzillərə buraxılır. Bu zaman da suda bulanıqlıq yaranır".