Rus general ermənilərin kefinə niyə soğan doğradı?

Rus general ermənilərin kefinə niyə soğan doğradı?

Qarabağ münaqişəsi ilə bağlı hərəkətliliyin artdığı dönəmdə Bordyujanın İrəvana vurduğu tərs sillənin sirri

Zahid Oruc: “Sabah Kremldən əmr gəlsə, birinci KTMT torpaqların boşaldılması üçün İrəvana təzyiqlər göstərəcək”; Arzu Nağıyev: “Bu gün nə Rusiyaya, nə də Qərbə tənəzzülə uğramış Ermənistan gərək deyil, sadəcə...”
Elxan Şahinoğlu: “Müharibə başlasa, Azərbaycan Rusiyadan aldığı silahlardan istifadə edəcək, Ermənistanın isə həmin silahlardan istifadə hüququ yoxdur”
Bakı-Moskva yaxınlaşmasını özü üçün böyük təhlükə hesab edən işğalçı Ermənistan Putinin Azərbaycana son səfərindən və burdakı görüşlərindən xeyli təşvişə düşüb. Üstəlik, Rusiyanın Azərbaycana silah-sursat, hərbi texnika satışını yüksək səviyyədə davam etdirməsi təcavüzkarlıq niyyətlərindən daşınmaq istəməyən İrəvanın yuxusunu qaçırıb.
Bu arada məlum oldu ki, Rusiyanın “Uralvaqonzavod” Dövlət Konserni Azərbaycanın sifariş verdiyi 100 ədəd T-90S tankının hamısını təhvil verib.  Tankların çatdırılması bir neçə ay əvvəl yekunlaşıbmış. Hazırda istehsalçı müəssisəyə ehtiyat hissələrin çatdırılması işi gedir. “Gördüklərimizdən çox məmnunuq. Azərbaycan tankçıları qısa müddətdə T-90-ların istismarını mənimsədilər. Bizdə olan məlumata görə, hətta təlimlərdə yeni tankları tətbiq ediblər”, - deyə UVZ rəsmisi bildirib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Rusiyaya sifariş verdiyi 9K123 “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksinin ilk partiyasının da artıq Bakıya təhvil verildiyi xəbəri yayılmışdı. Ermənistanın narahatlığı isə Moskva-Astana-İrəvan telekörpüsündə də özünü büruzə verib. Erməni təmsilçilərdən birinin bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri Nikolay Bordyujaya  ünvanladığı sual İrəvandakı ovqatın inikası sayıla bilər. Erməni jurnalist Bakı ilə əməkdaşlığın İrəvan-Moskva müttəfiqliyi və dostluğuna xələl gətirdiyini desə də, cavabını alıb. Bordyuja Rusiyanın Azərbaycana silah satışında paritet prinsipinə əməl etdiyini söyləyib ki, bu da dolayısı ilə İrəvandakılara “sakit oturun” mesajı verməkdir.
Hələ Gümrüdəki qanlı hadisələrdə də ruslar anti-Rusiya çıxışları edən ermənilərə keçmişi unutmamağı və əslində qudurmamağı tövsiyə etmişdilər, Rusiyanın olmadığı halda onların Azərbaycanın qarşısında yesir günə qalacağı xəbərdarlığını vermişdilər...

*****

Bordyuja bir sıra hallarda Azərbaycana toxunan mövqedən çıxış etdiyi halda, bu dəfə fərqli davranıb, ermənilərin kefinə soğan doğrayıb. Bunun səbəbləri barədə müxtəlif təxminlər var. Düzdür, rus general “Qarabağ münaqişəsinin hərbi yolla həlli yolu yoxdur” da deyib. Lakin erməni general da yaxşı bilir ki, Azərbaycan Rusiyadan milyardların müqabilində aldığı silahı, hərbi texnikanı muzeyə qoymaq üçün almır. Üstəlik, Azərbaycanın ictimai rəyi artıq hakimiyyətdən torpaqların azadlığı ilə bağlı konkret hərəkətə keçməyi tələb edir. Hətta gələn ay Qarabağ müharibəsi veteranlarının bununla bağlı ümumrespublika müşavirəsi keçiriləcək.
Bunu zəruri edən məsələlər də var. Çünki erməni geri çəkilmək istəmir, hətta xarici ölkələrdən və təşkilatlardan “işğala son qoy” çağırışı gəlsə də. Digər tərəfdən, Azərbaycanı rüsvayçı sülhə vadar etmək cəhdləri də az deyil. Necə ki, NATO Parlament Assambleyasının İrəvanda keçirilən “Rose-Roth” 89-cu seminarının iyunun 19-da keçirilən  toplantısında ATƏT-in Minsk Qrupunun Fransadan olan keçmiş həmsədri Jak For deyib ki, Dağlıq Qarabağı Azərbaycana qaytarmaq mümkün deyil.  Ermənipərəst diplomatın sözlərinə görə, Qarabağın erməni əhalisi öz statuslarını dəyişmək istəmir: “Bu mənim şəxsi fikrimdir. Ancaq aydındır ki, əldə edilən nəticələrə əsasən fikir bildirilməlidir. Mən şəxsən ümid edirəm ki, bunu etmək mümkün olacaq”(modern.az).

*****
Belə olan təqdirdə Azərbaycan sonuncu varianta - silaha əl atmalı olacaq. Bütün bunların fonunda Bordyujanın mesajlarının hansı perspektivdən xəbər verdiyini analitiklərimizlə dəyərləndirdik.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Bordyujanın bəyənatları bir qayda olaraq regional hərbi-siyasi gərginlik dövrlərinə düşür və əksər hallarda Ermənistanın məruz qaldığı sarsıntıları bloklamağa xidmət edir: “Azərbaycan dövlət rəhbərliyi səviyyəsində Ermənistana hücum etməyi və tarixi torpaqları güc yolu ilə qaytarmağı nəzərdə tutan bəyanatları heç vaxt verməyib. Ona görə də müharibə başlayarsa, kollektiv təhlükəsizlik məramını əsas tutub rəsmi İrəvan tərəfindən əməliyyatlarda iştirak edəcəyini bildirmək əslində təhdid və hədələmə xəttidir. Çünki Qarabağ Ermənistanın tərkib hissəsi deyil və sonuncu Avrasiya İqtisadi Birliyi formatı da məlum hüquqi reallığı növbəti dəfə təsdiqləyib. Belə olanda Bordyujanın açıqlamalarındakı gizli hədəfin təkcə Azərbaycan olmadığı üzə çıxır”.
Z.Orucun fikrincə, təəssüf ki, onlar bu açıqlamalarında Türkiyəni nəzərdə tuturlar: “”Rusiya NATO-su"nda Azərbaycanın 2-ci Qarabağ savaşına əl atacağı təqdirdə rəsmi Ankaranın fəal bir şəkildə ona hərbi yardım edəcəyi və özünün sərhədlərindən ermənilərə zərbələr vuracağı haqqında ehtimallar mövcuddur. Ona görə də Bordyuja mütəmadi qaydada regional təhlükəsizliyi nəzarət altında saxladıqlarını nümayiş etdirmək üçün belə ikibaşlı siyasi demarşlar edir. Digər tərəfdən, münaqişənin yenidən qızışması Ukraynadakı qanlı toqquşmaların inkişaf etdiyi ssenarinin təkrarlayacağı bəyanatını da birmənalı qarşılamaq olmaz. Doğrudur, 90-cı illərdən fərqli olaraq Ermənistan və Azərbaycan arasında yeni konfrontasiya insan itkilərinin və iqtisadi dağıntıların miqyasına görə qat-qat artıq olar. Ölkəmizin elə Rusiyadan aldığı silahların hədəfi vurma məsafəsi və texniki xarakteristikası 25 il əvvəlki dövrlə müqayisə olunmayacaq dərəcədə güclüdür və Azərbaycan öz hərbi arsenalını artırmaqda davam edir. Lakin görünür, Bordyuja kimi professional çekistin diliylə cəmiyyətlərə mesaj verilir ki, silahlar müharibədə istifadə üçün deyil, sadəcə, iki ölkənin arasında inkişaf edən münasibətlərin bir hissədir. Bununla da Ermənistan xalqına Rusiya ilə Azərbaycanın arasında formalaşan yeni münasibətlərdən qorxmamasını təlqin edirlər, üstəlik, qərbpərəst erməni qüvvələri neytrallaşdırmağa çalışırlar".

Z.Oruc əlavə etdi ki, indi regionda fərqli vəziyyət formalaşıb: “Ənənəvi müttəfiqlər siyasəti keçmişdəki kimi effektli işləmir. Türkiyə Cənubi Qafqazda fəal bir oyunçuya çevrilib. Ona görə ermənilər Ankara-Moskva və Bakı arasındakı tarixi qarşıdurmalardan faydalana bilmirlər. Məhz buna görə də Bordyuja əslində yeni geoplotik konfiqurasiyanın başa çatmadığını görür və hələ ki əvvəlki ritorikasına düzəliş etmir. Lakin sabah Kremldən əmr gəlsə, birinci KTMT Qarabağda torpaqların boşaldılması üçün İrəvana təzyiqlər göstərəcək. Amma bu perspektivin yetişdiyini deyənlər nəzərə almırlar ki, Ukraynada qələbə qazanmadan Rusiya Qafqazlarda dəyişiklik etməyəcək”.
Siyasi şərhçi Arzu Nağıyev düşünür ki, Bordyujanın bəyanatı və Rusiya ilə sonuncu silah satışı ilə bağlı müqavilələr, necə deyərlər, medalın görünən tərəfidir: “Rusiya tək Azərbaycana silah satmır, onun bütün dünyada tərəfdaşları var və bunu açıq şəkildə bəyan edir. Görünməyəni odur ki, paralel olaraq Ermənistanda yerləşən 102 saylı bazaya da silah göndərir və sonradan bu silahın aqibətinin necə olduğu bəlli deyil”.
A.Nağıyev qeyd etdi ki, statistikaya baxanda Ermənistanın bizdən də çox silah-sursat aldığı bəlli olur: “Həm də öz ərazisində tərəfdaşı olan bir dövlətin silahlı qüvvələri var. Yəni bu narahatçılıq erməni riyakarlığı kimi qiymətləndirilə bilər. Ermənilər ondan narahat ola bilər ki, Qərb və Rusiya Azərbaycanı karbohidrat və digər iqtisadi layihələrdə tərəfdaş kimi qəbul edir və bu proses getdikcə reallaşır. Bu gün nə Rusiyaya, nə də Qərbə iqtisadiyyatı tənəzzülə uğramış və gündən-günə siyasi və sosial narazılıqlara və iğtişaşlara gətirib çıxara biləcək Ermənistan gərək deyil. Sadəcə olaraq, Türkiyənin NATO üzvü olması və ümumu sərhədi Ermənistanla Rusiyanın tərəfdaşlığının mövcudluğuna gətirib. Rusiyanın çəkindiyi məqamlardan biri də Orta Asiyada baş qaldıra biləcək dini qüvvələrdir. Yəni Şərqdən də sığortalı deyil. Bütün bu amillərə görə Ermənistan narahatdır”.

*****

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan hakimiyyəti və siyasi dairələri Rusiya prezidentinin Azərbaycanla yaxınlaşacağından ehtiyat edir: “Rusiya prezidenti Vladimir Putinin Avropa Oyunlarının açılışına qatılmaq üçün Bakıya səfəri və burada Azərbaycan və Türkiyə prezidentləri ilə apardığı ikitərəfli danışıqlar da Ermənistanda narahatlıqla izlənib. Ermənistanda düşünürlər ki, Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etdirmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məsələsində İrəvana təzyiq edəcək. Ermənistanda Rusiyanın Azərbaycana silah satmasından da narahatdırlar. Təsadüfi deyil ki, KTMT baş katibi Nikolay Bordyuja erməni jurnalistlərinin hər dəfə eyni ”Rusiya Azərbaycana niyə silah satır" sualına cavab verir. Bordyuja bir başqa fikrini də təkrarlayıb ki, Ermənistan ərazisinə təhlükə olacağı təqdirdə KTMT bütün hüquqlarından istifadə edəcək".
E.Şahinoğlu Bordyujanın digər bir fikrinə də diqqətlə yanaşmağın tərəfdarıdır: “O, daha sonra Azərbaycana mesaj xarakterli belə bir fikir söyləyib: ”Qarabağ münaqişəsinin hərbi yolla həll yolu mövcud deyil. Regionda müharibə başlasa, uzun müddət davam edəcək, çoxlu qan töküləcək. Bunu Rusiya yaxın qonşusu olan Ukraynanın simasında gördü". Başqa sözlə, rusiyalı diplomat rəsmi Bakını xəbərdar edir ki, Azərbaycan güc yoluyla torpaqlarını azad etmək istəsə, Rusiya Azərbaycana Ukraynadakı problemləri yaşadacaq. Ancaq Krım, Donbas, Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Rusiyanın Dağlıq Qarabağla sərhədi yoxdur. Rusiya nə etsə, Ermənistan üzərindən edəcək. Azərbaycanın Dağlıq Qarabağa qoşun yetirmək fikri yoxdur, bizim indiki mərhələdə əsas hədəfimiz Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasına nail olmaqdır. Ona görə də Bordyujanın dediklərinin bizə aidiyyəti yoxdur".
Digər tərəfdən, politoloq qeyd etdi ki, Kreml bir məqama da diqqət yetirməlidir: “Rusiya bilməlidir ki, biz Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa başlasaq və bu zaman Rusiya müharibəyə müdaxilə etsə, qarşısında təkcə bizi yox, bizim strateji müttəfiqlərimizi də görəcək. Ukraynanın Qərbdəki müttəfiqləri sözdə Kiyevə dəstək verirlər. Azərbaycana şimaldan və ya Ermənistan sərhədi üzərindən təhlükə yaranarsa, Rusiya şərqdən də çəmbərə alınacaq. Əslində Bordyujanın cavabları Ermənistan siyasi dairələrini və ictimaiyyətini qane etməməlidir. Çünki onun sözlərindən fərqli olaraq Rusiya Azərbaycana istənilən növ müasir silahlar satır. Azərbaycan Rusiyadan elə müasir silahlar ala bilər ki, onlar Ermənistanda yoxdur. Rusiya Azərbaycana silahı pulla satır və gəlir əldə edir, Ermənistandakı silahlarını isə öz hərbi bazalarında yerləşdirir. Məsələ burasındadır ki, Dağlıq Qarabağda müharibə başlasa, Azərbaycan Rusiyadan aldığı silahlardan istifadə edəcək, Ermənistanın isə həmin silahlardan istifadə etmək hüququ yoxdur. Çünki həmin silahlar Dağlıq Qarabağda müharibə aparmaq üçün yox, Ermənistanın təhlükəsizliyini qorumaq üçündür. Azərbaycanın isə Ermənistana hücum etmək kimi planı mövcud deyil”.
musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az