Rusiya ordusu ölüm ayağındaykən, qafqazlılar gözünü ormanlara dikmiş

Rusiya ordusu ölüm ayağındaykən, qafqazlılar gözünü ormanlara dikmiş

Ənvər BÖRÜSOY

Yeni müdafiə naziri Sergey Şoyqu bu problemləri həll etməkdə aciz olduğunu etiraf etdi

Əsgəri yaşa çatmış ölkə gənclərinin ordu sıralarında xidmətə görə səfərbər olunması yönündə xeyli problemlər yaranmışdır. Bu yöndə xüsusilə Qafqaz kökənli çağırışçılar məsələsində bir sıra çətinliklər yaranmışdır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilk öncə hərbi hissələrdə əsgəri xidmət çəkənlərin durumu ilə maraqlanmışdır. Baş Qərargahın yanında Hərbi Səfərbərlik İdarəsi rəisi Vasili Smirnovun hazırladığı xüsusi hesabatdan bəlli olmuşdur ki, Quzey Qafqaz Hərb Dairəsinə tabe olan hərbi hissələrdə normativ 90-95 faiz gücü ilə fəaliyyət göstərir. Rusiyanın digər hərbi hissələrində xidmət göstərən əsgərlərin sayı 40-60 faiz arasındadır. Yəni bu hərbi hissələrdə əsgərlərin sayı normativdən xeyli aşağıdır. Hər dəfə əsgəri çağırış məsələsində orta hesabla 166 min nəfər gənc həbri xidmətdən yayınırlar. Qeyri rəsmi statiskaya görə bu rəqəm etiraf olunduğundan dörd dəfə çoxdur. Quzey Qafqaz respublikalarından demək olar ki, əsgəri xidmətə heç kimi göndərilmir. 

Qafqazlıların orman baxışlarının sirri 

2012-ci il payız mövsümü əsgəri çağırışla bağlı Dağıstandan 3 min 323 nəfər gənc hərbi xidmətə getməli olduğu halda, cəmi 121 nəfər əsgərliyə getmişdir. Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvü Eduard Rodyukov bildirmişdir ki, Dağıstandan son illərdə əsgəri xidmətə ancaq milliyyətcə rus kazakları olanlar getmişlər. Onlar əsasən Quzey Qafqaz Hərbi Dairəsinin hissələrində qulluq edirlər. Çeçenistan isə hərbi xidmətə ümumiyyətlə əsgər göndərmir. Burada son illərdə əsgəri xidmətə gedənlər Rusiya meyilli məmurların övladları olsalar da, onlar Daxili Qoşunlarda qulluq edirlər. Rusiyada ordu və hərbi məsələlər üzrə tədqiqatçıların hesablamalarına görə, əsgəri çağırış məsələsində ölkənin digər regionlarında yaşayan və Qafqaz əsilli gəncləri belə əsgəri xidmətə aparmaq qeyri mümkündür. Bu yöndə şirnikləndirici təbliğatlar belə heç bir səmərə verməmişdir. Rusiya İnsan Haqları üzrə ixtisaslaşmış mütəxəssislərin fikrincə bu problemin əsas səbəbi güc stukturlarının antiterror əməliyyatları siyasətinə önəm verərək Quzey Qafqazın hər qarışında keçidiyi tədbirlərdə insan haqlarının müntəzəm olaraq pozulması, heç bir günahı olmayan insanların həbs edilməsi, onlara işgəncələr verilməsi və hətta ölümlə nəticələnən hallar bölgələrdə heç kim tərəfindən nə unudulur və nə də bunu bağışlanılır. Onların ailə üzvləri və qohumları vəhşilikləri bağışlamaq fikrində belə deyillər. Çünki, indiyə kimi güc stukturları tərəfindən hüquqları pozulan insanlardan üzr istənilməmiş, onların ailələrinə və əmlaklarına vurulmuş maddi zərərlər ödənilməmişdir. Digər yandan Quzey Qafqazda tökülən günahsız qana görə “QAN BAHASI” adətinin sərt şəkildə tətbiq olunması və buna əməl edilməsi bir namus məsələsi kimi başa düşülməkdədir. Hər bir Quzey Qafqaz kökənli vətəndaş Rusiya ordusunda əsgəri xidmətə getməkdənsə, ormanlıqlarda əlində silah namus məsələsinə görə intiqam almağı daha şərəfli hesab edir. Peşəkar rus hərbiçilərinin məntiqinə görə Quzey Qafqaz kökənli insanlara orduda xidmət məsələsində etibar olunmamalıdır. Bu məsələdə onlar Vladimir Semyonov, Sufiyan Beppaev, Cövhər Dudaev, Ruslan Auşev kimi əfsanəvi generaların adlarını örnək qismində göstərirlər. Rusiyanın uzun müddətdir hərbi elitasında təmsil olunanların məntiqi isə bundan ibarətdir: “Qurdu nə qədər çox yaxşı bəsləsən də, onların gözləri daim ormanlara tərəf dikilmişdir”. 

Ordunun iflas çuxuru

Hərbi məsələlər üzrə mütəxəssis Aleksandr Qoltsın açıqlamasına görə Rusiya Müdafiə nazirliyinə bağlı olan hərbi hissələrdə hətta əsgəri heyətin komplektləşdirilməsini təmin etmək üçün 100 faizlik əmsal belə tətbiq olunsa belə, bu həm də demoqrafik çuxura, yəni boşuna irəli sürülən təşəbbüslərə səbəb olacaqdır. Onun fikrincə müdafiə naziri Sergey Şoyqunun qarşısında mövcud durumdan çıxış üçün iki yol vardır:

1. Etiraf olunmalıdır ki, Rusiya mövcud duruma görə silahlı qüvvələrinin sayını bir milyon nəfərdən artıq səviyyədə komplektləşdirmək gücündə deyildir. Buna görə də sabiq nazir Anatoli Serdyukovun bir zaman irəli sürdüyü “xüsusi müqavilə əsasında hərbi xidmət”ə cəlb etmə siyasətinə üz tutulmalıdır. 

2. Əsgəri xidmətin müddətini üç illiyinə artırmaqla silahlı qüvvələrdə mövcud kadrların çatışmazlığın qarşısını bu yolla almağı rəsmi qanuna çevirmək tələb olunur. 

Rusiyadakı əksər hərbi ekspertlər ikinci varianta üstünlük verilməsini daha önəmli hesab edirlər. Ancaq, bu iki problemi necə həll etmək məsələsində əsasən ölkənin siyasi hakimiyyətinin hansı qərara gəlməsi vacib hesab olunur. Bir qədər neytral mövqedə olan digər mütəxəssislərin fikrincə isə, hər iki halda ölkədə sosial partlayışların necə ola biləcəyini də hesablamaq vacibdir. Onlar bunu onunla əsaslandırırlar ki, onsuz da hərbi xidmətdən müxtəlif səbəblərə görə yayınanlara toxunulmazsa belə, orduya tələb olunan hərbçilərin tam heyətlə komplektləşdirilməsi artıq həll olunmaz bir prosesə çevrilmişdir. Bunun əsas səbəbi ölkədə demoqrafik fəlakətin ildən ilə daha da dərinləşməsidir. 

Rusiyanın müdafiə qüdrətinin sadəcə hərbi modernləşmə strategiyasında görənlərin fikrincə əsas məsələ ölkənin sərhədlərinin qorunması, professional hərbi birliklərin yaradılması, bu prosesin ən azından 2020-ci ilə qədər tam heyətlə kompleks tədbirlər kimi həyata keçirilməsi sayəsində həlli mümkündür. Ordudakı durumun necə olmasını, dövlət büdcəsinin mövcud imkanlarını araşdıran mütəxəssislərin qeyd etdiyinə görə bir milyon nəfərdən ibarət peşəkar ordunu saxlamaq Rusiya üçün hal-hazırda heç bir uğur gətirməyəck. Qapalı hərbi dairələr strategiyası ölkənin müdafiə qüdrətinə görə maraq kəsb etsə də, bir milyonluq peşəkar ordunu saxlamaq həm də büdcənin tamamilə talan olunmasına gətirib çıxaracaqdır. Keyfiyyətli ordunu yaratmaq yolu məhz bu mənada mümkündür. 

Rusiya Dövlət Duması müdafiə məsələləri üzrə komitəsinin sədri, admiral Vladimir Komoedovun fikrincə əsgəri xidmətin bir ildən ilyarıma keçirilməsi yönündə addımlar atılmış olarsa, bu zaman addım-addım mövcud problemlərin həllinə doğru getmək də asanlaşar. Baş Qərargah yanında Hərbi Səfərbərlik İdarəsinin rəisi Vasili Smirnov isə onun bu təklifini sərt şəkildə tənqid edərək demişdir ki, mövcud qanunvericiliyə görə bir illik hərbi xidmətin ilyarıma keçirilməsi məsələsi ölkədə çox böyük sosial partlayışa səbəb olar bilər. Rusiya Əsgər Anaları təşkilatının təmsilçisi Valentina Melnikova isə bildirmişdir ki, əsgəri xidmətin müddətinin artırılması sovet totalitar siyasətinin geri dönməsi deməkdir. Bu təşəbbüslərin heç bir rassional əsası belə yoxdur. Əhalinin böyük əksəriyyəti yoxsul vəziyyətdə yaşayırlar. Onların ailələri, təqaüdə çıxmış valideynləri var. Heç bunu nəzərə alırlarmı. Digər yandan ordudan yayınmaq kimi başağrısına çevrilmiş bu problem daha çox hərbidə xidmət edən zabitlərin də əsas qayğılarından biri hesab olunmaqdadır. Çünki, hər bir zabitin qarşısında qoyulan vəzifə borcu onun tabeliyindəki əsgərin sayəsində həyata keçir. Əsgər olmadan zabit heyətindən ibarət hərbi hissələr isə iflasa, yəni çuxura düşmüş durumda olur. 

Boşluğa açılan zənglər

Rusiyada hərbi mütəxəssislər çoxdan xəbərdarlıq edirdilər ki, hər bir əsgəri çağırış müddətində səfəbərlik normativləri ən azından 30 faiz aşağı səviyyədə olacaqdır. Bu da təbii olaraq hərbi hissələrin komplektləşdirilməsində əlavə problemlərə səbəb gətirib çıxaracaqdır. Hərbi ekspert, istefada olan general-leytenant Yuri Netkaçev qeyd edir ki, səfərbərlik məsələsində məsuliyyət daşıyan yerli qurumlar gücsüzdürlər. Əsgəri xidmətdən yayınanlarla bağlı polis idarələri öz öhdəsinə düşən vəzifəni yerinə yetirmir. Səfərbərliklə bağlı vətəndaşlarda maraq oyadılması isə dövlətin imkanları xaricindədir. Bəzən ordu komandanlığının əsgəri səfərbərliklə bütün tapşırıqların yerinə yetirilməsi haqqında şanlı məruzələri sadəcə saxtakarlıq deyil, həm də ordunun müdafiə qüdrətinə qarşı açıq bir xəyanətdir. 

Son vaxtlar milli respublikalarda milli hərbi hissələrin yaradılması istiqamətində təkliflər də səslənməkdədir. Aleksandr Nevskinin dönəmindən başlamış İkinci Dünya Savaşına kimi Rusiyanın bir dövlət olaraq hərbi səlnaməsində xüsusi rol oynamış milli hərbi hissələrin döyüş rəşadəti haqqında ciddi təhlillər belə ortaya qoyulmaqdadır. Ancaq, bununla yanaşı belə bir təklifə etiraz edənlərin sayı da xeyli dərəcədə artmışdır. Onlar demək olar ki, dövlətin bütün ali qurumlarına zənglər edərək öz etirazlarını nümayiş etdirirlər. Bu fikrin tərəfdarları qeyd edirlər ki, 1941-ci ildə Almaniyanın tərəfinə keçmiş 800 min, 1942-ci ildə 1 milyon 654 min, 1943-cü ildə 654 min, 1944-cü ildə 160 min, 1945-ci ildə 34 min nəfər hərbçinin yarıdan çoxu qeyr ruslar olmuşlar. Alman ordusunda Sovetlər Birliyinə qarşı döyüşən hərbi hissələrin heyətinin 70 faizi könüllü olaraq onların keçənlərdən ibarət idi. Bu gün durum bir qədər fərqli olsa da, qeyri rus xalqların, əsasən də Qafqaz kökənli vətəndaşların orduda xidmətdən yayınmalarının səbəblərindən biri də onların milli və dini inanclarına qarşı aparılan siyasət də onların xidmətdən yayınmanın artmasına gətirib çıxarmışdır. Belə ki, hərbi hissələrdə andiçmə mərasimlərini adətən yerli kilsələrin keşişlərinin də iştirakı ilə tamamlanır. Bu zaman sadəcə vətənə və dövlətə deyil, həm də kilsəyə sədaqətlə xidmət etmək bir şərəf və namus məsələsi kimi ortaya qoyulur. Kilsə ilə heç bir əlaqəsi olmayan, islam, buddist və Gök Tanrı inanclı, eləcə də kommunist düşüncəli əsgər və ya zabit kilsənin onların həyatına müdaxiləsini heç də normal hesab etmirlər. Bu insanlara qarşı hərbi hissə rəhbərliyi, hətta hərbi tribunal reaksiya verərək onları daim təhdid altında saxlayırlar. Rusiya İnsan Haqları üzrə ixgtisaslaşmış qurumlarının hesabatlarında da qeyd olunduğu kimi, orduda kilsə siyasətinə etiraz edənlərə qarşı hətta hərbi prokurorluq tərəfindən xüsusi qaydada cinayət işləri belə tətbiq olunmuşdur. Bu insanların mənsub olduğu toplum və sosial sahələr isə orduda digər inanclara da qayğı və sayğı göstərilməsini vacib hesab edirlər. Ancaq, ötən 20 il müddətində ordu rəhbərliyi hələ ki, bu tələblərə əməl etmək fikrində olmadığını nümayiş etdirmişdir. Ordudan xidmətdən yayınanların sırasında sadəcə islam dininə inanclı olanlar deyil, xristianlığın müxtəlif təriqət və məzhəblərinə inanclı olanlar da qoşulmağa başlamışlar. Çünki, Pravoslav kilsəsi bir tərəfdən rus şovinizmini, digər yandan öz strateji maraqlarını əsas prioritet kimi ortaya qoyduğu üçün, digər xristian inanclarının sərt şəkildə təqib olunması siyasətini ordudakı zabitlər tərəfindən tətbiq etməkdədir. Qafqaz kökənli insanlar isə bu iki faktoru ümumiyyətlə qəbul etmirlər. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az