Rusiyanın yetim qanunu

Rusiyanın yetim qanunu

Zahid Oruc

Dünya siyasi mərkəzləri ABŞ və Rusiya arasında gedən kəskin parlament savaşını narahatlıqla izləyir.Bu soyuqluğun son limit nöqtəsini və gərginliyin hara qədər inkişaf edəcəyini təxmin etmək olar.Belə ki,vacib nüvə,Əfqanısatan və antiterror məsələlərində dərin düşmənçiliyə gedilməyəcəyi heç kəsdə şübhə doğurmur.

Rus oliqarx-korrupsionerlərinə və insan haqlarını pozan məmurlara qarşı tətbiq olunan “Maqnitski qanunu”na əsəbi cavab reaksiyası daha orijinal və maraqlıdır.

Dima Yakovlevin hazırladığı sənəd artıq Putin tərəfindən imzalanıb.Lakin ruslar qəbul etdikləri səs-küylü aktlarında böyük hüquq müdafiə tədbirlərinin və bəşəri dəyərlərin içərisinə öz yetimlərini də qataraq sənədə daha proletar xarakter verməyə çalışmış, genefondlarında xüsusi çəkiyə malik olan valideynsiz uşaqları Amerika ilə savaşın önünə çıxarmışlar.Deməli,faşist Almaniyasının tətbiq etdiyi müharibə metodları müasir siyasət üçün də əlverişlidir.

Rusiya “ qara siyahı”nı hansı prinsiplərlə tətbiq edəcək? İlk növbədə, xarici məkanlarda vətəndaşlarının hüquqlarını pozan amerikanları ölkəsinə buraxmayacaq,onlara qarşı viza,əmlak,iqtisadi fəaliyyət hüquqlarını tanımamaq yönündə sanksiyaları işə salacaqdır.Oxşar Amerika qanununda məsələ heç də ingilis milləti adından qoyulmadığı halda təcrübəsiz və sadə rusiyalı üçün bu çox cazibədar bir addımdır.Xaricdə hər addımda hüquqları tapdalanların dövlət himayəsinə götürülməsi üçün yaxşı tutarqadır.

Ancaq kim zəmanət verir ki,bu müddəa işləyəcək? Belə ki,hansısa qərblinin cəzalanıb Rusiyaya buraxılmaması sıravi adamın vəziyyətində nəyi dəyişəcək?Belə görünür ki,soyuq müahirəbə qaydaları ilə vuruşan hər iki tərəfə sadəcə statistika lazımdır.

Qanunda həmçinin Amerika pulu ilə işləyən və ya pasportunu daşıyan qeyri-hökumət təşkilatlarının da fəaliyyəti qadağan edilir.Bunu çoxdan istəyən və həmin qurumları antidövlət agentura şəbəkəsi sayan Rusiya iqtidarı fürsətdən istifadə edib siyasi düşmənlərindən də xilas olmağı düşünür.

Ən mühüm məsələ yetim uşaqların Amerika insanları tərəfindən övladlığa götürülməsinin qadağan edilməsidir.Rus patriotları sanki bununla sayı yüz minlərlə olan kimsəsizləri deyil,uşaq həsrəti ilə yanan ingilis ailələrini cəzalandırdığını zənn edir.Halbuki,məhz belə yanaşmanın nəticəsində hər il 6 minə qədər şəxsin himayəyə götürülməsi mümkün olurdusa,bürokratik əngəllər və imtina qərarına görə ötən il Amerikaya verilən rus balalarının sayı cəmi 962 olmuşdur.

İndi amerikalılar rus parlamentarilərə müraciət edir ki,yetimlərə yaxşı gələcək vəd edən qəyyumluğa götürmə işinə son qoymasınlar.Çünki ötən illər ərzində çox böyük uğurların-elm,təhsil və idman nailiyyətlərinə imza atanların içərisində belə keçmişə malik uşaqlar az olmamışdır.

Rusiya isə Amerikanın acığına yetim evlərini sökməyi qərarlaşdırıb.Buradakı kontigenti ailələrə verəcəyini yəqin edən hökumət rəsmiləri düşünür ki,problem birdəfəlik həllini tapacaq. 

Halbuki,hər il Rusiyada müxtəlif səbəblərdən başsız qalan uşaqların sayı durmadan artır.Nəticəylə vuruşan və “yetim qanun” qəbul edənlər nəzərə almır ki,sosial vəziyyəti ağır,tibbi təminatı bərbad və ailə ənənələri xeyli sarsılmış rus cəmiyyəti sanki konveyer kimi taleyin ümidinə qoyulan kimsəsizləri istehsal edir.Rəsmi məlumatlara görə bu rəqəmin 650 min olduğu deyilsə də bu sahəyə bağlı fondlar və ekspertlər bunun 1 milyona bərabər olduğunu söyləyirlər.

Rus ailələri hər il onlardan yalnız 12 minini saxlamağa qəbul edir və bunun da yarısı övlad kimi rəsmiləşməyə qədər gedib çıxır.Belədə aydın olur ki,yetimi Amerikaya buraxmayan hökumət onları cinayət və kriminallığa sürükləyir. 

İndi dünyada hər ölkənin öz “qara siyahı”sı var.Siyasilər savaşır,itirənsə sadə insanlardır.”Yetimi düşünən qanun” onu son ümidindən də məhrum edir.Məşhur qərb misalı ilə desək,fillər savaşanda tapdalanan onların ayaqları altındakı otlardır!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az