Saakaşvili qərargah qurdu: Tiflisdə partlayışlar, İvanişvilinin qətli...

Saakaşvili qərargah qurdu: Tiflisdə partlayışlar, İvanişvilinin qətli...

Fridon Doçiya

Tiflis, xüsusi olaraq virtualaz.org saytı üçün

Bu günlərdə Kiyevdən səfərdən qayıdan Gürcüstan parlamenti nümayəndə heyətinin üzvləri Tisflisdə hakimiyyəti tezliklə ələ keçirməyi vəd edən “sakaşistlər”in (Saakaşvili tərəfdarları belə adlandırılır) bu qərarlarında qəti olduqlarını bildirir.

Gürcüstanın İnterpol tərəfindən axtarılan sabiq baş prokuroru Zurab Adeişvili ondan “Kiyevdə nə işiniz var, burada nə edirsiniz” deyə soruşan gürcü deputatlara belə cavab verib: “İl yarımdan sonra biz sizin bütün arzuları puç olmuş (hakim “Gürcü arzusu” koalisiyasını nəzərdə tutur-red.) o Gürcüstanınızı məhv edəcəyik. O zaman siz türmələrdə çürüyəcəksiniz. Bax, onda sənin yadına salacağam ki, mən burada neynirəm”.

Bu hədə-qorxu parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Viktor Dolidzə ünvanlanıb. V.Dolidz bu təhdidləri tamamilə real sayıb və Kiyevdə keçirdiyi mətbuat konfransında bu haqda danışıb.

“Bütün nəsillər Gürcüstan uğrunda” adlı QHT-nin sədri Georgi Salukvadzenin sözlərinə görə, o, bir neçə gün əvvəl Kiyevin “Şeraton” otelində sabiq prezident Saakaşvilinin tərəfdarları ilə görüşüb.

Məlum olub ki, Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının əsas rəhbərləri hazırda Ukraynaya yığışıb. Onların pulları və yaxşı əlaqələri var. O cümlədən kriminal dünya ilə əlaqələri var. Gürcüstan parlamentinin Vahid Milli Hərəkatdan olan üzvü Givi Tarqamadze “qanuni oğrular”la bağlı bütün məsələləri şəxsən özü həll edib tənzimləyir.

Bu məlumatlar Saakaşvili tərəfdarlarının Tiflisdə yaydığı “Vazaqaşvilinin qətli yalnız başlanğıcdır” şayiəsi ilə qəribə şəkildə üst-üstə düşür.

“Vahid Milli Hərəkatın fəalları o qədər azğınlaşıblar ki, onlar hətta Bdzina İvanişvilinin özünü də partlatmaqla hədələyirlər” - deyə Ukraynada mənzillənmiş gürcü müxalifətinə yaxın mənbə virtualaz.org saytının Tiflisdəki xüsusi müxbirinə bildirib.

Adının çəkilməsindən ehtiyatlanan mənbənin sözlərinə görə, Ukraynaya sığınmış gürcü müxalifətçiləri arasındakı təcrübəli diversantlar hal-hazırda artıq B.İvanişviliyə sui-qəsd planı hazırlamaqla məşğuldurlar. Amma İvanişviliyə sui-qəsdə qədərki mərhələdə Tiflisdəki strateji əhəmiyyətli obyektlərin bir neçəsində partlayışlar törədilməsi planlaşdırılır. Burada məqsəd əhalidə xof və narazılıq yaratmaqdır. Vazaqşvilinin qətli də bu mənhus planın tərkib hissələrindən biri kimi nəzərdən keçirilməlidir.

Daha bir məlumata görə, Mixail Saakaşvilinin özü də lap bu yaxınlarda Kiyev yaxınlığında Vahid Milli Hərəkatın fəalları ilə qapalı görüş keçirib. Saakaşvili onları Kiyevə xaricdən çağırmışdı.

Saakaşvili məhz bu görüşdən sonra öz yaxın ətrafına deyib ki, B.İvanişvilinin məsələsini tezliklə bitirəcəklər. Saakaşvilinin “Rustavi-2” telekanalının canlı yayımında müsahibə verərək “tezliklə bütün komandası ilə birlikdə Gürcüstana dönəcəyini” söyləməsi heç də təsadüfi deyil.

Məlumatlı mənbələr bildirir ki, Saakaşvili Ukraynada “Gürcüstana qayıdış qərargahı” adlı təşkilat yaradıb. “Sabiqlər” hazırda Ukraynada olan və ukraynalıların tərəfində ruslara qarşı vuruşan gürcü döyüşçülərini və yaraqlılarını da bu planlarının, daha doğrusu, sui-qəsdlərinin həyata keçirilməsinə cəlb etmək niyyətindədir...

Bu həyəcanlı informasiyalar istər-istəməz 2012-ci il hadisələrini yada salır. Saakaşvili və onun nəzarətindəki xüsusi xidmət orqanları o zamankı prezidentin ən əsas rəqibi olan B.İvanişvilini 1 oktyabr, 2012-ci il parlament seçkiləri ərəfəsində aradan götürməyə hazırlaşırdı. Məlum olduğu kimi, bu sui-qəsdin qarşısını o zaman ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland almışdı. Amerikalı diplomat İvanişvilini hazırlanan məşum plan barədə şəxsən özü məlumatlandırmışdı. Səfir səslər sayılıb qurtarana qədər İvanişvilini addımbaaddım müşayiət etmiş, ondan bir addım da aralanmamışdı.

“Kölgədəki prezident”i bu dəfə kim xilas edəcək?



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az