Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun tabeçiliyində olan "ULTEL” MMC-də özbaşınalıq hökm sürür.
VİZUAL.az xəbər verir ki, şirkət abunəçilərin ödədiyi aylıq abunə haqqını balansdan silir.
"Mən bu "ULTEL” kimi saxtakar şirkət görmədim. Aylıq internet bu gün bağlandı. Getdim 20 AZN internetə, 5 AZN də telefona ödədim. Amma internet açılmadı. Zəng Etdim. Dedilər ki, ödəniş olunmayıb”, - Zeynal Zeynallı adlı müştəri "Facebook” səhifəsində bu haqda məlumat verib.
Ondan əlavə, "ULTEL”in vətəndaşlara yaratdığı problemlər bitmək bilmir. Keyfiyyətsiz internet xidməti göstərən şirkətin əməkdaşlarını ünvana çağıranda sifariş pullu qəbul olunur. Sonra isə əməkdaş çağırılan ünvana gəlib internetdə, yaxud da modemdə olan problemi aradan qaldıra bilməsə də, müştəri hökmən pul ödəməlidir.
Şirkətlər, agentliklər "Ultel” şirkətinə telefon çəkilməsi ilə bağlı müraciət edəndə əvvəlcə telefonun çəkilişinin qiymətinin 30 manat olduğunu söyləyirlər, sonra isə şirkətin texniki şöbəsinin vasitəsi ilə "Ultel” şirkətinin rəhbərinin adından 50 metr məsafəyə kabel çəkilişinə görə 700 manat pul tələb edirlər.
"Ultel”in müştəri xidmətindən isə heç danışmağa dəyməz. Müştəri xidmətinə yaxınlaşanda müştərini gülərüzlə qəbul etmək əvəzinə, xidmətin əməkdaşları onlara kobud cavab verirlər.
Həftənin elə bir günü olmur ki, müştərilərlə operatorların arasında mübahisə hadisəsi baş verməsin. Dəfələrlə texniki şöbənin pul tələbi ilə bağlı vətəndaşlar haqlı iradlarını bildirəndə texniki şöbədən bildiriblər ki, "Ultel” şirkəti nazir Əli Abbasova məxsus olduğuna görə, qiymət problemi bizdən asılı deyil.
"Ultel” MMC-nin baş direktoru Əliqiyam Əsgərovun sabiq nazirin ən sevimli kadrlarından biri olduğu deyilir. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.