İngiltərədə yaşayıb-yaradan müğənni, bəstəkar, prodüser Sami Yusif 1980-ci ildə Tehran şəhərində anadan olub. Əslən azərbaycanlı olan Saminin baba və nənəsi Sovetlər Birliyi dövründə Bakıdan İrana köçmüşdülər. Onun 3 yaşı olanda isə valideynləri Böyük Britaniyaya köçür və bu günədək Sami valideynləri ilə birlikdə bu ölkədə yaşayır. Sami hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərir və bu həvəs onu dünyanın ən məşhur musiqi ocaqlarından birinə - Kral Musiqi Akademiyasına gətirib çıxarır. Həm qərb, həm də şərq musiqisini öyrənməsi onun musiqi duyumunun daha da dərinləşməsinə, qeyri-adi səs temrinin daha da püxtələşməsinə və sonda isə istedadlı, dünyaca məşhur, çox sevilən bir müğənni olmasına səbəb olur.
Sami Yusif "Əl-müəllim" adlı ilk albomunu 2003-cü ildə yazdırır və bu albom ona böyük populyarlıq gətirir. 2005-ci ildə isə onun "Mu Ummah" adlı daha bir albomu işıq üzü görür. Hər iki albom milyon yarım tirajla satılır. Bu ərəfədə bütün ərəb dünyasının, Türkiyənin hit-paradlarında Saminin mahnıları ilk yerləri tuturdu. Xüsusən də onun "Hesabi-Rəbbi" mahnısı bütün müsəlman ölkələrində yüksək reytinqə malik melodiya olur.
Əsasən dini mövzulara həsr olunmuş mahnılarında Sami Yusif Məhəmməd Peyğəmbərə (Ə. S) olan sevgisindən tutmuş İslam aləminin saflığını, paklığını, mərhəmətliliyini tərənnüm edir, Fələstində, İraqda, Sudanda və digər məkanlarda yaşayan müsəlman qardaşlarımızın ağrı-acısını bütün düya ictimaiyyətinə çatdırmağa çalışır.
Sami Yusif İngiltərədə yaşasa da, özü demişkən əslinə, kökünə sahib olan, azərbaycanlı olması ilə qürur düyan bir insandır. Misahibələrinin birində o, "Həyatıma baxdıqca çox məyus olduğum bir şey var, mən Azərbaycan dilini çox sevirəm. İngiltərədə böyüdüyüm küçələri, məhəlləri gəzməyi sevirəm. Amma mən ingilis deyiləm, olmaq da istəmirəm. Mən əslimə /azərbaycanlı/ sahib bir insanam!"
Bakıda "Mənim vətənim" adlı möhtəşəm bir solo-konsert verən və hətta bu konsertdə ona təklif olunan qanorardan belə imtina edən Sami Yusif tarixi vətənində verdiyi müsahibəsində "Azərbaycan mənim tarixi vətənimdir! Özüm Tehranda doğulsam da öz kökümü unutmuram. Azərbaycan zəngin tarixə və musiqi mədəniyyətinə malik olan ölkədir. O hər zaman öz mədəniyyətini, incəsənətini qoruyub saxlaya bilmişdir. Mən azərbaycan muğamını öyrənmişəm, əla bilirəm və ifa edirəm."
Saminin öz tarixi vətəni doğma Azərbaycanımıza ruhən bağlılığı, ona olan sonsuz istəyi vətənimizə, millətimizə düşmən kəsilənlərin yuxusuna haram qatmış oldu. Onlar müxtəlif vasitələrlə Sami haqında həqiqətə uyğun olmayan müxtəlif məlumatlar yaymaqla onu süni surətdə ölkəmizə qarşı qoymaq istəyirdilər. Bu məqsədlə mətbuatda yayılan xəbərlərin birində deyilirdi ki, guya azərbaycan əsilli müğənni Sami Yusif jurnalistlərə açıqlamasında , “ermənilərlə aramızda heç bir fərq yoxdur”, - deyərək əlavə edib ki, “Eurovision”da Ermənistan təmsilçilərinin çıxışını azərbaycanlılardan çox bəyəndim”. İddia edidiyinə görə, ermənilərlə azərbaycanlılar arasında heç bir problem olmadığını, düşmənçiliyə siyasətin səbəb olduğunu ifadə edən Sami Yusif: “Ermənistanda konsert verməyi düşünürəm. Məktəbdə erməni dostlarım da vardı. Heç bir fərqimiz yoxdur. İnsanları ayıran tək səbəb siyasətdir. “Eurovision” musiqi müsabiqəsini izlədim. Ermənilərin mahnsını Azərbaycanlı cütlükdən çox bəyəndim" - deyib. Lakin Sami Yusifin dərhal bu açıqlamaya reaksiya verərək onun yalan olduğunu qətiyyətlə bildirməsi düşmənlərimizin bədxah planlarını yarımşıq qoyub. O deyib ki, "Ermənistan haqqında yazılanlar yalandır. Onlara inanmayın!" Dünya şöhrətli müğənni Ermənistanda konsert vermək istəməsi və "Avroviziya -2009"da erməniləri dəstəkləməsi barədə yayılan xəbərləri birmənalı olaraq təkzib edib. Sami Yusif bu xəbərlərin yalan olduğunu bildirib və ümumiyyətlə belə bir açıqlama vermədiyini söyləyib/
Birləşmiş Millətlər Təşkilatının Barış elçisi olan Sami Yusif bütün dünyanın, eləcə də Azərbaycanın problemlərinə biganə qala bilmir. O, 2009-cu ildə ölkəmizin eləcə də bəşəriyyətin ən dəhşətli faciələrindən biri olan Xocalı Soyqırımının 18-ci ildönümündə xüsusi bəyanat verərək günahkarların cəzalandırılmasını tələb edərək deyib: "Biz heç bir zaman asılı olmayacağıq. Keçmiş Sovet İttifaqında yerləşən Xocalıda törədilən kütləvi qırğının 18-ci ildönümü qeyd edildi. Azərbaycanda və dünyanın başqa yerlərində baş vermiş bu və digər saysız vəhşiliklər barədə hər yerdə səslənməliyik. Biz səssizlərin və əzab çəkmişlərin səsiyik. Əgər biz sussaq, onların səsi susdurulacaq. O zaman bu əsarət özü qədər dəhşətli olmazmı? Hər kəsə sülh və xeyir – dua diləyirəm!"
Vətəninfo.az