Nataşa Korolyova
Tanınmış estrada müğənnisi Nataşa Korolyova /əsil soyadı Porıvay/ 31 may 1973-cü il tarixdə Kiyev şəhərində "Светоч" xor kapellasının dirijorları - Vladimir və Lyudmila Porıvayların ailəsində anadan olmuşdur. Nataşa uşaqlıqda Ukrayna televiziyası və radiosu Boyük uşaq xorunda çıxış etmişdir. Yeddi yaşında o, musiqi məktəbinin fortopiano sinfinə və xalq rəqslərinin xeoqrafiya studiyasına daxil olur. 12 yaşında ikən Nataşa uşaq mahnı festivalında bəstəkar Vladimir Bıstryakovla tanış olur və onun "Мир без чудеc" və "Куда уехал цирк" mahnılarını ifa edir. "Miraj" qrupunun tərkibində çıxış etməyə başlayan Nataşa 1987-ci ildə "Qızıl kamerton" müsabiqəsində iştirak edir və elə həmin il "Geniş dairə" teleproqramına dəvət alır.
1989-cu ildə Nataşa "Dünyanın uşaqları" uşaq pok-operası ilə ABŞ-a qastrola gedir. 1990-cı ildə isə müğənni bəstəkar İqor Nikolayevlə tanış olur. Məşhur bəstəkar məhz Korolyova üçün "Жёлтые тюльпаны" mahnısını yazır və bu mahnı Nataşaya hədsiz şöhrət və uğur gətirir. Elə səhnə üçün Korolyova soyadını götürməyi də Nataşaya Nikolayev məsləhət görür. Onun fikrincə, Prorıvay soyadı o qədər də yadda qalan deyil.
Nataşa 1991-ci ildə Kiyev sirk-estrada məktəbinin vokal şöbəsini, 2003-cü ildə isə Rusiya Teatr İncəsənəti Akademiyasını qırmızı diplomla bitirmişdir. Korolyova 1990-cı ildə dünya ölkələrinə qastrol səfərinə çıxır. O, İsraildə, Almaniyada, ABŞ-da geniş konsert proqramı ilə çıxış edir. Bundan başqa, Nataşa bir çox televiziya müsabiqələrində və verlişlərində də iştirak edir.
İstedadlı müğənninin yaradıcılığı kifayət qədər geniş və rəngarəngdir. O, 1990-cı ildə "Желтые тюльпаны", 1992-ci ildə "Дельфин и Русалка", 1994-cü ildə "Поклонник", 1995-ci ildə "Конфетти", 1997-ci ildə "Бриллианты слез", 2001-ci ildə "Сердце", 2002-ci ildə "Осколки прошлого", 2003-cü ildə "Веришь или нет", 2006-cı ildə "Рай там, где ты" və sairə bu kimi digər musiqi albomlarını yazdıraraq çoxsaylı pərəstişkarlarını sevindirə bilmişdir. Nataşa müxtəlif televiziya film və şoularında da uğurla çıxış edir. O, televiziya kanalarında aparıcı kimi də özünü sınayır.
Nataşa əvvəlcə 2009-cu, sonra isə 2011-ci ildə Moskvada gözəllik salonu açır. O dizaynla və zərgərlik kolleksiyası yaratmaqla məşğul olur. Korolyova iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyi bəstəkar İqor Nikolayevlə olub. Onlar doqquz il birgə yaşadıqdan sonra 2001-ci ildə ayrılıblar. Nataşanın ikinci həyat yoldaşı Tarzan ləqəbli müğənni Serqey Qluşkodur. Onlar 2003-cü ildə evləniblər. Onların bu nigahdan Arxip adlı bir oğulları var.
Musiqi sahəsində göstərdiyi xidmətlərə görə 2004-cü ildə "Rusiya Federasiyasının əməkdar artisti" fəxri adına layiq görülən Nataşa Korolyova bu gündə rus estradasının ən görkəmli nümayəndələrindən biri kimi uğurla öz fəaliyyətini davam etdirir.