Fiziki şəxs İradə Abbasovaya məxsus tikiş sexində məktəbli formalarının istehsalı və satışı qadağan olunub.
Bu haqda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitənin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət
Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ,
M.Vəkilov küçəsi, ev 2 "B” ünvanında fəaliyyət göstərən fiziki şəxs
İradə Abbasovaya məxsus tikiş sexində aparılan dövlət nəzarəti barədə
bir neçə gün bundan qabaq məlumat verilib. Məlumatda müəssisədə
"Uluxanlı” nişanı ilə istehsal olunan geyimlərin təhlükəsizliyi,
keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarıldığı, istehsalın
texnoloji təlimat olmadan həyata keçirildiyi, istismar olunan ölçmə
vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi qeyd olunub.
Aparılmış araşdırmalar zamanı fiziki şəxs İradə Abbasovaya məxsus
tikiş sexində başqasının əmtəə nişanından qeyri-qanuni istifadə edərək
xeyli miqdarda məhsul istehsal olunması da müəyyən edilib. Müəssisədə
üzərində "Bakı Tikiş Evi” ASC-yə məxsus "BTE” əmtəə nişanı olan
düymələr, etiketlər və hazır məhsullar aşkar olunub.
Bütün
bunlarla əlaqədar fiziki şəxs İradə Abbasovaya məxsus tikiş sexində
məktəbli formasının istehsalı və satışı qadağan edilib, İnzibati Xətalar
Məcəlləsinə uyğun protokol tərtib edilərək müəssisə rəhbəri
cərimələnib.
Məlumat üçün bildirək ki, qanunvericiliyə
əsasən məktəbli formaları Azərbaycanın qüvvədə olan dövlətlərarası
standart (ГОСТ 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst
geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və
dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında
istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi
tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri
əks olunmalıdır.
Məhsulların laboratoriya sınaqları
aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq
edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi
sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır.
Hazırda respublikada 2 müəssisənin - "Bakı Tikiş Evi” ASC və "Bakı
Tekstil Fabriki” MMC-nin istehsal etdiyi məktəbli formaları
akkreditasiya olunan müvafiq sertifikatlaşdırma orqanı tərəfindən
sertifikatlaşdırılıb.