ŞƏHİDLİK – Çoxlarının hiss edə bilməyəcəyi UCALIQ!
Ən əlçatmaz, ən ali, ən müqəddəs zirvə. O qədər böyük ki, nə əl uzadıb çatmaq olur, nə də yol yeriyib getmək. Bəzən insan müəyyən xəyallara qapılır-görəsən o zirvəni fəth edə bilərəmmi?
Heyhat, əsla fəth edə bilməz insan. Nədənmi? Çünki bu zirvəni fəth edən insanlar -öz canını, ailəsini, övladlarını, doğmalarını itirə biləcəyəni, bir də heç zaman görə bilməyəcəklərini gözə ala biləcək qədər böyük ürəyə sahib olan insanlardır. Dünyaya insan olaraq göz aça bilərsən, insan olaraq yaşaya bilərsən, amma insan olaraq bu dünyanı dəyişə bilmək -ÜRƏK İŞİ!
Şəhidlər məhz həmin ürəyə sahib olan insanlardır. Bilirik ki, insanın şəhidlik zirvəsinə yüksəlməsi fərqli kateqoriyalarda olur. İstərdim Vətənin bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn şəhidlərdən bəhs edəm-bir şəhid Vətən oğlunun övladı olaraq!
Uzun-uzadı düşündüm haradan və nədən başlayım deyə. Xatirəm çox illər öncəsinə doğru canlanmağa başladı:
Gecənin qaranlığında qapımızı döyən o həyəcanlı səsə oyandıq. Hər kəs özündən asılı olmayaraq qapıya doğru qaçdı. Sanki o xəbərin gələcəyini gözləyirdi hamı. Qapını açdıq. İki zabit qapıda dayanmışdı. Çox üzgün və yorğun şəkildə. İçərilərində hündürboylu birisi əlindəki papağı anama uzadaraq, öz papağını çıxartdı və dedi:
-Başınız sağ olsun fədakar xanım, həyat yoldaşınız şəhadət zirvəsinə ucalmışdır!!!
Ən son o sözü xatırlayıram. Sonrası mənim üçün müəmma... Gözlərimi açdığımda atamın üç mərasimini vermişdilər. Hər kəs təlaşla başımın üstündə dayanmışdı. Hətta bir ara mənim də öldüyümü düşünüblər, lakin nəfəsim duyulduğundan xəstəxanaya çatdırılmışam. O gündən bu günə yuxu kimi bir səhnə gözlərimin önündən getmir. Ani yıxılmağım və huşumun itməsiylə çox gözəl bir yuxunun sehrinə düşdüm. Hündür dağ başında, hər tərəf bənövşəli, yamyaşıl otlu bir yerdə gördüm özümü. Ətraf o qədər gözəl idi ki, hələ bu vaxtadək o gözəlliyi görə bilməmişəm. Birdən çiynimdə bir əl hiss etdim. Döndüyümdə atamın o nurlu simasıyla qarşılaşdım. Həmişə olduğu kimi boynuna sarılaraq, doya-doya öpdüm. Sağ olduğunu zənn etdim, düşündüm ki, qapımızı döyən zabitlər yuxu imiş. Ancaq heyf…
Mən bir yuxunun içindəydim. Atamdan niyə burda olduğunu soruşdum. Əllərimdən tutaraq dağın kənarına gətirdi və dedi:
-Məndən aşağıdakı sıldırım qayaları görürsənmi? Bax o qayalardan keçərək gəlmişəm, qorxma sən! Dünyanın ən gözəl yerindəyəm.
Necə sevindimsə "mən də səninlə burda qalacağam" dedim. "Yaşılgözlüm”- dedi, sən qayıtmalısan! İndi ananın əlləri işləmir, saçlarını kim toplayacaq, gözlərini kim siləcək?
Sən də mənimlə dön o zaman, bir yerdə gedək-dedim.
Atam üzümə baxaraq dedi:—Mən elə bir zirvədəyəm ki, geri qayıtmaq istəmirəm, yanımda çoxlu yer var, oranı isə əzizlərim üçün saxlamışam. Sənsə öz əzizlərinin yanındakı yerinə dönməlisən! Ən son bu sözləri eşitdiyimdə quyunun dibindən bir yalvarışlı səs duydum və yavaş-yavaş gözlərimi açdığımda başımın üstündə gözü yaşlı anamı və bayaqkı gözəlliyin əslində bir yuxu olduğunu anladım! Qəribəsi o idi ki, o yuxuyla bərabər gözlərimin yaşı da qurudu və mən ağlamadım. Nədənmi? Çünki mən atamın necə əlçatmaz, necə gözəl bir zirvədə olduğunu görmüşdüm və bu da ən böyük təsəllim idi.
O gündən bəri şəhid olan bütün Vətən oğullarının məhz o əlçatmaz zirvəyə—atamın olduğu o gözəl dağ başına getdiklərini bilirəm —axı atam onların gələcəyini demişdi! Ən çox da ailəsi olmayan, övladı olmayan şəhidlərimizin—Mübariz kimi!
Qoy kimsələr nə deyir desin. Mübariz o yüksək zirvədən atamla birlikdə bizlərə baxır və deyir —Üzülmə,Vətən! Neçə ki, sənin bizim kimi oğulların var, hər zaman ismin dünya adlı bu kəhkəşanda dolaşacaqdır! Neçə ki, torpaq bizim kimi oğulların qanlarıyla suvarılır—bərəkəti də gələcək nəsillərə örnək olacaqdır! Bu sözləri bəlkə də sizlər eşitmirsiz. Amma mən və mənim kimi minlərlə şəhid övladları, şəhid valideynləri, şəhid xanımları, şəhid bacı-qardaşları duyur və inanırıq.
Allah sizlərə rəhmət eləsin, Vətən oğulları!
MƏRYƏM ƏLİYEVA
Miq.Az