Şəkidə kənd məktəblərinin direktorları Təhsil Nazirliyi adından müəllimlərdən pul tələb edir
Şəki rayonu kənd məktəblərinin müəllim və texniki heyətindən pul tələb olunur.
Vətəninfo.az-ın Moderator.az-a istinadən
verdiyi xəbərə görə, təhsil ocaqlarının direktorları müəllim və texniki
heyətə bildirib ki, Bakıdan Təhsil Nazirliyindən məktəblərə yoxlama
gəlib. Yoxlamanı "yola vermək” üçün müəllimlərdən 150-200 azn tələb
olunub. Moderator.az-a açıqlama verən kənd müəlliminin sözlərinə görə,
o, Şəki rayonunun Aşağı Göynük və Selbasan kəndinin müəllim və texniki
heyəti ilə söhbət edib. Onların hər birindən yuxarıda qeyd olunan məbləğ
tələb olunmaqdadır:
"Mən adımın hallanmasını istəmirəm, çünki
bilirəm ki, adım keçən kimi işimi itirə bilərəm. Sizə dəqiq deyə
bilərəm ki, kənd məktəblərində işləyən müəllimlərdən pul tələb olunub.
Müəllimlərə bildirilib ki, pul verilməsə onlar işdən azad olunacaq. Hələ
ki, müəllim və texniki heyət sözü bir yerə qoyaraq tələb olunan pulu
vermirik. Mən burdan Təhsil Nazirliyinə səslənib demək istəyirəm ki,
bizdən onların adından pul tələb olunur.”