Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Səlim Müslümov Tovuz rayonunda bu rayonun və Ağstafa, Qazax, Şəmkir,
Gədəbəy rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, müraciətlər əsasən məşğulluğun təminatı, bərpa
müalicəsinə köməklik göstərilməsi, mənzil və minik avtomobilləri ilə
təmin olunma, müxtəlif sosial təminat növlərinin təyinatı və s.
məsələlərə aid olub.
Hər bir müraciət diqqətlə dinlənilib və
nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı
ilə obyektiv şəkildə araşdırılıb.
S.Müslümov müraciətlərdə qaldırılan məsələlərlə bağlı qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, müvafiq hallarda vətəndaşlara ətraflı hüquqi izahatların verilməsi və s. barədə göstərişlər verib. Qəbul zamanı bir sıra vətəndaşların və onların ailə üzvlərinin məşğulluq məsələsi yerindəcə həll edilib, onların aidiyyəti ərazi üzrə fəaliyyət göstərən müəssisələrdə boş (vakant) iş yerlərinə göndərişlə təmin olunması üçün tapşırıqlar verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan
məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün
qeydiyyata alınıb. Nazir həmçinin bir sıra şəxslərin əlillik
vəziyyətlərinin diqqətlə müayinə olunması, habelə ünvanlı dövlət sosial
yardımı almaq hüquqlarının olub-olmadığının müəyyən edilməsi və
nəticəsinə əsasən qanunauyğun qərarların verilməsini tapşırıb.
Mənzillə təminat məsələlərinə dair müraciətləri cavablandırarkən
S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun
tarixli Sərəncamının icrasının yüksək səviyyədə həyata keçirildiyini,
ölkənin bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 52 rayonda
inşa olunan 375 fərdi evdən bir qisminin tikintisinin artıq
yekunlaşdığını və istifadəyə verilməsinə başlanıldığını vurğulayıb:
"Tovuz
rayonunda da 9 fərdi ev tikilir. Həmçinin müharibə əlilləri və şəhid
ailələri üçün Ağstafa rayonunda 6 ədəd, Qazax rayonunda 14 ədəd, Şəmkir
rayonunda 6 ədəd, Gədəbəy rayonunda 4 ədəd fərdi ev inşa olunur. Onlar
iki və üç otaqlı evlərdən ibarətdir və hər birində normal yaşayış
şəraiti yaradılır. Fərdi evlərlə yanaşı, Bakı şəhərində və İmişli,
Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 yaşayış
binası da tikilir. Eyni zamanda həmin insanlar üçün hazır binalardan
mənzillərin alınması və təmiri işləri aparılır”.
S.Müslümov
inşa olunan mənzillərin yalnız Azərbaycanın ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil
olmuş şəxslər və şəhid ailələri üçün nəzərdə tutulduğunu, belə şəxslərin
isə dövlət hesabına mənzillə təmin olunmaq üçün rayon (şəhər) İcra
Hakimiyyətləri tərəfindən növbəyə alındığını diqqətə çatdırıb:
"Eyni zamanda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaqdan ötrü növbəyə dayanmaq istəyən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər müvafiq ərazi üzrə TSEK tərəfindən müayinə edilərək əgər minik avtomobilinə tibbi göstəriş müəyyən olunduğu təqdirdə növbəyə yazıla bilərlər.
Cari ilin ilk yarımilində bu
məqsədlə TSEK-lərə müraciət edən şəxslərin müvafiq müayinəsi
aparıldıqdan sonra onların 297 nəfərinə minik avtomobilinə tibbi
göstərişin olması barədə qərar qəbul edilib ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 20 faizədək azdır”.
Qəbula gələn
müharibə əlilləri və şəhid ailələri onlara dövlət qayğısının
artırılmasına, o cümlədən onlar üçün respublikanın regionlarında fərdi
evlərin tikintisinin aparılmasına görə Azərbaycan Prezidenti cənab İlham
Əliyevə minnətdarlıqlarını ifadə ediblər.