“...Sənin arvadını..” – Yunan nazirin Türkiyə və Ərdoğanı təhqiri qalmaqal yaratdı
Yunanıstan müdafiə nazirinin Türkiyə və Ərdoğan barədə ölçüsüz sözləri qalmaqala səbəb olub.
Panos Kammenos Ərdoğanın açıqlamaları və Mövlud Çavuşoğlunun Egey dənizindəki bəzi adaların Türkiyəyə aid olması, Lozanna müqaviləsinə yenidən baxılması gərəkdiyi barədə sözlərindən qıcıqlanıb. Yerli radiolardan birinə danışan yunan nazir od püskürüb. O, Ərdoğanı "amansız diktator” adlandırıb.
Türkiyənin torpaq iddialarına cavab verən Kammenos "Lozannanı dəyişiriksə o zaman Sevr müqaviləsinə dönək. Bu, qonşunun sənin arvadını istəməsi və gəlib onu aparacağını deməsi kimi bir şeydir” deyib.
Yunan müdafiə naziri ordunun istənilən təhdidə cavab vermək gücündə olduğunu və yunan xalqının narahat olmamasını bildirib.
Artıq Türkiyə müdafiə nazirliyi cavab bəyanatı verib. Nazirliyin cavabında "tərbiyəsiz şəkildə ifadə olunmuş bütün fikirləri eynisi ilə özlərinə göndəririk” ifadəsi yer alıb.
Qeyd edək ki, gərginliyin səbəblərindən biri də Yunanıstanın bir neçə gün öncə çevriliş cəhdi sonrası bu ölkəyə qaçmış hərbçiləri geri verməkdən imtina etməsi olub./azerbaycan24.com /
Miq.az