Bu gün XXX London Yay Olimpiadasında sərbəst güləş üzrə daha 3 idmançımız mübarizəyə başlayıb.
"Vətəninfo.az" xəbər verir ki, yarışın ikinci günündə Toğrul Əsgərov, Şərif Şərifov və Camaləddin Məhəmmədov döşək üzərinə çıxıb.
TOĞRUL ƏSGƏROV
60 kq çəki dərəcəsində mübarizə aparacaq Toğrul Əsgərov yarışa 1/8 final mərhələsindən qoşulub. Təmsilçimiz bu mərhələdə almaniyalı Tim Şleyçerlə qarşılaşıb. T.Əsgərov döyüşə Bakı vaxtı ilə saat 17:54-də çıxıb.
Hər iki hissədə rəqibindən üstün olan Əsgərov adını 1/4 finala yazdırıb. Güləşçimiz bu mərhələdə yaponiyalı idmançı Kenişi Yumoto ilə qarşılaşır. Həmin görüş Bakı vaxtı ilə saat 18:51-də başlayıb.
Əsgərov ilk hissədə rəqibini minimal hesabla məğlub edib - 1:0. İkinci hissədə üstünlüyünü qoruyan güləşçimiz yarımfinala adlayıb. Yarımfinalda Əsgərovun rəqibi ABŞ idmançısı Koleman Skott olub. Toğrul birinci hissədə 1:0, ikinci hissədə 5:0 hesabı ilə qalib gələrək finala adlayıb. Finalda onun rəqibi Besik Kudukov (Rusiya) olacaq. Görüş saat 22.54-da başlayıb. Toğrul Əsgərov hər iki hissədə inamlı qələbə qazanaraq (1:0, 5:0) olimpiya çempionu olub.
ŞƏRİF ŞƏRİFOV
Digər təmsilçimiz Şərif Şərifov (84 kq) da yarışa 1/8 finaldan qatılıb. Ş.Şərifov ilk döyüşündə Türkiyə güləşçisi İbrahim Bölükbaşı ilə üz-üzə gəlib.
İlk hissə Şərifovun xeyrinə başa çatır - 3:1. İkinci hissədə də üstünlüyünü əldən verməyən təmsilçimiz 1/4 finala yüksəlib. Ş.Şərifov bu mərhələdə amerikalı Ceyk Hebbertlə güləşəcək. Həmin döyüşə Bakı vaxtı ilə saat 19:07-də başlayıb. Şərif birinci hissədə 4:1, ikinci hissədə isə 6:0 hesabı ilə qalib gələrək yarimfinala çıxıb. Yarımfinalda Şərif Şərifovun rəqibi Ehsan Laşgari (İran) olub. Şərif rəqibinə qalib gələrək (1:0, 0:2, 2:1) finala çıxıb.
Şərifin finalda rəqibi Yusept Espinal (Puerto Riko) olacaq. Görüş saat 23.42-də start götürüb. Şərif ilk hissədə 5:1, ikinci hissədə 2:0 hesabı ilə qalib gələrək olimpiya çempionu olub.