Sərkisyan qiyamçılara müraciət etdi, aprel döyüşlərini yada saldı

Sərkisyan qiyamçılara müraciət etdi, aprel döyüşlərini yada saldı

Ermənistan prezidenti Serj Sərkisyan nəhayət İrəvanın mərkəzində cərəyan edən girov dramına münasibət bildirib və silahlı qrupa müraciət edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyan İrəvanda Post Patrul Polisinin polkunun binasını ələ keçirən və 5 polisi, o cümlədən 1 generalı girov saxlayan qrupu silahları təhvil verməyə çağırıb.

"Biz məsələnin dinc yolla nizama salınması üçün bütün mümkün tədbirləri görürük. Bir daha qrupu silahları yerə qoymağa çağırıram. Biz təmkinli hərəkət edirik və etməkdə davam edəcəyik. Hər vətəndaşın həyatı bizə qiymətlidir”-Sərkisyan hüquq-mühafizə orqanlarının rəhbərləri ilə  keçirdiyi müşavirədə deyib.


Onun sözlərinə görə, hakimiyyət belə hallara uyğun klassik ssenari üzrə hərəkət etməyib və silahlılara geri addım atmaq şansı yaradıb. "Ümid edirəm ki, onlar bir daha düşünəcəklər. Ancaq biz yol verə bilmərik ki, bütün cəmiyyət bu gərginliyin girovu olsun”-Sərkisyan bildirib.

Ermənistan prezidenti aprel döyüşlərini yada salıb və hamını təmkinə çağırıb. "Apreldən o qədər çox vaxt keçməyib ki, bizim cəmiyyətimiz baş verənləri yaddan çıxarmağı özünə rəva bilsin. Bir daha hamını Ermənistan Respublikası naminə, xalqın gələcəyi naminə təmkinə çağırıram”-o deyib.

Xatırladaq ki, Qarabağ müharibəsinin iştirakçısı olan silahlılar polis polkuna iyulun 17-də hücum edib, bu zaman 1 polis polkovniki öldürülüb. Silahlılar öz liderləri-"Şuşa” batalyonunun komandiri, hakimiyyəti silah yoluyla devirmək cəhdinə görə həbs edilmiş Jirayr Səfilyanın azadlığa buraxılmasını, Sərkisyanın istefa verməsini tələb edirlər. Səfilyan aprel döyüşlərindən sonra fəallaşıb və hakimiyyəti məğlubiyyətdə ittiham edib. O, könüllüləri yığaraq Qarabağda itirilmiş əraziləri geri qaytaracağı ilə hədələyirdi.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az