Siyavuş Novruzov da nazirlərə "od püskürdü"-Deputatdan sərt açıqlama
"Millət büdcəni gözləyir, nazirlər isə gəlməyib”
Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "2016-cı il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Miq.az xəbər verir ki, hakim partiyanın parlamentdəki təmsilçilərindən olan Siyavuş Novruzov büdcəyə dəyişikliklərin müzakirəsi zamanı nazirləri və Nazirlər Kabinetinin üzvlərini sərt tənqid edib.
"Burada dövlət büdcəsi müzakirə olunur. Bu, təkcə Maliyyə Nazirliyi və ya Mərkəzi Banka aid məsələ deyil ki! Amma iqtisadi blokdan olanlar yoxdur. Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və s. yoxdur. Növbəti iclasda hökumətin hesabatı veriləcək. Büdcə olmayan yerdə hesabat nəyə lazımdır”.
O bildirib ki, bugünkü müzakirələrdə iqtisadi bloka daxil olan nazirlərin heç biri iştirak etmir: "Bütün millət gözləyir ki, bu gün büdcə yenidən müzakirə olunacaq. Amma iclasda iqtisadi blokdan heç bir nazir yoxdur. Ola bilər ki, kimsə ezamiyyətdə olsun. Büdcə Samir Şərifovun və ya Elman Rüstəmovun büdcəsi deyil ki? Heç olmasa nazirlərin müavinləri iştirak etməli idi. Nazirlər Kabinetində 6 müavin var. Mənim onlara sualım var, amma heç biri burada yoxdur. Bu yanaşma dövlət başçısının yanaşmasına heç bir halda uyğun deyil. Hesab edirəm ki, hansısa fasilə ərəfəsində onlar bura dəvət olunmalıdır”
Spiker Oqtay Əsədov isə qeyd edib ki, nazirlərin çoxu prezidentlə birgə İrana rəsmi səfərə gedib: "Nazirlər Kabineti ilə bağlı dedikərinizlə isə razıyam”.
Miq.az