Sankt-Peterburqda “Tülpan İlham” kimi tanınan məşhur azərbaycanlı iş adamı, bu şəhərdə iri restoran biznesinə malik olan İlham Əliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşma barəsində qaldırılmış cinayət işinin istintaqı yekunlaşıb.
Vətəninfo.az saytı “Kommersant”a istinadən xəbər verir ki, istintaq materiallarına əsasən “Tülpan İlham” rəqibləri ilə mübahisələrini onları cismən aradan götürməklə həll edirmişdi.
Sankt-Peterburq üzrə İstintaq İdarəsinin verdiyi məlumatda deyilir ki, Azərbaycan sakinləri İlham Əliyev, Əli Şahrzayev, Qabil Əsədov və Xaliq Məhərrəmovun barəsində qaldırılmış cinayət işinin istintaqı yekunlaşıb və iş məhkəməyə göndərilib.
Həmçinin qruplaşmanın tərkibində olan Moskva vilayəti sakinləri Vyaçeslav Kulaqin və Andrey Mişenkin, İvanovo vilayətinin sakini Aleksey Averin də onlarla birlikdə mühakimə olunacaqlar.
Qruplaşma üzləri qətldə, sui-qəsddə, qanunsuz silah dövriyyəsində ittiham olunurlar.
Sankt-Peterburqdakı “Çinar” restoranlar şəbəkəsinin sahibi olan, biznesinə Rusiyada tülpan satmaqla başlayan və bu səbəbdən “Tülpan İlham” ləqəbini qazanan İlham Əliyev ötən ilin mayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, biznesmen Leonid Kolesnikova sui-qəsd təşkilində ittiham edilib.
Sankt-Peterburq İstintaq İdarəsinin şöbə rəisi Yuri Yaşkov bildirib ki, İ.Əliyevlə onun restoranının qonşuluğunda “Usadba” adında restoran tikən azərbaycanlı iş adamı İslam Sadıqov arasında münaqişə yaranıb. Belə ki, rəqib “Çinar”ın müştərilərini özünə cəlb etdiyinə görə “Tülpan İlham” onunla haqq-hesab çürütməyə qərar verib.
İ.Sadıqovun biznes ortağı, Leninqrad vilayətinin Sertolovo şəhərinin Sahibkarlar Şurasının rəhbəri olan Leonid Kolesnikov onunla “Tülpan İlham” arasında münaqişəni yoluna qoymaq üçün danışıqlara başlayıb. Lakin o, uğur qazana bilməyib. Üstəlik 2013-cü il aprelin 8-də L.Kolesnikova sui-qəsd olub.
İstintaq bu sui-qəsdin İ.Əliyev tərəfindən təşkil edildiyini müəyyən edib. Məlum olub ki, “Tülpan İlham” Q.Əsədov və X.Məhərrəmov vasitəsilə Kulaqin və Mişenkin familiyalı killerlərlə anlaşıb, L.Kolesnikovu öldürməyin əvəzində onları 2,5 milyon rubl verməyə boyun olub.
Bu sifariş əsasında Mişenkin Məhərrəmovun verdiyi tapança ilə Sertolovo şəhərinin Vıborq şossesi, 25 ünvanında Kolesnikova atəş açıb. Lakin silahın nasazlığı üzündən o, hədəfi ürəyindən vura bilməyib və çiyinindən yaralayıb. Kulaqin isə həmin vaxt Moskva vilayətində olub və Mişenkinə alibi yaratmaqla məşğul imiş.
Məhkəmə bu sifarişli sui-qəsd işi üzrə “Çinar” restoranlarının sahibi barədə həbs qərarı çıxarıb. Lakin biznesmen güclü əlaqələrindən istifadə edərək bir neçə gün sonra azadlığa çıxıb.
Həmin gün onu başqa ittiham – keçmiş ortağı Elçin Cəfərovun öldürülməsi işi üzrə həbs ediblər. E.Cəfərov 90-cı illərin sonlarında killerlər tərəfindən öldürülüb. Bununla belə istintaq İ.Əliyevin bu qətllə bağlılığına dair yetərli sübutlar toplaya bilməyib. Bu qətlin təşkilatçısı olan Əliyev familiyalı azərbaycanlı istintaq təcridxanasında qətlin sifarişinin İ.Əliyev tərəfindən verildiyinə dair ifadəsini gözlənilmədən dəyişib.
Nəhayət, müstəntiqlər İ.Əliyevi qətldə ittiham etmək üçün əsas tapa biliblər. Bu dəfə o, “Kamelot” restoranının sahibi Sərkis Petikyanın öldürülməsində ittiham edilib. İstintaq materiallarına əsasən Əliyevin sifarişi əsasında 2012-ci il, mayın 20-də təşkilatçı Əsədov Məhərrəmova təklif edib ki, 3 milyon rubla Ermənistan sakininin öldürülməsini təşkil etsin. Məhərrəmov isə bu məqsədlə İvanovo vilayətinin sakinləri Roman Boqdanovu və İlya Sevyurqini, habelə Averin familiyalı birini killer qismində cəlb edib.
2012-ci il, mayın 27-də Sevyuriqin familiyalı killer İnqilab küçəsi, 84 ünvanında yerləşən restoranda səhvən başqa erməniyə atəş açıb. Onun açdığı atəş nəticəsində “Kamelot” restoranının sahibi olan Sərkis Petikyan yaralanıb. S.Petikyan yaralansa da killerin əlindən tapançanı alıb və onu sinəsindən yaralayıb. Lakin killer yenidən silahı ermənidən alıb və restoran sahibini öldürüb. Petikyanın qardaşı killeri qovaraq tuta bilib, onu restorana qaytarıb, ancaq killer orada qanaxmadan ölüb.
Qeyd edək ki, “Tülpan İlham” həbs olunandan sonra onun restoranlarından ikisi sökülüb. O, əslən Azərbaycanın Masallı rayonundandır, böyük biznesə malik olub və hətta məlumatlara görə, milyarder hesab edilirdi.
İş adamı bir vaxtlar Bakıdakı “Buta Palace”də qızına dəbdəbəli toy etməsi və Şakira, Cenifer Lopes və Rihannaya bu toyda oxumaq üçün 6 milyon dollar verdiyi barədə məlumatlarla gündəmə gəlmişdi.