"Bakı-2015" I Avropa Oyunlarının başlanmasına 3 gün qalıb. SİA-nın məlumatına görə, artıq Bakıya turist axını başlayıb. Paytaxtın hər bir yerində xarici qonaqlara rast gəlmək mümkündür. Şəhərimizə gələn qonaqların Bakı və I Avropa Oyunları haqqında fikirlərini öyrənmək üçün bir neçə turistlə söhbətləşdik.

Şotlandiyadan gəlmiş Billmen Qomori dedi ki, Bakıya I Avropa Oyunlarına baxmaq üçün gəlib:
"I Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanda çox gözəl işlər aparılır. Bakıda çox görməli yerlər, istirahət üçün gözəl imkanlar mövcuddur. Burada göz oxşayan müasir binalar hər kəsi valeh edir. Azərbaycanın çox qonaqpərvər insanları var".
Rusiyalı turist Lilya isə paytaxtımıza ilk dəfədir səfər etdiyini bildirdi: "Bakıya nəvəm Leon ilə gəlmişəm. Şəhərinizə birinci səfərimdir. Paytaxtınız çox təmiz və qeyri-adi şəhərdir. Bakıya heyran oldum. Dənizkənarı park isə öz gözəlliyi ilə insanı valeh edir. Burada çox gözəl istirahət edirəm. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Biz birinci Avropa Oyunlarının açılış mərasimini də izləyəcəyik. Çox şadam ki, “Bakı-2015” birinci Avropa Oyunlarının şahidi olacağam və canlı izləyəcəyəm. Bu, mənim üçün çox böyük şansdır. Biz, həmçinin çimərlik voleyboluna da baxacağıq".
Bakıya Moskvadan gələn Yelena Lujkova paytaxtımızda rəqs nümunələri göstərəcəklərini qeyd etdi:

"Bakı çox gözəl və təmiz şəhərdir. Bura öz musiqi kollektivimizlə səfər etmişik. Qrupumuzun üzvləri burada müxtəlif rəqs nümunələri nümayiş etdirəcəklər. Heydər Əliyev adına Sarayda konsertimiz olacaq. I Avropa Oyunlarının keçirilməsi üçün Bakıda yüksək səviyyədə hazırlıq işləri aparılır".
Şotlandiyalı Moris də şəhərimizə "Bakı-2015"ə görə gəldiyini vurğuladı: "Bakıya I Avropa Oyunlarına görə gəlmişəm. Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının Azərbaycanda təşkil olunması çox yaxşıdır. Buradakı hazırlıq fantastikdir. Mən triatlon idmanı ilə məşğul oluram. “Bakı-2015”də də bu idman növünə xüsusi marağım var".
Rusiyadan olan Ulyana Lujkova isə payaxtımızın onu valeh etdiyini dedi: "Bakının gözəlliyi məni valeh etdi. Şərq ilə qərbin qarışığı olan Bakı şəhəri müasir binaları və qədim tikililəri ilə mənim çox xoşuma gəlir".
Ulyananın həmyerlisi Mariya Suşeva da şəhərimizdən çox xoşu gəldiyini bildirdi: "Bakı mənim çox xoşuma gəlir. Burada çoxlu hündür binalar var. Paytaxtınız öz müasirliyi və qədim tarixi memarlığı ilə çox gözəldir. Bakının tarixi yerlərini gəzdim. Qız Qalasında, İçəri Şəhərdə bir daha olmaq istərdim".