Vaqif Səmədoğlu vəfat etdi

Vaqif Səmədoğlu vəfat etdi

Xalq şairi Bakıda, 76 yaşında dünyasını dəyişib

Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu vəfat edib

Lent.az-ın məlumatına görə, V.Səmədoğlu bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar V.Səmədoğlunun bu gün səhər vəfat etməsini Lent.az-a təsdiqləyib.

Allah rəhmət eləsin.

Qeyd edək ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994).
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).

Şair, dramaturq, publisist,1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999) fəxri adlarına layiq görülüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az