Nazir müavini qeyd edib ki, dünyada turizmin inkişaf etdiyi ölkələrin əksəriyyətində sahibkarlar üçün vergi güzəştləri tətbiq edilir: "Bəlkə də bizdə də bunu tətbiq etmək vaxtı çatıb".
N.Səmədov bildirib ki, artıq aviabiletlərin qiyməti ucuzlaşıb, biletlərin qiymətlərinin endirilməsi artıq Azərbaycana gəlmək üçün turizm paketinin qiymətlərinə də öz təsirini göstərib. Eyni zamanda, viza ilə bağlı Nazirlər Kabineti "Turizm şirkətlərinə viza vermək hüququ verən akkreditasiya qaydaları"nı təsdiqləyib: "Artıq 65 turizm şirkəti bu hüquqa malikdir. İnanırıq ki, bu, Azərbaycana çoxsaylı turistlərin gəlməsinə imkan verəcək".
O, əlavə edib ki, viza ilə bağlı dünya təcrübəsinə əsaslanmaqla hazırlanan təkliflər Xarici İşlər Nazirliyinə təqdim edilib.
Hotellərdə qiymətlərin bazar tərəfindən tənzimləndiyini deyən N.Səmədov bildirib ki, bəzi sahibkarlar Mədəniyyət və Turizm Nazirliyinin təkliflərini və tövsiyələrini nəzərə almaqla qiymətləri endiriblər: "Dövlət olaraq bu sahədə hansısa islahatlar da aparmalıyıq. Bununla bağlı da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkliflər hazırlanıb".