Xəzər gələn il 5 yerə bölünəcək
Türkmənistan paytaxtı Aşqabad şəhərində 2016-cı ildə Xəzər dənizinin hüquqi statusu ilə bağlı növbəti Sammit keçiriləcək. Aşqabad Sammitində
Xəzərin statusu ilə bağlı yekun yekdil qərərın əldə olunacağı
gözlənilir.
Vətəninfo.az xəbər verir ki, bunu ANS PRESS-ə müsahibəsində
Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən, Qərərgah rəisi, 1-ci dərəcəli kapitan
Şahin Məmmədov bildirib. O deyib ki, indi Xəzər dənizinin hüququ
statusunun təyin olunması ilə bağlı bir çox problem var. Xəzərin
statusunun təyin olunmaması hansısa qarşıdurmaya, münaqişəyə gətirib
çıxarmır. Bu da bütün Xəzəryanı dövlətlərin hərbi dənizçilərinin
təmkinli, səbrli, beynəlxalq təcrübədən istifadə edərək bir-birinə qarşı
dostcasına münasibətindən irəli gələn məsələdir. Lakin Xəzərin hüquqi
statusunun təyin olunması ilə bağlı diplomatik kanallar işləyir. Xarici
İşlər Nazirliyi tərəfindən yaradılmış işçı qrupu bu sahədə fəaliyyətini
davam etdirir. Ola bilsin ki, 2016-cı ildə Aşqabad Sammitində Xəzərin
statusu ilə bağlı yekdil qərəra gəlinsin.

Xəzəryanı ölkələrin dövlət başçıları
Xarici İşlər Nazirliyindənr ANS PRESS-ə Sammitin hər il keçirildiyini, yekun sənədin imzalanması
ilə bağlı qərarın imzalanıb-imzalanmamsı ilə bağlı isə fikir söyləməyin
hələ tez olduğu bildirilib.
Ümumiyyətlə, Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin
zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə
alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında
(Aşqabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu
haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin
müavinləri səviyyəsində xüsusi işçi qrup yaradıldı. Xəzəryanı dövlətlər
arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu
göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə
baxmayaraq, bütün sahilyanı ölkələr, ümumiyyətlə, Xəzər dənizinin
bölünməsi məsələsinə tərəfdardırlar.
Dünyada enerji ehtiyatlarına tələbatın artması, eləcə də Rusiya ilə Qərb
arasında davam edən qarşıdurma fonunda Moskvanın Xəzər hövzəsi
ölkələrini Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın
razılaşdırılması istiqamətində danışıqlar prosesini sürətləndirməyə və
yekun qərarın əldə olunmasına sövq edir.
İndi Xəzərin yekun hüquqi statusunu müəyyən edəcək Konvensiyanın
razılaşdırılması məqsədi ilə işçi qrupların görüşü davam etdirilir.
Xəzəryanı dövlət başçılarının növbəti zirvə toplantısının gələn il
Aşqabadda keçirilməsi razılaşdırılıb.
Xatırlatmaq yerinə düşər ki, 2015-cü il martın 5-də işçi qrupunun
toplantısında tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı
Konvensiyanın 6-cı maddəsi üzrə tam razılıq əldə ediblər. Azərbaycan
xarici işlər nazirinin müavini Xələf Xələfov mətbuata bildirib ki, bütün
tərəflər anlaşmaya yaxındır. Biz Xəzər dənizinin statusuna aid problem
kimi qalan məsələlərlə bağlı koordinasiyanı qısa müddətdə başa
çatdıracağıq. İşçi qrupu Xəzərin statusundan əlavə olaraq bioloji
ehtiyatların qorunması, ekoloji məsələlərlə bağlı sazişlərin
imzalanmasını da başa çatdırmaq istəyir. Bura xüsusilə balıqçılıq
zonasının müəyyən olunması daxildir.

Xələf Xələfov - Azərbaycanın xarici işlər nazirinin müavini
Azərbaycan mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinin
tərəfdarıdır və Xəzər dənizində demilitarizasiyanın tərəfdarı kimi çıxış
edir. Türkmənistan sahilyanı ölkələr arasında dənizin dibinin konkret
hissələrində onların hüquqlarını müəyyənləşdirən razılaşma imzalanmadan
birtərəfli şəkildə işlərin görülməsinə qarşıdır. Xəzər dənizinin
statusuna dair Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi ilə
razılaşmayan digər Xəzəryanı ölkə isə İrandır. İran Xəzərin statusu ilə
bağlı Sovet İttifaqı ilə İran arasında imzalanmış müqavilələri bir
kənara qoymağı təklif edir.
Beləliklə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin bölünməsi ilə bağlı mövqeləri belədir:
Azərbaycan – Rəsmi Bakı hamılıqla qəbul edilmiş beynəlxalq-hüquqi orta xətt və
onun əsasında Xəzərin milli sektorlara bölünməsi prinsipindən çıxış edir
və bəyan edir ki, hər dövlət öz milli sektoru üzərində müstəsna
suverenliyə malikdir. Azərbaycanın xarici şirkətlərlə birgə işlənməsini
nəzərdə tutduğu yataqlar dənizin ona məxsus sektorunda yerləşir. Xəzər
dənizinin qərb sahilində yerləşən Xəzər dənizinin dibinin və səthinin
beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektorlar
bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili
milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya
və Qazaxıstanla ortaq mövqe sərgiləyir. Azərbaycanla Qazaxıstan arasında
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Azərbaycan və
Qazaxıstanın Xəzər dənizində sərhədlərinin müəyyən olunması barədə
müqavilə imzalanıb. 2003-cü il mayın 14-də isə Azərbaycan, Qazaxıstan və
Rusiya Xəzər dənizindəki milli sektorlarının sərhədlərini müəyyən edən
razılaşma imzalamışdılar. Bu razılaşma 3 dövlətin su sərhədlərinin ortaq
xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin ölkələrə
neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar
etməsinə şərait yaradır.
Azərbaycanın əsas mübahisəsi İran və Türkmənistanla mövcuddur. Dənizin
dibinin orta xətt boyunca bölünməsini son illərdə dəstəkləməyə başlayan
Türkmənistan bununla belə Azərbaycanla "Kəpəz" yatağına görə mübahisə
edir. Azərbaycan Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.

Xəzər dənizi
Rusiya – Xəzər dənizində sərhədləri müəyyən olunmuş yeganə ölkədir. Xəzər
dənizi boyu həmsərhəd olduğu Azərbaycan və Qazaxıstanla imzalanmış
müqavilələr Rusiyanın dəniz sərhədlərini müəyyən edib. Xəzər
sahillərinin 16 faizi Rusiyaya məxsusdur.
İran – Xəzərin cənub və bir qədər də cənub-qərb sahillərini əhatələyir.
Xəzər dənizinin İran sahili 900 kilometrdir. Xəzəryanı ölkələr arasında
ən radikal mövqe İrana məxsusdur. Bu ölkə Xəzər dənizində sərhədlərin
yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyir.
Eyni vaxtda 90-cı illərin əvvəllərində Xəzər dənizinin dibinin və
səthinin, o cümlədən mineral resurslarının birgə istifadə olunmasını
təklif edir.
İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin
tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran
tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər
arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4
Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi
xaric ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin
qadağan olunmasını dəstəkləyir. Xəzər sahillərinin 14 faizi İrana
məxsusdur.
Qazaxıstan – Xəzər dənizinin quru sərhədindən başlayaraq orta xətt boyunca müəyyən
olunmasının tərəfdarıdır. Qazaxıstan 2003-cü ilin mayında Azərbaycan və
Rusiya ilə imzaladığı müqavilələr əsasında Xəzər dənizinin 64 faiz
sərhədini müəyyən edib. Rusiya ilə mübahisəli mövzusu olan Xvalınoe,
Mərkəzi və Qurmanqazı neft yataqları iki ölkə tərəfindən birgə istismar
olunur. Xəzər dənizinin 29 faizi Qazaxıstana məxsusdur.
Türkmənistan – Xəzər dənizinin şərq istiqamətində yerləşir. Xəzər dənizi ilə
Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. 2005-ci ildən
Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də,
Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.
Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə
bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Dünya
təcrübəsində orta xəttin "xüsusi vəziyyətlər” nəzərə alınmaqla
müəyyənləşdirilməsi təcrübəsi də var. Məhz bu "xüsusi vəziyyətlər”
1982-ci ildə qəbul olunmuş BMT-nin dəniz sərhədlərinin
müəyyənləşdirilməsi ilə bağlı Konvensiyasının tətbiqinə bəzi əngəllər
yaradır. Bu amili nəzərə alan Aşqabad hesab edir ki, Xəzərin
Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası
və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu
prinsiplə razılaşmır. Xəzər sahillərinin 20 faizi Türkmənistana aiddir.
Xəzərin hüquqi statusu ilə bağlı keçirilən sammitlərin tarixi:
- 2002-ci il aprelin 23-24-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Xəzəryanı dövlət
başçılarının I sammiti keçirilib. Prezidentlər Heydər Əliyev
(Azərbaycan Respublikası), Saparmurad Niyazov (Türkmənistan
Respublikası), Məhəmməd Xatəmi (İran İslam Respublikası), Nursultan
Nazarbayev (Qazaxıstan Respublikası) və Vladimir Putinin (Rusiya
Federasiyası) iştirakı ilə Aşqabadın "Ruhiyyət" sarayında keçirilən bu
toplantı Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə görüşü idi.
- Xəzəryanı ölkələrin dövlət başçılarının II sammiti 2007-ci il
oktyabrın 16-da Tehranda keçirilib. Xəzəryanı ölkələrin dövlət
başçılarının Tehranda keçirilən II sammitinin yekunu olaraq Bəyannamə
imzalanıb. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan
prezidentlərinin imzaladığı sənəd 25 bənddən ibarət olub.
- 2010-cu il noyabrın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin,
Rusiya Prezidenti Dmitriy Medvedyevin, Qazaxıstan Prezidenti Nursultan
Nazarbayevin, İran Prezidenti Mahmud Əhmədinejadın və Türkmənistan
Prezidenti Qurbanqulu Berdıməhəmmədovun iştirakı ilə Xəzəryanı Ölkələrin
Dövlət Başçılarının III Zirvə Görüşü keçirilib.
- 2014- cü il sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət
Başçılarının IV Xəzər sammiti keçirilib. Sammitdə Xəzəryanı ölkələrin
qarşılıqlı fəaliyyətinin əsas məsələlərinin müzakirə olunub, çoxtərəfli
sənədlər imzalanıb.

Xəzəryanı ölkələrin Həştərxan Sammiti
Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə qədər gələn ilin
birinci rübündə xarici işlər nazirlərinin toplantısının keçirilməsi
nəzərdə tutulur. Həmin toplantıda sammitdə müzakirə olunacaq layihələr
üzrə müzakirələr aparılacaq. İşçi qrupunun gündəliyində əsas məsələ
Xəzərin statusu ilə bağlı yekun sənədin imzalanmasıdır.
Bir sözlə, 5 Xəzəryanı dövlətdən üçü Xəzər dənizinin orta xəttinin
müəyyənləşdirilməsinin və onun sektorlara bölünməsinin bir metodunu, iki
dövlət isə başqa metodunu təklif edir. Formal baxımdan yanaşdıqda,
Azərbaycanın çoxluqda olan cinahda qərar tutmasının ona müəyyən
üstünlüklər yaratdığını demək olar. Enerji daşıyıcılarının müxtəlif nəql
marşrutlarının təklif olunması, mübahisəli yataqlar üzrə tərəflərdən
bəzilərinin qeyri-konstruktiv mövqeyi Xəzərin statusu ilə bağlı
müzakirələrin yaxın perspektivdə Konvensiyanın imzalanması ilə
nəticələnəcəyini deməyi çətinləşdirir. Amma bütün bunlara baxmayaraq,
Xəzərin dostcasına bölünməsinin vaxtı çatıb. Çünki Xəzər dənizi münaqişə
məkanı yox, sülh, dostluq, əmin-amanlıq dənizi olmalıdır.