Xəzərdə Ermənistan - Azərbaycan müharibəsi

Xəzərdə Ermənistan - Azərbaycan müharibəsi

İrəvan Azərbaycanla qarşıdurmaya Moskvanı da cəlb etməyə çalışır

Rusiya mətbuatında çıxış edən erməni şərhçilər iddia edirlər ki, Qazaxıstan və Türkiyə Xəzərin altı ilə Azərbaycana gizli qaz kəməri çəkirlər.

İstiPress-in məlumatına görə, bu iddia ilə "Regnum"da məqalə ilə çıxış edən erməni əsilli şərhçi Sarkis Saturyan iddia edir ki, bu məsələdə Britaniya biznes dairələrinin xüsusi marağı var:

"Bu layihənin əsas operatoru kimi BP korporasiyası çıxış edir. BP 2018-ci ilin ortalarına Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərlərinin Gürcüstan hissəsini tikintisini başa çatdırır. "ExxonMobil” və "Chevron” şirkətlərinin şəxsində amerikalılar da maraq göstərirlər. Gözlənilir ki, Transxəzər qaz kəməri Türkmənistan qazını Azərbaycandan keçməklə Avropa Birliyi ölkələrinə çıxarmağa imkan verəcək. Bununla belə, Londonda Moskvanı duyuq salmamaq üçün Aşqabadın adını çəkmək istəmirlər”, - deyə müəllif iddia edir.

Sarkis Saturyan Türkmənistanın bu yaxınlarda Xəzərdə, Uzunada rayonunda 7 kilometr dərinlikdə iri qaz yatağının aşkar etdiyni bildirir: "İlkin qiymətləndirmələrə görə, yataqdan gündəlik hasilat 500 min kubmetr qaza və 150 ton kondensata çata bilər. Özü də infrastruktur buna imkan yaradır: Türkmənistan hələ 2009-cu ildən Xəzər dənizində sıxılmış təbii qazın nəqli üzrə terminallar tikir, 2017-ci ilin əvvəlindən respublika rəhbərliyi Türkmənbaşıda beynəlxalq limanın tikilməsi üçün 1,5 milyard dollar vəsait ayırıb. Bu, bərə, sərnişin və konteyner terminallarının tikintisini nəzərdə tutur. Gələcəkdə bu, Aşqabada, ümumiyyətlə, "Transneft”n magistral boru kəmərlərindən imtina etməyə imkan yaradacaq”.

Başqa bir erməni müəllif Arseniy Poqosyan isə "Life.ru”da yazdığı məqaləsində iddia edir ki, Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi TANAP və TAP layihələri Rusiyanın "Türk axını" layihəsini boş qoya bilər. Məqalə müəllifi iddia edir ki, Azərbaycanın gerçəkləşdirəcəyi TANAP layihəsi Türkiyəni "Türk axını” layihəsi ilə Rusiyadan alacağı 16 milyard kubmetr qazı ildən ilə azalda bilər: "Türkiyə Azərbaycanın TANAP qaz kəmərinə qoşulmalıdır. Bu kəmərlə Ankara əvvəlcə ildə 10 milyard kubmetr, 2016-cı ildən isə 31 milyard kubmetr qaz alacaq”. Poqosyanın fikrincə, Türkiyə TANAP-dan Rusiya qazının qiymətini aşağı salmaq də istifadə edəcək.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İstiPress-ə müsahibəsində erməni jurnalistlərin bu iddialarını gülünc adlandırıb. Sarkis Saturyanın Türkmənistanın Uzunada yatağı barədə dediklərini şərh edən İlham Şaban bildirib: "Saturyan Uzunada yatağından gündəlik 500 min kubmetr qaz çıxarılacağını vurğulayır. Bu ildə 180 milyon kubmetr qaz edir. Bunun nəyi böyük yataqdır? Bu, bizim Şirvan şəhərinin istehlak etdiyi qazdan da bir az artıqdır”.

Əslində, məqalələri diqqətlə oxuduqda erməni müəlliflərin real rəqəmlərlə və faktlarla analiz aparmaq əvəzinə Rusiyada Azərbaycanın və Türkiyənin əleyhinə nifrət yaratmaq niyyətində olduqlarını anlamaq çətin deyil. Hər halda, TAP və TANAP kəmərləri Azərbaycan qazının Türkiyədən çox Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlərlə Cənubi Avropaya veriləcək 10 milyard kubmetr qaz Avropa qaz bazarında Rusiyanan maraqlarını heç cür zəiflədə bilməz. Hər halda, Avropada ildə 550 milyard kubmetr qaz istehlak edilir ki, bunun da yarıdan çoxu Rusiyanın payına düşür. Yəni, Azərbaycan bu cür nəhəng qaz həcmləri ilə rəqabət aparmaq imkanında deyil.

BP-nin Türkmənistan qazını Avropaya idxal etməklə bağlı planlarına gəldikdə isə, bu da həqiqətdən çox uzaqdır. BP-nin Azərbaycan bölməsində kuluar söhbətlərində həmişə belə iddiaların əsassız olduğu vurğulanır. "Bizim məqsədimiz Avropa bazarında Azərbaycan qazını satmaqdır. Türkmənistan kimi böyük potensialı olan istehsalçını niyə öz kəmərimizə qoşmalıyıq? Özümüzə niyə rəqib yaradırıq?” - deyə təəccüblənirlər. Türkmənistan özü də uzaq Avropaya yox, yaxınlığında yerləşən Çin və Hindistan kimi perspektivli bazarlara qaz nəql etməkdə maraqlıdır.

Bu cür faktlara baxmayaraq, rus KİV-lərində çalışan ermənilər Türkiyə və Azərbaycan əleyhinə təbliğat aparmaqdan çəkinmirlər. Müəyyən araşdırma apardıqda həmin ermənilərin fəaliyyətinin İrəvandan koordinasiya edildiyini görmək mümkündür. Yüksək çinli erməni məmurların da analoji bəyanatlar səsləndirməsi bu cür düşünməyə imkan yaradır. Məsələn, Ermənistan müdafiə naziri Viqen Sarkisyan bu günlərdə "İnterfaks”a verdiyi müsahibəsində Türkiyənin Rusiya üçün ciddi hərbi təhlükə təşkil etdiyini iddia edib. Halbuki, iki ölkə arasında dialoqun çox müsbət inkişaf dövrünə qədəm qoyduğunu da inkar edə bilməyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az