“Xocalı soyqırımını dünyaya tanıdaq!”
"Xocalı soyqırımını dünyaya tanıdaq!” layihəsinin təqdimat mərasimi keçirilib
Xırdalan şəhərindəki "AAAF Park” İstirahət Mərkəzinin zalında "Xocalı soyqırımını dünyaya tanıdaq!” layihəsi çərçivəsində hazırlanacaq fləşmobun layihəsinin təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən tədbiri Birliyin sədri, "Ana harayı” qəzetinin baş redaktoru, "Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan soydaşlarımızın müqəddəs xatirələri 1 dəqiqəlik sükutla yad olundu.

Ş.Sabiroğlu, rəhbərlik etdiyi Birliyin fəaliyyəti barədə qısa məlumat verdi. Dedi ki, ötən 8 il müddətində bu Təşkilatın xəttilə Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində geniş tədbirlər və uğurlu layihələr həyata keçirilib. O, məlum soyqırım barədə fləşmobun hazırlanması üçün qərar qəbul etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı, bu məqsədlə Təşkilat Komitəsi və onun nəzdində işçi qrupunun yaradıldığını qeyd etdi. Ş.Sabiroğlu yenicə dizayn edilmiş fləşmobu tamaşaçılara təqdim etdi və sonra sözü bu layihənin rəhbərlərindən olan jurnalist Ramil Adiloğluna verdi. Ramil müəllim XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının insanlığa qarşı bəşəri cinayət olduğunu bildirdi. R.Adiloğlu, bu il fevralın 20-də Bakının Xətai rayonundakı "Ana harayı” abidəsinin qarşısında 2000 nəfər dinc sakinin iştirakı ilə fləşmobun lentə alınacağını qeyd etdi. Natiq bildirdi ki, layihənin uğurlu alınmasından ötrü Ukraynadan peşəkar qrim ustaları, İran İslam Respublikasından isə çəkiliş qrupu Azərbaycana dəvət olunub. Daha sonra çıxış edən "Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Hüquq şöbəsinin müdiri, Xocalıdan məcburi köçkün Ceyran Əzizova, məlum soyqırımın Azərbaycan xalqının namus, vicdan məsələsi olduğunu dedi. O, layihənin yüksək səviyyədə baş tutması üçün imkanlı şəxslərə, habelə, idarə və müəssisə rəhbərlərinə müraciət etdi. Natiq qeyd etdi ki, fləşmobun videoyazısı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş 12 xarici dilə tərcümə olunduqdan sonra dünyanın 100-dən çox ölkəsində, habelə, ölkəmizin tele-radio kanallarında, saytlarda və sosial şəbəkələrdə yayımlanacaqdır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xocalı şəhərindən məcburi köçkün Elman Məmmədov "Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəaliyyətinin rayon rəhbərliyi tərəfindən daim təqdir olunduğunu bildirdi. Belə möhtəşəm layihənin hazırlıq prosesi üçün imkanları daxilində dəstək olacaqlarını vurğuladı. Azərbaycan Dillər Universitetinin Professoru Məhəmməd Teymurlu, Azərbaycan Dillər Universitetinin Alman dili Kafedrasının dosenti, şair-tərcüməçi Yusif Savalan, "Qarabağ bülbülləri" ansamblının solisti kimi Azərbaycan mədəniyyətinə böyük töhfə verən istedadlı müğənni Tacir Şahmalıoğlu, "Azərbaycan-İraq Mədəni Əlaqələr” ictimai birliyinin sədri Tahirə Məmmədova, "Xankəndi Məcburi Köçkünlərə Dəstək” ictimai birliyinin sədri Xatirə Vəliyeva, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Sumqayıt Veteranlar Təşkilatının üzvü Mirməhəmməd Əliyev, "Abşeron təhsili” qəzetinin baş redaktoru Anar Nağıyev və başqaları bu layihənin uğurlu alınması naminə zəruri dəstək göstərəcəklərini bildirdilər.
Miq.az