Hər zaman maraqlı layihələri ilə öndə olan və gənclərin marağına səbəb olan YAP gənclər Birliyi növbəti "Siyasi Debat” adlı layihəsinin açılışını etdi. Layihədə elan olunduğu gün qeydiyyatdan keçmək üçün 370 nəfərdən çox adam müraciət etdi. Layihəyə seçim üç mərhələdən ibarət oldu. İlkin mərhələdə qeydiyyatdan keçənlərin 78 nəfəri ikinci mərhələ keçdi. Seçimin ikinci mərhələsində isə YAP Gənclər Birliyinin koordinatorları tərəfindən müsahibə yolu ilə keçirilən seçimdə isə 35 nəfər gənc layihədə iştirak etmək üçün vəsiqə qazanmışdır.

Layihənin açılış mərasimində YAP icra katibinin müavini, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İcra katibliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, YAP Siyasi şurasının üzvü, Gənclər Birliyinin sədri Seymur Orucov öz çıxışları ilə iştirakçılara müvəffəqiyyət arzu edib və təcrübələri ilə bölüşüblər. Politoloqların, siyasi-ictimai xadimlərin, dövlət məmurlarının, Milli Məclisin deputatlarının iştirakı ilə keçiriləcək layihənin əsas məqsədi siyasətə marağı olan gənclərə siyasətin incəliklərini aşılamaq, onların beynəlxalq miqyasda, ölkələr arasında baş verən siyasi gedişatlara düzgün rəy verməklərini təmin etməkdir. Onu da qeyd etmək lazımdır ki, layihə iştirakçılarının hər biri ingilis və rus dillərində sərbəst danışırlar. Dil biliklərini nəzərə alaraq "Siyasi Debat” layihəsinin iştirakçılarına yerli mütəxəssislərlə yanaşı, xarici təlimçilərin dəvət olunması nəzərdə tutulub.

Layihədə təlim və seminarların keçirilməsi ilə yanaşı, müxtəlif siyasi oyunlar, dəyirmi masalar hətta beynəlxalq debat klubunun üzvləri ilə virtual olaraq online debat aparmaq imkanları olacaqdır. Layihəni uğurla başa vurmuş gənclər arasından imtahan və müsahibə yolu ilə bir qrup gənc seçiləcək ki, gələcəkdə onlar Azərbaycanı istər ölkədaxili, istərsə də beynəlxalq miqyasda olan debatlarda Azərbaycanı layiqincə təmsil etsinlər.
