“Yarımçıq əlyazma”- ruhumuzun təmizlənməsində qiymətli sənət əsəridir

“Yarımçıq əlyazma”- ruhumuzun təmizlənməsində qiymətli sənət əsəridir

Yeni nəfəs, yeni fikir, yeni yol – tam sənət incisində

Filologiya elmləri doktoru,professor, əməkdar elm xadimi,AMEA-nın müxbir üzvü, dilşünas, ədəbiyyatşünas Kamal Abdulla Azərbaycan ədəbi mühitinə fikirləri, düşüncələri, qələmi ilə yenilik gətirən yazıçılarımızdan biridir. Son onilliyin ən uğurlu əsəri sayılan, sonsuz oxucu rəğbəti qazanan “Yarımçıq əlyazma” əsəri Azərbaycan ədəbiyyatında yeni bir yolun, fikirin təməlini qoydu. Ədəbi mühitdə öz sözünü deyə bilməyən, ədəbiyyata təsadüfən gələn, Kamal Abdullanın fəth etdiyi zirvələri qəbul etməkdə çətinlik çəkən bəzi yazarların yazıçının qələminə qısqanc münasibəti bəzən məntiqsiz tənqidi fikirlərin səslənməsinə gətirib çıxarır. Yeni nəfəsi, yeni ədəbi addımı qəbul etmək lazımdır. Bunun üçünsə əsərin daxilinə varmaq gərəkdir.

Təkcə Azərbaycanda deyil, dünyanın bir çox dövlətlərində də oxucuların sevə-sevə oxuyub qiymət verdiyi bu əsər bir daha Dədə Qorqud dastanına baxışımızın yenilənməsində, ruhumuzun təmizlənməsində qiymətlisənət əsəridir.

Bütün dünya xalqlarında mənəvi köklərə qayıdış prosesi geniş vüsət alır. Mənəvi əsaslara söykənməyən cəmiyyətin gec-tez iflasa uğrayacağını anlayan hər kəs soy kökünü öyrənərək, araşdıraraq, onu həyata tətbiq edərək mənəvi tənəzzülün qarşısını almaq üçün mübarizə aparır. Bu sahədə yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri kifayət qədər əhəmiyyət kəsb edir və bu sahədə böyük maarifləndirmə işinə təkan verir.

Real bir həqiqətdir ki, Avropa xalqları dövlət qurmağı və döyüşməyi türklərdən öyrəniblər. Türklərin şücaəti, qəhrəmanlarımızın əzmkarlığı əsərdə nümunə kimi ədəbiyyatsevərlərə çatdırılır.Şərəfli tarixi keçmişimizi, qəhrəman, cəsur babalarımızın qəhrəmanlıqlarla dolu həyatından bəhs edən Dədə Qorqud dastanının qəhrəmanlarına Kamal Abdullanın müraciət etməsi onun mənəvi kökümüzə, soy kökümüzə, tarixi qəhrəmanlarımıza olan vətəndaş, ziyalı sevgisindən, azərbaycanlı və azərbaycançılıq, türkçülük mövqeyindən xəbər verir. Bu cəsarətli addım ədəbi mühit və oxucular tərəfindən alqışlanır. Bəlkə elə buna görədir ki, əsər bir neçə xarici dillərə tərcümə edilib və əcnəbi oxuculara təqdim olunub. Bu zərurətdən doğub, yazıçının istəyi əsasında edilməyib. Oxucu istəyinə qarşı zidd çıxmaq özü bir mənəvi çınayətdir. Əgər oxucu bu əsəri oxuyursa, bəhrələnirsə, bu yeni nəfəsə alqış deyirsə, deməli Kamal Abdullanın əsərin yazılmasına sərf etdiyi illər hədər getməyib.

İnsanı düşündürən, duyğulandıran, böyük məntiqə əsaslanan, tarixi əhəmiyyət kəsb edən problemlərin qabardılması, yazıçının cəsarəti, qəhrəmanlara baxışındakı fərqlilik, digərlərini təqlid etməməsi qələminin hərəkət dinamikasında özünəməxsus tərzdə oxuçuya çatdırılır. Hətta illərlə müsbət qəhrəman kimi tanıdığımız obrazların digər mənfi cəhətləri də qabardılır. İllərlə gizli saxlanılan məqamlar aşkarlanaraq yazıçının qələmindən müasir baxışlarla oxucuya çatdirilir.
Bəlli bir həqiqətdir ki, qatı düşmənlərimiz həmişə türk torpaqlarına maraq göstərmiş, onların məskunlaşdığı və yaşadığı torpaqları zəbt etmək üçün əsrlərlə planlar cızmış və bu planları həyata keçirmək üçün yollar axtarmaqla istədiklərinə nail olmağa çalışmışdılar.

Qatı düşmənlərimizə qarşı qəhrəmanlarımızın şücaəti, Dədə Qorqud əzəməti, bu əzəmətdən güc alan digər qəhrəmanların mənfi və müsbət cəhətləri “Yarımçıq əlyazma” əsərində daha dərindən təhlil edilərək hər bir oxucunu bir daha düşünməyə və real nəticə çıxarmaqla tarixi axarı dərk etməyə, yaxşını pisdən ayıraraq özündə yaxşı keyfiyyətləri formalaşdırmağa çağırır. Bu da Kamal Abdullanın bir yazıçı kimi ugurunun nəticəsidir.

Alim Nəbioğlu



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az