Azərbaycan poeziyasında öz dəsti-xətti olan söz sərraflarımızdan biri də Naxçıvan torpağının yetirməsi, kövrək qələm sahibi, mübariz əzmli şairə Rəhilə Elçindir. Həyatdan küsəndə də, özünə qapananda da yeganə təsəllisi misralara köçən şeirləri olur. Həyatda və səhhətində yaşadıqları ağrı-acıları yalnız poetik duyğularının məhsulu olan şeirlərində, poemalarında, qəzəllərində, bayatılarında, rübailərində unudur. Qələmi kəskindir, qəlbi isə kəpənək qədər zərif, kövrəkdir. Azərbaycanını, Naxçıvanını varlığı qədər sevir. 20-dən çox kitabın müəllifidir. Məmməd Arazın həyatından bəhs edən “Öz dünyam, söz dünyam” adlı 6 cildlik şeir kitabının, ulu öndər Heydər Əliyev haqqında “Heydərnamə” romanının, milli qərhəman Mübariz İbrahimovun qərhəmanlığından bəhs edən “Milli qəhrəmanım, Vətən qürurum” əsərinin, ölməz Hüseyn Cavidin həyatından bəhs edən “Cavid ömrünün, şair taleyinin qəm səhifələri” monumental əsərinin müəllifidir.
Rəhilə Elçin qələmində haqq səsi var. Riyakarlıq bu qələmə ziddir. Hadisələri olduğu kimi qərəzsiz qələmə alır. “Heydərnamə” poemasında ulu öndər Heydər Əliyev fenomenini ədəbi dildə bənzərsiz şəkildə oxucuya çatdırıb. Ölməz Cavidin həyatı, milli qəhrəmanımız Mübariz İbrahimovun şücaəti misralara köçərək maarifləndirici bir missiyanı şərəflə yerinə yetirir. Xəstəliklərdən əziyyət çəkən şairənin həyat eşqi güclüdür. Əlindəki əsa ilə barışmasa da, tale yazısı ilə barışır. Təsəllisi övladları, nəvələri, yeznələridir. Doğmaları tərəfdən diqqətlə əhatə olunsa da, umacağı əməyinə verilə biləcək qiymətdən ona düşəcək pay günüdür. İllərlə əməyinə veriləcək qiyməti gözləyir. Umacağı yalnız budur. Bir qədər diqqətdən, qayğıdan uzaq düşsə də, dərdini, qəmini insanlardan gizli saxlamağa çalışır Rəhilə Elçin. Ürək bir parça ətdir. Bəzən ürək dözmür, fəryad qoparır. Rəhilə Elçin kövrək qəlbində böyük bir yük daşıyır. Həmin yükün altında neçə-neçə insanların taleyi yatır. O taleləri misralara köçürmək üçün ömrün vəfası gərəkdir. Təki ömür vəfa etsin, sevimli şairəmiz bütün arzularına çatsın.
“Yaşamaq istəyirəm. Deyiləsi sözlərim çoxdur. Oxunmamış çox nəğmələrim var. Yeganə umacağımsa diqqətdi, qayğıdı. Hərdən həyatdan əlimi üzürəm. Sevinirəm ki, məndən sonra yazdıqlarımı oxuyub deyəcəklər ki, bu dünyada bir Rəhilə Elçin vardı...”
Kövrək notlara köklənməmək üçün Rəhilə xanımdan ayrılıram. O məni ondan ayıran yollara hey baxdı, baxdı... Yenidən onunla görüşəcəyim anı gözləmək ümidi ilə... Sizi çox sevirəm, Rəhilə xanım. Geniş ürəyinizdə tumurcuqlayıb qalan arzularınızın qönçə anını gözləyirəm. Bu gün çoxları özünə şair deyir. Şeirlərini oxuyanda ətin ət tökür. Siz isə insanlara ruh verən əsl şairəsiniz. Bunu unutmayın. Unutmayın ki, sizi sevənlər çoxdur. Yaşa, ruhdan düzmə, poeziyamızın kövrək, mübariz Rəhiləsi. Poeziyamızın mübarizlik elçisi, Rəhilə Elçin.
Alim Nəbioğlu
Vətəninfo.az