Yayda yağışın yağmağı...

Yayda yağışın yağmağı...
Bu gün yağış yağdı. Elə bil yağış görməmişiydim. Küçədə heç vaxt görmədiyim, tanımadığım bir qardaşa "sabahın xeyir, gözəl havadu aaa” dedim. Bu zalım oğlu da elə bil, mənim kimi bağrıyanıqdı, sevincək dedi ki, "sabahın xeyir, qədeş, elədü”...

... Görəsən, niyə belə olur? Görəsən, nəyə görə yayda yağış yağanda adamlar sevinirlər? Mən əlamətlərə inanmıram, vallah, yoxsa deyərdim, bu günün qüdrətindəndi, yəni, müqəddəs Ramazanın əlamətidi. İnanmaq da olar. Ancaq bu yağış bizə yağır, dünyanın hansısa bucağında hansısa oruc tutan susuzluqdan, istidən, aclıqdan ölür axı... Nəysə, qəliz işdi, mənlik deyil...

... Hə, orda qalmışdım, bu gün Bakıya yağış yağdı. Görəsən, bu yağışın yağmağına niyə bu qədər sevindik? Çünki yaydı...

Yayda yağışın yağmağı nə vaxtdan bəri dərdinə əlac gözləyən bir naəlac naxoşun əlacının tapılmağı kimi bir şeydi...

Yayda yağışın yağmağı zülmətdə, həm də cəhənnəm istisində olan birinə günəş, həm də sərinliyin bəxşeyişidi... Deməli, insanları bu dünyadan başqa bir dünyanın da olduğuna inandırmaqdı yayda yağışın yağmağı...

... Yayda yağışın yağmağı gözəldi - tozdan, torpaqdan, qaramatdan, pis şeylərdən, axmaq fikirlərdən qurtulmaqdı, içinin, çölünün, vicdanının təmizlənməyidi...

Və yayda yağışın yağmağı... Və yayda yağışın yağmağı mənim tanımadığım bir nəfərə "sabahın xeyir, gözəl havadu aaa”” deməyimdi...

Hamınızı sevirəm, adamlar! Çünki bu gün yağış yağır... Yay yağışı...

Kaş, bu yağış həmişə yağaydı...

 

 ATV.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az