"Yerevan öz yalanlarını ifşa edir"
"Ermənistan
ərazisində və işğal olunmuş ərazilərdə azərbaycanlı əsir və girovların
olmadığı barəsində absurd fikirlə çıxış edən rəsmi Yerevan əslində öz
yalanlarını ifşa edir”.
Vətəninfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xarici İşlər
Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev Ermənistanın Müdafiə
Nazirliyinin rəhbərliyi və digər dövlət qurumlarının əməkdaşlarının
iştirakı ilə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin işi üzrə
keçirilən tədbirdə səslənən fikirlərlə bağlı deyib. Onun sözlərinə görə,
2014-cü ilin sonunda prezidentlərin Paris görüşündə əsir və itkin
düşmüş və girov götürülmüş şəxslərin işi üzrə münaqişə tərəfləri olan
Ermənistan və Azərbaycan arasında Beynəlxalq Qızıl Xaç Komitəsi
vasitəsilə məlumat mübadiləsi və əməkdaşlıq təklif olunub: "Ermənistanın
təcavüz və işğalı nəticəsində 4000-dən artıq vətəndaşı itkin düşmüş
hesab olunan Azərbaycan tərəfi humanist məram daşıyan bu təklifə
hazırlığını ifadə edib. Şahidlərin ifadələri və əməliyyat-istintaq
materialları əsasında Ermənistan tərəfindən əsir və girov götürülmüş
azərbaycanlılar, o cümlədən mülki şəxslərin ən qəddar işgəncələrə məruz
qoyulduqları, kütləvi şəkildə öldürüldükləri və kütləvi məzarlıqlarda
basdırıldıqları faktları sənədləşdirilib. Ermənistan ərazisində və işğal
olunmuş ərazilərdə azərbaycanlı əsir və girovların olmadığı barəsində
absurd fikirlə çıxış edən rəsmi Yerevan əslində öz yalanlarını ifşa
edir. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov kimi
qanunsuz saxlanmaları buna əyani sübutdur”.
Hikmət Hacıyev qeyd edib ki, "institusional
yaddaş zəifliyi”ndən əziyyət çəkən Ermənistan tərəfinə 90-cı illərin
sonu və 2000-ci illərin əvvəlində Ermənistanın özü tərəfindən də əsir və
girovluqda olduğu təsdiq olunmuş və sonradan barələrində heç bir
məlumat verilməmiş şəxsləri xatırlatmaq kifayətdir: "Hesab edirik ki,
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təzyiqi və Beynəlxalq Qızıl Xaç
Komitəsinin təsiri nəticəsində girov götürülmüş soydaşlarımız Dilqəm
Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməli və Ermənistan ərazisində
və işğal edilmiş ərazilərdə olan kütləvi məzarlıqlar açılmalı və insan
qalıqları əsasında DNT məlumat bazası yaradılmalıdır. Nəticədə, DNT
analiz vasitəsilə itkin düşmüş şəxslərin taleləri müəyyənləşdirilə və 20
ildən artıq öz yaxınları haqqında xəbər gözləyən ailələrə məlumat
verilə bilərdi. Ermənistan tərəfinin yürütdüyü qeyri-insani siyasətinin
nəticəsidir ki, hər biri fərdi əsasda tədqiq edilməli olan bu faktlar
araşdırıla bilinmir və öz beynəlxalq hüquqi məsuliyyətini dərk edən
Ermənistan müxtəlif bəhanələrlə prosesə maneə olmağa çalışır”.
Bu əməllərə görə Ermənistanın hüquqi
məsuliyyətinə aydınlıq gətirən H.Hacıyev bildirib ki, Ermənistanın
hüquqi məsuliyyəti dedikdə burada bu cinayət əməllərini həyata keçirmiş
və ya bu barədə əmrlər vermiş Ermənistanın hərbi və mülki vəzifəli
şəxslərinin və dövlət olaraq, Ermənistanın məsuliyyəti vardır: "İkrah
doğuran hal odur ki, hələ də bu şəxslər Ermənistanın siyasi, hərbi
idarəçiliyində və hüquq-mühafizə orqanlarında yüksək vəzifələr tuturlar.
Bu əməlləri törətməklə, Ermənistan tərəfindən bir dövlət olaraq,
Cenevrə konvensiyaları, mülki və siyasi hüquqlar haqqında beynəlxalq
pakt, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt,
soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında
konvensiya, bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə
konvensiya, işgəncələr əleyhinə konvensiya və silahlı münaqişələr zamanı
mədəni mülkiyyətin qorunması haqqında konvensiya və digər beynəlxalq
sənədlər üzrə öz üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulub.
Beynəlxalq hüquqi mexanizmlərdən istifadə edərək, Azərbaycan tərəfi bu
əməlləri törətmiş Ermənistanın hərbi və mülki vəzifəli şəxsləri və
Ermənistanın dövlətinin məsuliyyətinin müəyyən olunması istiqamətində
fəaliyyətini davam etdirir”.