Zakir Həsənovdan mətbuata ÇAĞIRIŞ: “50 min əsgərin ANASI...”-VİDEO

Zakir Həsənovdan mətbuata ÇAĞIRIŞ: “50 min əsgərin ANASI...”-VİDEO

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovdan jurnalistlərə çağırış: Xahiş edirəm, bu məsələdə diqqətli olun 

Son vaxtlar bəzi xəbər portal və saytlarında müxtəlif ölkələrin ordusunda baş vermiş hadisələrlə bağlı verilən məlumatların cansıxıcı və təhrif edilmiş sərlövhələri Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən birmənalı qarşılanmayıb. 

Əlbəttə ki, hər hansı bir mövzunun mahiyyətini kontekstdən çıxarıb cəmiyyətə təqdim etmək jurnalistikanın qanunlarına daban-dabana ziddir. Əgər sərlövhə təqdim olunan materialın mahiyyətindən doğmursa, təbii ki, fikir çaşqınlığının olması da qaçılmazdır. Hər bir sahənin mütəxəssisi, bilicisi peşəsinin davranış qaydalarına məsul şəxs kimi cavabdehdir. Əksər hallarda bir çox Kütləvi İnformasiya Vasitələri (KİV) reytinq xatirənə yazıların sərlövhəsi  təhrif edərək özlərini gündəmdə saxlamaq istəyirlər.  

Yazıya baş vurub söhbətin hansı ölkədən, məmurdan, merdən, nazirdən, deputatdan, təşkilatdan, ən əsası, hansı ölkənin ordusundan və əsgərindən, zabitindən  getdiyini anladıqda sərlövhənin radikal və qeyri-peşəkar təfəkkürün məhsulu olduğu məlum olur. Xəbərin sərlövhəsi, informasiyanın yarısı deməkdir. Sərlövhələr yazını ehtiva etməklə yanaşı, oxucunun hissləri ilə oynamamağa və insanları panikaya sürükləməməyə xidmət etməlidir. Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov bir müddət bundan qabaq cəbhəyanı ərazilərdə təlimlərdə iştirakı zamanı jurnalistlər qarşısında çıxış etdi, qeyd edilən mövzu ilə bağlı iradlarını bildirdi. Əlbəttə, bütün KİV təmsilçiləri birmənalı şəkildə bilməlidirlər ki, nazirin iradı haqlı irad idi.  Nazirin bu mövzudakı iradının mahiyyətində mətbuatda qeyri-peşəkar sərlövhələrin  insanlarda qorxu yaratması,  təxribata çəkmə, vahimə yaradacaq hərəkətlərin sezilməsi, ən əsası, informasiya müharibəsinin getdiyi bir dövrdə düşmən tərəfin maraqlarını təmin etmək məqsədlərinin qarşısının alınması dayanır: Növbəti dəfə jurnalistlərin suallarını cavablandıran Müdafiə Naziri bu mövzuya bir də toxundu: 

"Bu gün bizim ordunun mənəvi-psixoloji durumu ön xəttə keçir. Düşmən həmişə çalışr ki, müxtəlif yollarla ordumuzda inamsızlıq yaratsınlar. Bəzi mətbuat nümayəndələri bilərəkdən deyil, bilməyərəkdən düşmən dəyirmanına su tökürlər. Yazırsınız, 12 əsgər şəhid oldu, axı, 50 min əsgərin anası bunu oxuyur. Bu sərlövhəni oxuyana kimi, onu açana kimi, ananın ürəyi beş dəfə qalxıb, düşür. Bunu fikirləşmək lazımdır. Ya da yazırlar, 62 nəfər əsgər zəhərləndi. Bunu yazanda heç olmasa yazın ki, filan dövlətdə filan hadisə baş verib. Siz öz uşaqlarınızı məktəbə göndərəndə bir neçə dəfə maraqlanırsınız ki, getdi çatdı, çatmadı, salamatdı, salamat deyil. Bəs əsgərin valideynini də başa düşmək lazımdır, axı. Xahiş edirəm, bu məsələdə diqqətli olun”, - deyə nazir Zakir Həsənov qeyd edib. 
Nazir əlavə edib ki, ordumuzla bağlı xəbərlərin verilməsində maksimum diqqətli olmaq, bizim hər şeydən öncətəhlükəsizliyimizə dəstəkdir.

Ərşad Əhədzadə
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az