20 Yanvar əlili özünü yandırmağa hazırlaşır

20 Yanvar əlili özünü yandırmağa hazırlaşır

Yalçın Dəmirovun şikayətlərinə baxan yoxdur

Hacıqabul sakini, II qrup 20 Yanvar əlili Yalçın Dəmirov İslaminsesi.org-a müraciət edərək bir qrup şəxslər tərəfindən basqına məruz qaldığını və döyüldüyünü bildirib.

Redaksiyamıza zəng edərək titrək səslə başına gətirilən müsibətləri danışan 20 yanvar əlilini həyacansız dinləmək olmur.

Deyir ki, qanunları təmin etməli, vətəndaşların haqlarını qorumalı olan Hacıqabul polisi ona kömək etmək əvəzinə, puluna arxalanıb rayonda at oynadanların mənafeyini qoruyur.

Yalçın Dəmirovun dediklərinə görə, ötən il sentyabrın 4-də Ruslan Babayev ətrafındakı adamlarla birlikdə onun evinə hücum edib və gətirdiyi texnika ilə evini dağıdıb:

- 14 yaşımda sağlamlığımı azadlıq uğrunda ona görə qurban verməmişəm ki, gömrükdə çalışan Güloğlan Babayevin qohumu Ruslan Babayev azğıncasına evimi dağıtsın, mənə xəsarət yetirsin? Ailəmi evdən didərgin salıb özü azadlıqda gəzsin? Polis Natiq Ağayev başımı 5 min dollara kəsdirəcəyi və dəlixanaya saldıracağı ilə bağlı mənə hədə-qorxu gəlsin? Mən istəmirəm quldur və narkomanlar cəzasız qalsın! Mən ədalət istəyirəm, dəfələrlə ölkə başçısına və daxili işlər nazirinə şikayət məktubları göndərmişəm. Mən bilirəm ki, yazdığım ərizələr ünvanına çatmır. Bu insanların bizim ailə ilə çoxdan ədavəti var, Hacıqabul polisi bunların qarşısını ala bilmir. Hazırda bir qrup   rayonda qanunsuz əməllər törədərək, asayişi kobud şəkildə pozur.

Başıma gətirilən bu oyunlar barədə dərhal Hacıqabul rayon polis şöbəsinə məlumat verdim. Lakin onlar mənim özümü günahkar çıxararaq həbs etdilər. Rayonda yüksək vəzifədə olan qohumlarına güvənən bir qrup adam istədiyini edir və insanlara zülm verirlər. Küçədə avtomobilləri sürətlə sürür, qoca, qadın və uşaqlar üçün təhlükə yaratdıqlarını veclərinə almırlar. Rayonun hüquq-mühafizə orqanları isə bütün bunlara göz yumur, quldurları açıq-aşkar himayə edirlər.

Məni dəfələrlə döyüb bədən xəsarətləri yetiriblər. Bakıda bir ay bu xəsarətlərdən müalicə olunmuşam. 3 min manata yaxın xərcim çıxıb və bu pulu borc götürmüşəm. Onlar mənim maddi zərərlərimi belə ödəməkdən imtina edirlər. Evimə quldur basqını zamanı da mənə 500 manat dəyərində maddi ziyan dəyib.

Xidmət rəhbəri Orxan Mahmudzadə isə iddia edir ki, mənə qarşı bu quldurluq hadisəsi baş verməyib və mən bütün bunları özümdən uydurmuşam. Halbuki video-kadrlarda baş verənlərin hamısı əks olunub. Bu vaxta qədər hara müraciət etmişəmsə şikayətimə baxan tapılmayıb. Son ümid yeri olaraq Daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi göndərmişəm. Əgər bir ay müddətinə cavab gəlməsə və mənim şikayətim təmin olunmasa DİN-in binası önündə özümü yandıracam .



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az