ASALA Paşa Məmmədovun başına 20 min pul qoyub
Ötən gün Ukrayna Qafqaz Xalqları Konqresinin İdarə Heyətinin sədri, azərbaycanlı biznesmen Paşa (İlisuyski) Məmmədov Qarabağda yerləşən erməni əsgərlərə səslənib. O, hər təslim olan əsgərə 10 min, zabitə isə 15 min dollar pul mükafatı verəcəyini bildirib.
Axar.az ermənilərin bir neçə dəfə hücum etdiyi biznesmen Paşa Məmmədovun tərcümeyi-halını təqdim edir:
Paşa Məmmədov 1977-ci ildə Moskvada tanınmış həkim Xəyyam Məmmədovun ailəsində anadan olub. O, Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib və magistr təhsili alıb.
2003-2009-cu illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 2009-2010-cu illərdə Azərbaycanın Dubayda vitse-konsulu vəzifəsində işləyib.
Paşa Məmmədov Yaxın Şərq korporasiyalarının Şərqi Avropa üzrə konsultantıdır və iri biznes layihələrinin sahibidir.
2014-cü ildə Ukrayna Qafqaz Xalqları Konqresinin rəhbəri seçilib. Bundan sonra ermənilər ona qarşı bir sıra kampaniyalar aparıblar.
"Təbii ki, onlar bu barədə eşidən kimi təşvişə düşdülər və mənə qarşı ermənipərəst KİV-də qara yaxmağa, hədə-qorxu gəlməyə, zənglər etməyə, izləməyə başladılar. Onların vaxtilə Dubayda etdikləri kimi, sui-qəsd etmək üçün məni izlədikləri, bunun üçün məqam axtardıqları yalnız mənə yox, Ukraynada bir çox nüfuzlu insanlara məlumdur. Lakin hər virusa qarşı bir antivirus var və bu danışıqlar həm mənim diplomatiya təcrübəm, həm də Ukraynada olan əlaqələrim nəticəsində nəinki xeyrimə bitdi, hətta onların zərərinə işlədi”, - Məmmədov mediaya müsahibəsində deyib.
Paşa Məmmədova fərqli zamanlarda üç dəfə erməni lobbisi tərəfindən hücum edilib, bir dəfə də sui-qəsd cəhdinə məruz qalıb.
Erməni terror təşkilatı ASALA Paşa Məmmədovun başına 20 min dollar pul mükafatı qoyub.
Miq.az