“Avropa Parlamentinin şərə xidmət edən bu qətnaməsi...”
Vətəninfo.az xəbər verir ki, iqtisadçı millət vəkili Vahid Əhmədov
Moderator.az-a açıqlamasında Avropa Parlamentinin antiAzərbaycan qətnaməsinə etirazını bildirib:
"Əslində
belə bir qətnaməni mən gözləyirdim. Çünki etiraf edim ki, son illər
Avropada, ümumiyyətlə Qərb dünyasında normal məntiqlə izah olunmayan
proseslər yaşanır. Bir tərəfdən insan haqlarını, söz və mətbuat
azadlığını əllərində bayraq edərək Azərbaycan kimi ölkələrə təzyiq
edirlər, digər tərəfdən özləri heyrət doğuracaq dərəcədə qərəzli və
fitnəkar siyasət yürüdürlər, yarım əsr ərzində söykəndikləri Avropa
dəyərlərinə sarsıdıcı zərbə vururlar. Deməyim odur ki, artıq Avropanın
son illərdəki yaramaz və təxribatçı davranışları qoca qitədə yaşayan hər
kəsi narahat və pərt edir, bu məkana inteqrasiya istəklərində olan
dövlətlərin və xalqların inamı sarsılır.
Azərbaycan
müstəqliyini əldə etdiyi ilk illərdən Avropa ailəsinin bərabərhüquqlu
üzvü olmaq istiqamətində səmimi siyasət yürüdüb, Rusiya faktorunu nəzərə
alaraq balanslı siyasət yürütməsinə baxmayaraq birmənalı olaraq Qərbə
inteqrasiyada maraqlı olduğunu təkcə bəyanatlarında deyil, əməli
fəaliyyətində ortaya qoyub. Azərbaycanın memarı olduğu transmilli enerji
və nəqliyyat layihələrini xatırlamaq yetər ki, bizim Avropa məkanı üçün
necə əvəzolunmaz bir ölkə, bir strateji müttəfiq olduğumuz bəlli olsun.
Amma görünür, Azərbaycanın bu qədər səmimi tərəfdaşlıq təşəbbüsləri
onlara azlıq edir və buna görə də ikibaşlı siyasət yürüdənlər, bulanıq
suda balıq tutmaq həvəsinə düşən ermənipərəst dairələr hər addımda
Azərbaycanı gözdən salmaq siyasəti yürütməyə cəhd edirlər. Amma hər
şərdə bir xeyir olduğu kimi, Avropa Parlamentinin Azərbaycandakı
parlament seçkiləri öncəsi şərə xidmət edən bu qətnaməsi bizi dostumuzla
düşmənimizi bir daha saf - çürük etməyə vadar edir. Azərbaycan erməni
işğalına məruz qalsa da hələ də Avropadan, Qərbdən real dəstək əldə edə
bilməyib və bu o deməkdir ki, əslində həmin dairələr də erməni
dəyirmanına su tökürlər. Biz bu cür qətnamələrdən usanmamalıyıq, əksinə,
daha da güclənməliyik ki, onlar etdiklərinə peşman olsunlar."