AYO-nun dəfnindən reportaj

AYO-nun dəfnindən reportaj
Aydın Canıyev

"Hamı getdi fikirləşsin. Bu meydanda qaldı bircə Kefli İskəndər. Bu meydan pəhləvan meydanıdı, hünər istər ki, İskəndər kimi bir igid gəlsin dursun bu meydanda və desin..."

Həə, allah Mirzə Cəlilə rəhmət eləsin, meydan həmin meydandı, deməyə də o qədər söz var ki! Amma və lakin...

Son günlər Murad Köhnəqalanın AYB-yə üzv olmasıyla bağlı qalmaqalda hərə bir ittiham irəli sürür, dostlar açıb sandığı, töküb pambığı. Bir-birinə səslənən ittihamlar o qədər tərs mütənasibdir ki, mənim kimi "Tarixi-Nadir"i yarısına qədər oxumuş, hadisələri yaxından izləmiş biri üçün belə vəziyyət qaranlıqdı, bə yazıq xalq neyləsin?
Lap əvvəla ondan başlayaq ki, ay əzizi-qələmlər, cahanşümul münsiflər, satılmaqdısa, ən sonda "satılan" Murad Köhnəqaladır. Heç AYB-yə daxil olub prezident təqaüdü alıban sonra da dissident kimi oranı tərk edən AYO-çumu görmədiniz?  Hardaydınız cəbhəsini, əqidəsini, qələmini, zövqünü ucuz bordellərin əbədi sakini qədər ucuz qiymətə dəyişib ölkəni talayan oliqarxın saytına - "ədəbiyyatın yanına" köçən, ədəbiyyat çəmənliyində gül dərən oğlan Anar Rzayevdən müsahibə götürəndə?

Hardaydınız xəstəykən anasından, bacısından artıq yorğanının yanında, başının üstündə durub ağzına qaşıqla dərman, mədəsinə bişirdiyi zəhrimarları tökən xanıma "erməni dəyirmanına su tökən fahişə" deyən "yeni səy" ayoçu satqınlığa özünəməxsus naxış vuranda?

Hardaydınız, Rüstəmi-Zal kimi ədəbi ierarxiyaya "ödül başqanı" kimi soxulub məmur tulapayılarından fond düzəldən "oğuz elinin xan oğulları"?
 
Rasim Qaraca AYO-nun patriarxına çevriləndə gələnlərin hamısı getdi - növbəliklə sədrliklərini elədilər... və getdilər. Gəlməmişdən gedən Həmid Herisçi isə dövlətə yaxın və dövlət imicli kanallardaydı - demirəm hardaydınız... 
 
Meydanda tək qalan Murad harasa da getməliydi - yazıçı və şair olduğundan AYB-yə getdi. Adam azad deyilmi? Ədəbi Azadlığı sizə dadızdıran adam qələt edib sizinlə bir loxma mərcimək supu yedisə, kəbinlinizə çevrildimi?
Və... hamı başladı danışmağa!!!
"Dedim-dedi" janrı pik nöqtədə!
Rasim  Muradı təslim olmaqda günahlandırır, Murad  AYO-dan uzaqlaşmasının səbəbini Rasim olduğunu vurğulayır.
Həmid ümumiyyətlə, nə dediyini, bilmir.
Salam Sarvan statusunda  konkret faktlarla çıxış edib "sübut edir" ki, AYO heç nə imiş!
Rasim də öz statusunda bunları "zərərdidə şairlərin hürməsi" adlandırır.
Bəyəm bu, cavabdımı?!
Mən Muradı çox istəyirəm, müdafiə etmişəm, həmişə də edəcəm.
Rasim də dostumdu, Salam da, Həmid də.
Və  elə dostcasına da soruşuram, qardaşlar, hansınız haqlısınız? Əsl həqiqəti kim, harasında gizlədib? Məsələ facebookda bir-iki günlük gündəm olacaq qədər sadə məsələydimi? AYO-nun dağılmasına səbəb maddiyyat, ortaq bölünə bilməyən yeyintidisə, başımıza haranın külünü tökək, AYB-nin atasına rəhmətmi oxuyaq?!
İddianız, idiminiz buydumu? Mübarizəniz pula sahiblik üstündəydi, yoxsa sözə hakimlik?
Gör vəziyyət nə yerdədi ki, "Yeni Müsavat"ın gündəm üzrə müxbiri  Sevinc Telmanqızı "siz savaşa, mən tamaşa" ədasıyla hər iki tərəfi divara dirəyib.
AYO-nun, Rasim Qaraca demiş, "ədəbiyyat generalları" adi bir müxbirin boyundan böyük ittihamları qarşısında girinc qalıbsa, onda kül Azərbaycan ədəbiyyatının demirəm, heç jurnalistikasının da demirəm, bizim başımıza.

Ən "bərkgedən" ədəbiyyat saytı olan "kulis"-in redaktoru Qan Turalı da guya balansı qorumaq məqsədilə hər iki tərəfin münasibətini "yaxşı müsahibədi" adıyla facebook səhifəsində paylaşır. Əslində isə ona görə ki, heç bir münasibət bildirə bilməz, AYO-nun da, AYB-nin də yanında gözükölgəlidi.
AYO-nun kulisində baş verənləri ortalığa tökdünüz, bəs indi bizlər - tamaşaçılar neyləyək, ömrümüzün sizli illərini kimdən geri istəyək?
Nəysə, əzizlərim, görürsünüzmü, Murad Köhnəqalanın AYB-yə üzv olması bütün bunların fonunda cuppulu bir hadisədi. "Kimin günahı yoxsa, daşı birinci o atsın" prinsipi pozulduğundan, belə bir mənzərə yaranıb. AYO-nun sabun köpüyü kimi gözümüzün önündə necə məhv olduğunu görürük. Dəfn mərasimindəki çıxışlar isə Rafiq Tağının ruhunu belə narahat elədi.
O ki qaldı mənə, "mənim adım Kefli İskəndərdi, sizin kimi xalqın mənim kimi də qəhrəmanı olar".
P.S. Unutmayın, statusları da silmək olar, yazıları da, hələ hər şeyi unudub təzədən bir süfrə arxasında oturmaq da olar. Tarixin yaddaşından isə heç nə silinmir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az