“Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsi həyata keçirilir

 “Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsi həyata keçirilir
Azərbaycan Milli İnkişaf Layihəsi İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasına maliyyə yardımı ilə "Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsini həyata keçirir. 01 avqust 01 noyabr 2016-cı il tarixlərində həyata kecirilən layihə məişət zorakılığının bütün formalarına qarşı mübarizəni özündə ehtiva edir. İcra dövründə problemə daha çox məişət zorakılığı ilə bağlı cinayət əməllərinin Azərbaycan xalqının milli mənəviyyatına, əxlaqına yad olduğu göstərilməsi proritet vəzifə kimi götürülüb. Layihənin məqsədi məişət zorakılığının bütün formalarının aradan qaldırılması istiqamətində tədbirlərin təşkili, o cümlədən ölkəmizin tərəfdar çıxdığı ana və uşaq haqqında beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrasının öyrənilməsi və müxtəlif video-roliklər vasitəsi ilə cəmiyyətə çatdırılmasıdır. 

Bu çərçivədə ictimai birlik tərəfindən məişət zorakılığı qurbanlarının statistikası öyrənilərək sənədli film hazırlanıb və mətbuatla iş üçün məqalələr və yazılar dərc edilib. Təşkilat tərəfindən hazırlanmış yarım saatlıq sənədli film  insanlara bu problemlərin qarşısını almaqda kömək olacaqdır. Həmçinin  bu problemdən əziyyət çəkən insanları maarifləndirmək, QHT olaraq müvafiq icra hakimiyyəti orqanlarının təşəbbüslərini dəstəkləmək əsas hədəflərdən biridir. 
İmişli, Şabran rayonlarinda və Bakı şəhərində təqdimatı nəzərdə tutulan  filmin ilk tamaşaçısı İmişli rayon ictimaiyyətinin nümayəndələri olub. 12 oktyabr tarixində İmişli rayonunda baş tutan görüşdə çıxış edən "Azərbaycan Milli İnkişaf Layihəsi” ictimai birliyinin idarə heyətinin sədr müavini Lütfi  Şahverdiyev görüşün məqsədi  və vəzifələri haqqında danışaraq bildirdi ki, məişət zorakılığının müxtəlif növlərinə qarşı aparılan mübarizəyə dəstək vermək, ölkə qanunvericiliyi, həmçinin suveren respublikamızın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların önə sürdüyü öhdəliklərin icrasını öyrənmək və cəmiyyətdə lazımi təşviqat işini aparılması günümüzün vacib məsələlərindən biridir. 

Tədbirin  yerli icra hakimiyyəti orqanlarının  qadın haqlarına dair, qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılması, ailədaxili şiddətin aradan qaldırılması və başqa təşəbbüslərini dəstəkləmək yolunda atdığı çox önəmli addım olduğunu vurğulayan Lütfi Şahverdiyev fiziki və mənəvi zorakılığa məruz qalan qadınlar və uşaqların layihənin əsas diqqət mərkəzində olduğunu və  onlara hüquqları haqda məlumatlar vermək, ailə problemlərindən çıxış üçün müxtəlif yollar göstərək, cəmiyyətdəki ümumi vəziyyəti təhlil etmək hədəflənən məsələlər sırasında olduğunu qeyd etdi. Daha sonra çıxış edən Layihə üzrə koordinator  Həsən  İsgəndər çıxış edərək bildirdi ki, məişət zorakılığının bir çox formaları və səbəbləri müəyyən olunmuşdur. Qız övladların təhsildən yayındırılması, ailədə onlara qeyri-rasional münasibət, erkən nikaha cəlb olunma, psixoloji təzyiqlər, fiziki zorakılığın müxtəlif formaları, cinsi istismar və bu kimi digər amillər hər biri xüsusi araşdırma və mübarizə tədbirlərinin həyata keçirilməsini tələb edir. 

Layihə koordinatoru daha sonra qızların təhsildən yayındırılmasının  ən önəmli problemlərdən olduğunu bildiririək  qeyd etdi ki,  əksəriyyəti bölgələrdə olmaqla, bir çox valideynlər qız övladlarını ibtidai təhsildən və ya natamam orta təhsil müddətindən sonra məktəbə göndərməkdən imtina edirlər. Bəzi hallarda onların məktəblərdə sadəcə adları getsə də özləri gündəlik məşğələlərdə iştirak etmirlər. Bu tip hallara əsasən respublikamızın şimal və cənub bölgələrində rast gəlinir. Təhsildən yayındırma eyni zamanda erkən nikah problemini də meydana çıxarır. Sadalanları nəzərə alaraq Həsən İsgəndər əminliklə bildirdi ki, məhz bu istiqamətdə fəaliyyətin cəmiyyətimizdə öz bəhrəsni verəcək. 

Tədbir çərçivəsində ictimaiyyət nümayəndələri ilə fikir mübadiləsi aparıldı və sonda sənədli filmin təqdimatı keçirildi.






















Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az